Modern.az

Sabiq Baş nazirdən Kəlbəcərin işğalı ilə bağlı Modern.az-a şok açıqlama

Sabiq Baş nazirdən Kəlbəcərin işğalı ilə bağlı Modern.az-a şok açıqlama

31 Mart 2012, 19:14

Türkiyə-Ermənistan sərhədlərinin bağlanması necə baş verib...

1993-cü ilin aprelində Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından sonra Türkliyə Ermənistanla sərhədlərini bağlayıb. Bu prosesin necə baş verdiyi istər-istəməz xeyli maraq doğurur.

Çünki Kəlbəcərdən öncə Ermənistan Xocalıda xalqımıza qarşı soyqırımı törətmişdi. Ardınca isə Laçın və Şuşanı işğal etmişdi.

Odur ki, məhz Kəlbəcərin işğalından sonra Türkiyənin belə bir addım atmasının səbəblərini öyrənmək istədik. Suallarımızı həmin dövrdə dövlət katibi və Baş nazir olmuş Pənah Hüseynə ünvanladıq.

- Pənah bəy, maraqlıdır, niyə Şuşa və ya Laçının deyil, məhz Kəlbəcərin işğalı Türkiyəni təcavüzkar Ermənistanla sərhədləri bağlamağa vadar etdi? 

- Ümumiyyətlə, Türkiyənin Azərbaycan müstəqillik qazandığı dövrdə və ondan sonra bir nömrəli strateji müttəfiq, qardaş ölkə kimi çıxış etməsi faktdır. Eyni zamanda, Azərbaycanın təcavüzə qarşı mübarizəsində Türkiyənin istər diplomatik, istər digər sahələrdə yardım göstərməsi də faktdır. Konkret olaraq Kəlbəcərin işğalına gəldikdə isə xatırlatmaq istərdim ki, həmin dövrdə yalnız Kəlbəcər işğala məruz qalmamaışdı, Füzuli və Ağdam istiqamətində də qanlı döyüşlər gedirdi. Ancaq prinsipcə Kəlbəcərin işğalından və Murov aşırımı ermənilərin əlinə keçdikdən sonra Gəncə üçün də ciddi təhlükə yaranmışdı. Faktiki olaraq həmin istiqamətdə ermənilərin hücumu davam etsəydi, bütövlükdə Azərbaycanın qərb zonası ölkənin əsas hissəsiylə ayrı düşürdü. Bu isə regionda təhlükəsizliklə bağlı ciddi dəyişikliklərə səbəb ola bilərdi. Bu baxımdan Kəlbəcərin işğalıyla bağlı olan ciddi reaksiyalar və Türkiyənin hərəkətə keçməsi bununla bağlı idi. Açığı bu məsələlərdə Türkiyə çox böyük münasibət bildirməsəydi və təcavüzə etiraz olaraq bir sıra konkret addımlar atmasaydı, regionun xəritəsinin dəyişilməsi istiqamətində hansı hadisələrin baş verəcəyi məlum deyildi. Nəzərə almaq lazımdır ki, bu işğalda Ermənistan bir alət kimi istifadə edilirdi. Onun arxasında daha məkrli qüvvə və niyyətlər dayanırdı. Bu istiqamətdə mən Türkiyənin atdığı iki addıma diqqəti cəlb etmək istəyirəm. Onlardan biri bu yaxınlarda mətbuatda da getdi. Türkiyənin mərhum prezidenti Turqut Özalın bir sözü var idi ki, Türkiyə Ermənistan sırhədləri yaxınlığında hərbi təlim keçəcəyi təqdirdə səhvən bir neçə mərmi bu ölkənin ərazisinə düşsə bunun axırı necə ola bilər? Bu açıqlama sadəcə bir söz deyildi və bəlli ünvanlara deyilmiş bir etiraz mesajı idi. İkincisi də belə bir təlimlər həqiqətən də həmin dövrdə başlanıldı. Mən 1993-cü ilin 5- 6 aprelində Moskvada omuşanm və Rusiya rəhbərliyi ilə çox gərgin danışıqlar aparmışam.

- Kəlbəcərin işğalı əsas müzakirə predmeti idi, yoxsa...?

- Yəni Kəlbəcərin işğalından sonra yaranmış hərbi- siyasi vəziyyətlə əlaqədar ciddi müzakirələrimiz olub. Moskvada prezident Boris Yeltsin istisna olmaqla Rusiyanın bütün hərbi-siyasi rəhbərliyiylə danışıqlar apardıq. Baş nazir Çernomırdin, parlamentin sədri Xasbulatov, müdafiə naziri Qraçov, baş qərərgah rəisi Kolesnikov, xarici işlər naziri Kozırevlə görüşdük. Oradan Tehrana uçduq və ayın 7- də Tehranda danışıqlar apardıq. Orada da ölkə prezidenti Rəfsəncani və İranın bütün hərbi-siyasi rəhbərliyiylə yaranmış vəziyyəti müzakirə etdik. Yekun olaraq ayın 8- də Ankarada çox ciddi görüşlərimiz oldu. Türkiyə rəhbərliyi ilə Moskva və Tehran görüşlərinin nəticələrini müzakirə etdik. Baş nazir Süleyman Dəmirəl, Baş Qərargah rəisi, xarici işlər və müdafiə nazirləri və ölkənin hərbi- siyasi rəhbərliyinə daxil olan digər şəxslərlə ətraflı söhbətlər aparıldı. Onu da deyim ki, mən bütün bu görüşlərdə Azərbaycan prezidenti tərəfindən çox yüksək mandatla iştirak edirdim. Aprelin 8-də mən Baş Qəraragahın operativ rəhbərliyinin iclasında iştirak etdim. Yeri gəlmişkən, mənə bildirildi ki, Türkiyə tarixində bu qurumun operativ iclasında iştirak edən ilk xarici vətəndaşam. Həmin iclasda Naxçıvandakı iki diviziyanın və digər ordu birləşmələrinin iştirakıyla Ermənistanla sərhəddə hərbi təlimlərə başlanılması haqqında qərar qəbul olundu. Dərhal da təlimlər başlanıldı və çox ciddi rezonansa səbəb oldu.

- Bu təlimlər konkret olaraq Kəlbəcərin işğalına etiraz əlaməti idi?

- Ümumiyyətlə, bu təlimlər  yaranmış situasiya və eyni zamanda Kəlbəcərin işğalından sonra Gəncəyə yaranmış təhlükə və digər başqa taleyüklü məsələlərlə bağlı idi. Bu baxımdan deyə bilərəm ki, Türkiyə Azərbaycanı yalnız 1918- ci ildə xilas etməyib, həm də 1993- cü ildə məhv olmaqdan qurtarıb. Ankaradakı təmaslardan sonra çox ciddi diplomatik səylər göstərildi və BMT Təhlükəsizlik Şurasında Kəlbəcərin işğalıyla bağlı qəbul olunmuş 822 saylı qətnamədə bizim diplomatiyamızla yanaşı qardaş Türkiyənin də həlledici rolu oldu. Türkiyənin diplomatik və hərbi addımlarının nəticəsində erməni-rus birləşmələrinin istər Gəncə, istərsə də Füzuli istiqamətindəki hücumları dayandırıldı. Biz burada Azərbaycan ordusunun göstərdiyi rəşadəti və oğullarımızın tökdükləri qanı da unutmamalıyıq. Bilirsiniz, biz bəzən həmin dövrdəki məğlubiyyətləri qeyd edərkən Azərbaycan əsgərinin çox qeyri-bərabər şəraitdə güclü qüvvəyə malik düşmənə layiqli müqavimət göstərməsini unuduruq. Xatırlatmaq yerinə düşər ki, həmin dövrlərdə rus qoşunları heç nədən çəkinmədən birbaşa hərbi əməliyyatlarda iştirak edirdi. Yeri gəlmişkən, bu məsələni mən Moskvadakı görüşlərdə də açıqca qoydum və Rusiya rəhbərliyi heç bunu gizlətmədi də. Hətta müdafiə naziri Qraçovla görüşdən sonra baş nazir Çernomırdinlə danışıqlar aparanda da bu məsələni çox ciddi bir şəkildə ortaya qoyduq. Bildirdim ki, mən özüm Kəlbəcərdə olmuşam və əlimizdə təmiz rus ləhcəsiylə danışıqları əks etdirən faktlar var. Çernomırdin Qraçova zəng vurdu və onda artıq Qraçov təyyarədə idi, Kiyevə uçurdu. Çernomırdin telefonu açıq qoymuşdu və hamımız Qraçovun dediklərini eşidirdik. Qraçova dedi ki, mənim yanımda Azərbaycanın dövlət katibi Pənah Hüseynov və baş nazirin müavini Abbas Abbasov da iştirak edir. Onlar belə bir məsələ qoyublar. Qraçov həyasızcasına “bizimkilər olsa- olsa orda 20 faiz iştirak ediblər” dedi.
Deməyim odur ki, Rusiya rəhbərliyi bunu heç gizlətmək istəmirdi də. Biz sonda ona nail olduq ki, Kəlbəcərin iyun ayının 20- dək azad edilməsini nəzərdə tutan danışıqlara başladıq. Rusiyanın ciddi müqavimətinə baxmayaraq ABŞ və Türkiyənin ciddi diplomatik səyləri nəticəsində şərti adı “Üçlər planı” olan bir sənəd hazırlanaraq qəbul olundu. May ayının 23- də mən o sənədi artıq Azərbaycan tərəfindən imzaladım. Aprelin 27- də isə Ermənistanın baş naziri bunu imzalamışdı. Eyni zamanda Qarabağın azərbaycanlı və erməni icmalarının da bu sənədi imzalaması nəzərdə tutulurdu. Azərbaycanlı icması bu sənədi  imzalasa da erməni tərəfi bunu məhz Rusiyanın təhrikiylə bir müddət yubatmağa nail oldu. Səhv etmirəmsə, 2008- ci ildə Ermənistandakı prezident seçkiləri öncəsi o vaxtkı prezident Köçəryanın bir çıxışı oldu ki, 1993- cü ildə prezident Ter- Petrosyan və Ermənistanın digər rəhbərliyi onları- Qarabağın erməni icmasının rəhbərliyini iyun ayının 9-da həmin planı imzalamağa məcbur edib, ancaq buna razılıq verməyiblər. Köçəryan bildirib ki, Ermənistan rəhbərliyi onları iyun ayının 12- də Qafana dəvət edib və təkid ediblər ki, mütləq bunu imzalamalısınız

- Bu zaman artıq Azərbaycanda Gəncə hadisələri baş vermişdi...

- Qiyam başlasa da hələ hakimiyyət devrilməmişdi. Köçəryan bildirib ki, çox ciddi təzyiq altında həmin razılaşmanı imzalayıblar, ancaq bunun yerinə yetirilməsi üçün iki ay vaxt istənilib. Bilirsiniz, ona görə də Gəncə qiyamından söz düşərkən mən həmişə daxili faktorlardan başqa nə qədər güclü xarici faktor olduğuna diqqət yönəldilməsinin tərəfdarı olmuşam. Məhz Gəncə qiyamından sonra bu münaqişənin Azərbaycanın maraqlarının nəzərə alınmaqla qurtarmasının qarşısı alındı. Bunun da məsuliyyəti istər hərbi, istyərsə də siyasi qiyamda iştirak edənlərin üzərinə düşür.

- Qayıdaq Türkiyə Ermənistan sərhədlərinin bağlanmasına...

- Bu məsələdə Türkiyənin də öz maraqları yox deyildi. Bilirsiniz ki, Ermənistanın qardaş ölkəylə neçə vaxt idi ki, sərhəd mübahisələri və Türkiyəyə qarşı yersiz ərazi iddiaları vardı. Bununla yanaşı zaman- zaman qondarma erməni soyqırımı kimi məsələlər qaldırılırdı. Şübhəsiz ki, bu cür erməni həyasızlığı da sərhədlərin bağlanılmasında öz rolunu oynadı. Ancaq fakt faktlığında qalır və bu məsələyə görə Azərbaycan xalqı qardaş Türkiyəyə minnətdardır.

- Qeyd etdiniz ki, Baş Qərargahın operativ toplantısında iştirak edən ilk xarici vətəndaş idiniz. Həmin toplantıda sərhədlərin bağlanılması təklifi qaldırıldımı?

- Həmin toplantı son dərəcə məxfi idi və təfərrüatlar üzərində geniş dayanmağa ehtiyac görmürəm. Həmin toplantıdan sonra mənim Süleyman Dəmirəllə təkbətək görüşüm olub və çox ciddi qəraraların qəbul olunmasıyla nəticələnib. Bu görüşün nəticəsi olaraq mənim aprelin 9-da Soçidə Ermənistanın müdafiə naziriylə görüşüm olmuşdu.  Bunun isə müəyyən nəticələri də oldu.

- 822 saylı qətnamənin qəbulunda Türkiyə diplomatiyasının dəstəyi həlledici oldumu?

- O vaxt Həsən Həsənov Azərbaycanın BMT- dəki nümayəndəsi idi. Bu prosesi Xarici İşlər Nazirliyi həyata keçirirdi. Ancaq bir halda ki, söhbət dəstəkdən gedir, yada salmaq kifayətdir ki, xüsusilə ilk dövrlərdə Azərbaycanın diplomatik elçiliklərinin bir çoxu Türkiyənin səfirlik binalarında fəaliyyət göstərirdi.

Zülfüqar HÜSEYNZADƏ   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı