Modern.az

“Bizimkilər” Elnarə Kərimova:Uşaqlarımdan utanıram, onlara “mən işləyirəm, sən böyüməyə tələs” demək olmaz”  

“Bizimkilər”– Elnarə Kərimova: “Uşaqlarımdan utanıram, onlara “mən işləyirəm, sən böyüməyə tələs” demək olmaz”  

Müsahibə

23 Yanvar 2020, 09:08

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik.

 

Rubrikamızın budəfəki qonağı “Cümhuriyyət” qəzetinin və “Cebhe.info” saytının redaktoru Elnarə Kərimovadır.

 

Elnarə Kərimova 1975-ci ildə Şəkidə doğulub.1998-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bakalavr, 2001-ci ildə magistr pilləsi üzrə təhsilini yekunlaşdırıb. Bakalavrın 2-ci kursundan etibarən “Cümhuriyət” qəzetində müxbir kimi fəaliyyətə başlayıb.

 

1998-2003-cü illərdə Təbriz də yaşayıb və orda Azərbaycan türkcəsində nəşr olunan “Körpü” dərgisində redaktor işləyib. Sonra yenidən  Azərbaycana dönərək mətbu fəaliyyətini davam etdirib.

 

İki oğlu var. Böyük oğlu Araz Türkiyədə universitetdə 3-cü kursda oxuyur. Kiçik  oğlu Ərkin məktəblidir.

 

 

- Elnarə xanım, ilkin olaraq deyərdiniz, jurnalistikaya gəlişiniz nə ilə bağlıdır, xüsusi sevgi, ya təsadüf?

 

- Yeniyetməliyim Azərbaycanın ən qaynar zamanlarına təsadüf edib.Meydan hərəkatı, 20 Yanvar, Qarabağ müharibəsi. Belə şəraitdə jurnalist olmamaq mümkün deyildi. Biz 90-lar deyəndə bəziləri üçün qəribə gələ bilər. Amma 90-ların jurnalistləri mətbuatın çox ağır yükünü çiyinlərində gəzdirdilər, bəzən bu yükün altında əzildik, amma indi də mətbuatın əsas yükü məhz 90-ların çiynindədir desəm, yəqin ki, çox iddialı görünmərəm.

 

- Ailədə jurnalist olmağınıza etiraz edən olmadı ki? Ümumiyyətlə, bu sahə ilə məşğul olan qohum, ya tanış vardı?

 

- Nəinki ailədə, hətta nəslimizdə bu sahədə hələlik mən təkəm. Görünən də odur ki, elə tək də qalacam. Atam jurnalist olmağımı qətiyyən istəmirdi, ona görə yox ki, mühafizəkar idi, ona görə ki, qarşılaşacağım çətinliyi, yaşayacağım həyatı bilirdi. Məhz bu etiraza görə BDU-nun filologiya fakültəsini seçdim, amma elə 2-ci kursdan etibarən  “Cümhuriyət” qəzetində müxbir kimi işə başladım. Atam heç nə demədi, yəqin onun özü xarakterdə biri olduğuma görə qərarımdan dönməyəcəyimi bilirdi və üzümə deməsə də, bu, ona  xoş olmuşdu. Ömrünün sonuna qədər də mənim bu qərarımı alqışlamadı, amma hiss edirdim ki, narazı da deyil. Mətbuata bu qədər tez gəlişim də məhz ictimai-siyasi proseslərlə bağlı idi. Universitetdə aktiv tələbələrdən olan Nəsimi Şərəfxanlı “Cümhuriyət” qəzetinə müxbir axtardıqlarını dedi, məni və bir tələbə yoldaşımı özü ilə redaksiyaya apardı. O zamankı redaktorumuz, indiki baş redaktorumuz Rəfail Becanov hərəmizə bir yazı tapşırdı. O vaxtlar kazinoların bağlanması haqqında qərar verilmişdi və mənim bəxtimə həmin mövzunu işləmək düşdü. Bir-bir otellərə gedərək hansında kazinoların gizli şəkildə fəaliyyət göstərdiyini araşdırmalı idim. Nəhayət, bir oteldə kazinonun qaldığını təsdiqlədilər və mən yazını əlyazmasında redaktora təqdim etdim. Səhəri gün BDU-nun qapısının ağzındakı köşkdən qorxa-qorxa “Cümhuriyət” qəzeti aldım və yazım manşetdə idi.

Yenə 90-lar deyəcəyəm, amma o illərdə yazının manşetdə olması uğur idi, üstəlik  bu ilk yazıdırsa və əgər Rəfail Becanov kimi bir redaktora rast gəlmisənsə. Beləcə başladım, müxbir, parlament müxbiri, şöbə müdiri, redaktor.

 

- Tez-tez “Space” televeziyasının formatı ilə bağlı narazılığınızı dilə gətirən paylaşımlar edirsiniz. Bir jurnalist kimi televeziya kanallarının fəaliyyəti sizi qane edirmi? Bu sahədə hansı dəyişikliklərin olmasını istəyərdiniz?

 

- “Space”lə bağlı yazdıqlarım həm zarafatdır, həm də ciddi. Zarafatdır ona görə ki, evdə televizorun pultu xarabdır və ancaq “Space"i göstərir. Ciddidir ona görə ki, təkcə o kanala baxanda digərlərini təsəvvür etmək mümkündür. Son zamanlar AzTV-də, İTV-də maraqlı proqramlar yayımlanır. Amma hələ də ümumilikdə götürsək, televiziyalar bizi güldürür, düşündürmür.

 

- İki oğlunuz var. Oğul anası olmaq çətindir? Onlar sizin yolunuzu davam etdirmək istəmir ki?

 

- Valideyn olmaq çətindir, məsuliyyətdir. Üstəlik nəzərə alsaq ki, biz uşaqları onlara görə yox, əsasən özümüzə görə dünyaya gətirdiyimiz bir cəmiyyətdə yaşayırıq, o zaman əksini düşünənlər üçün daha da çətindir. Mən “Oğul düşmən çəpəridir” kimi ifadələrdən istifadə etməyəcəyəm, çünki ümumən həyatda cins ayrı-seçkiliyinə qarşı biriyəm. Millətin sabahı qızlarımızdan asılı olduğu kimi, həm də oğullarımızdan asılıdır. Bu baxımdan, çətindir. O ki, qaldı uşaqlara, onlar mənim yolumu davam etdirməyəcək. Onlar anaları kimi jurnalist olmaq istəmirlər, ümumiyyətlə heç analarının yazdıqlarını belə oxumurlar. İndi kim başqasının yazdığını oxuyur ki? Böyük oğlum tikinti mühəndisi olacaq, arzusu evsizləri ev sahibi etməkdir. Dediyinə görə, arzusunu ilk məndən başlayaraq reallaşdıracaq.Yaşayaq, görək. Kiçik oğlumun hələ 11 yaşı var, ona mən qətiyyən jurnalist kimi maraqlı deyiləm, hətta bir az məni işimə qısqanır da. Mənim yazdıqlarım Rusiya və ABŞ-ın nüvə arsenalı barədə yazılara “uduzur”. Oğlum son zamanlar ancaq bununla bağlı xəbərləri oxuyur.

 

- Demək olar ki, bütün sahələrdən yazırsınız. Amma deyirlər ki, jurnalist mütləq ixtisaslaşmalıdır. Bu fikirə münasibətiniz? Hərtərəfli olmaq çətin deyil ki?

 

- Hərtərəfli olmaq bugünkü Azərbaycan mətbuatının məcburiyyətidir. Redaksiyaların ixtisaslaşmaya ayıracağı vəsaiti yoxdur.  Bir neçə il əvvəl BBC-dən bir qrupla görüşdük. 50 yaşlarında bir jurnalist bildirdi ki, o, ancaq təhsildən yazır, həm də peşə təhsilindən.Təəssüf ki, biz Azərbaycan jurnalistləri hər şey yazar olmuşuq. Amma bu bir tərəfdən də yaxşıdır. Zəruri hallarda biri digərini əvəz edə bilir.

 

- Jurnalist olmasanız, hansı sahədə çalışmaq istəyərdiniz?

 

- Bu barədə demək olar ki, ciddi düşünməmişəm. Mənim bacardığım iş ancaq budur. Lakin hərdənbir fikirləşirəm ki, şəkil çəkməyi bacarsaydım, bu günün tələbi ilə moda dizayneri olardım, xüsusən ayaqqabı və çanta. Bəlkə də bu mənim ayaqqabılara və çantalara xüsusi marağımdan irəli gəlir. Amma Allah mənə bu istedadı verməyib.

 

- Həm sayt, həm də qəzetdə fəaliyyət göstərirsiniz. Sizcə, saytda çalışmaq daha asandır, ya qəzetdə? Hansının məsuliyyəti böyükdür?

 

- Qəzet məktəbdir, sayt tələbat. İkisi bir arada isə həm də böyük məsuliyyətdir. Jurnalistikada, zaman, məkan, cins anlayışları yoxdur, olmamalıdır. Bizə belə öyrədiblər.

 

- Sayt və qəzetdə eyni anda işləmək yəqin ki, çox vaxtınızı alır. Ev işlərinə, ailəyə yetərincə vaxt ayıra bilirsiniz?

 

- Mümkün qədər zaman ayırmağa çalışıram, uşaqlara “mən işləyirəm, sən böyüməyə tələs” demək olmaz. Amma fərqindəyəm ki, onlar üçün etmək istədiklərimin və onların gözlədiklərinin heç yarısından azını da edə bilmirəm. Buna görə utanıram, adına vicdan əzabı da demək olar. Amma mövcud şərtləri, şəraiti nəzərə alaraq əlimdən bundan artığı gəlmir.

 

- Jurnalistikanın bir insan üçün ən böyük qazancı nədir? İtirəcəyimiz tərəflər necə, varmı?

 

- Qazanc oxucudur desəm, şablon səslənəcək. Amma onlar bizim yeganə qazancımızdır. O ki, qaldı itirəcəyimiz nələrəsə, zatən sidq-ürəkdən, sevgiylə bu sahəni seçənlər elə ilk gündən  itiriblər- istirahətlərini, adi həyatı, hər şeyi boş vermək bacarığını…

 

- Jurnalistikada kimi özünüzə örnək götürmüsünüz?

 

- Azərbaycan jurnalistikasında örnək götürüləcək çox imza var. Nəcəf Nəcəfov, Elçin Şıxlı, Qulu Məhərrəmli, Azər Hüseynbala, Rəfail Becanov, Fatma Abbasquliyeva və. s.  Nə yaxşı ki, hərəsindən heç olmasa bir az öyrənə bilmişəm.

 

- İllərdir jurnalistikada olan biri kimi həmkarların hansı xüsusiyəti sizi narazı salır?

 

- İndi jurnalistika yaradıcılıq deyil, texniki işə çevrilir. Bu, məni narahat edir. Gənclər həvəslidir, kreativ fikirləri olur, amma ən pisi öyrənməyə meylli olmamalarıdır. Biz başqalarının yazılarını acgözlüklə oxuyardıq, onlar çox vaxt öz yazdıqlarını oxumurlar.

 

- Heç müsahibə almaq istədiyiniz hanısa məşhur şəxs, ya belə deyək, tanınmış sima olub?

 

- Belə bir xüsusi arzum olmayıb. Unutmadığım müsahiblərim olub. Məsələn, çeçen komandir İsa Munayevlə 2014-cü ildə müsahibəm olub və onu həmişə yaxşı müsahib kimi xatırlayacağam. 2015-ci ildə Covhər Dudayev adına batalyonun komandiri kimi Avropadan Ukraynaya döyüşməyə getdi və öldürüldü. Onun barəsində Modern .az saytı da yazmışdı. Yaxud  “oğru dünya”sı xəbərləri mənim üçün təkcə İP gətirən xəbərlər deyil. “Lotu” Qulu həbsxanada olanda onunla müsahibə istəyimi bildirdim,  mənsub olduğu “dünya”nın mətbuata müsahibəyə birmənalı yanaşmadığını əsas gətirib geniş müsahibə vermədi, ancaq azadlıq arzusunun ən böyük arzu olduğunu mənə məktubunda yazdı. İndi də onun həbsxanadan mənə göndərdiyi nərdi saxlayıram. Yaxud, Bakının uzaq qəsəbəsində Putinə hədiyyə edilmiş evi tapmaq üçün sərf etdiyim zamana qətiyyən heyfsilənmirəm.

 

- Həyatdakı ən böyük hədəfiniz nədir?

 

- Deyirlər, insan hədəfsiz yaşaya bilməz, amma mənim üçün hədəf  bu gün görə biləcəyim işlərdir. Sabahın nə gətirəcəyini kim deyə bilər?

 

-Lütfən, səmimi cavab verin. Heç jurnalistikadan bezdiyiniz, bu sahədən kənara çəkilmək kimi istəyiniz olub?

 

- Səmimi cavab istəyirsiz? Əgər həm bacardığım, həm də mənə pul qazandıracaq başqa bir sahə olsaydı, yəqin ki, çoxdan gedərdim.Amma heç bir ay da duruş gətirə bilməyib, geri qayıdardım.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...