Modern.az

Yusif Məmmədov FENOMENİ

Yusif Məmmədov FENOMENİ

Aktual

24 Yanvar 2020, 11:05

Azərbaycan riyaziyyat elminin ən qüdrətli simalarından biri! Akademiik Məcid Rəsulov kimi çox tələbkar, “tükü-tükdən ayıran” bu dünya şöhrətli nəhəng alimin yüzlərlə tələbənin arasından seçib 21 yaşından Bakı Dövlət Universitetində saxladığı fenomenal istedad! 24 yaşında namizədlik, bir az sonra doktorluq dissertasiyası müdafiə edərək o zaman üçün əhatə dairəsi yalnız SSRİ olan dünya riyaziyyatçılarını heyrətləndirən görkəmli alim! Bu gün bütün planeti əhatə edən “H” indeksi üzrə ən çox istinad edilən Azərbaycan riyaziyyatçısı! Bütün bu qeyri-adi istedadla paralel həm də gözəl sadəliyi, sadə gözəlliyi olan bir Azərbaycan ziyalısı! Diqqəti və intellekti, yumoru və zəhmi, mehribanlığı və humanizmi, çevik düşüncəni və heyrətamiz təmkini ən yüksək səviyyədə özündə birləşdirən bu şəxsiyyət Bakı Dövlət Universitetinin assistentindən böyük bir ali məktəbin rektoruna kimi, demək olar ki, bütün vəzifələrdə olub. Kafedra müdiri, dekan, birinci prorektor, rektor, Təhsil nazirinin müşaviri olanda da Yusif Məmmədov olub, adi tələbə, yaxud elmlər namizədi, ya akademik olanda da... Mənim tanıdığım 3-4 nadir adamdan biridir ki, vəzifəyə, mənsəbə görə dəyişməyib, fəhləylə fəhlə, tələbəylə tələbə, alimlə alim olub! Hamısının da ən yaxşısından!

 

10 il Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru kimi çox gərgin bir rejimdə işlədi. Dünyanın hər yerində müəyyən problemlər var, ancaq Azərbaycanda vəzifədə olmağın özünəməxsusluqları başqa cürdür. Ola bilər ki, səhər evdən başqa arzularla, planlarla çıxasan, gəlib görəsən ki, qapıda şəxsi problemlərini dünyanın bir nömrəli məsələsi hesab edən və utanmağı çoxdan unudan birisi gəlib, deyək ki, kabinetində kreslosunu dəyişmək istəyir, özü də dəqiq əmindir ki, bu iş mütləq rektorla, həm də bu saat həll olunmalıdır. Anbarda kreslonun olmadığını biləndən sonra onu razı salmaq nə qədər mürəkkəb prosesdirsə, arzuladığın tələbələrlə görüşdə əhval-ruhiyyəni pozmamaq, təmkini qoruyub saxlamaq, uşaqlara nikbinlik təlqin etmək bir o qədər çətin məsələ olur. Ancaq belə hallar çox epizodik hadisələr sırasındadır və eyni zamanda həm də kimisə yubiley münasibətilə təbrik etmək, Akademiyada saatyarımlıq riyaziyyat seminarını apamaq, jurnalistlərin heç də qərəzsiz olmayan suallarını cavablandırmaq, tanınmış bir alimin dəfn mərasimində çıxış etmək, tələbələrin,valideynlərin istəklərini reallaşdırmaq, həm də universitetdə baş verən prosesləri daim nəzarətdə saxlamaq elə də sadə görünməsin. Yusif müəllim rektorluğu dövründə bütün bu və buna bənzər işləri yüksək peşəkarlıqla icra etməklə bərabər həm də kimsənin qəlbinə dəyməməyi, bir ürək də sındırmamağı bacarıb.

 

Bakı Dövlət Universitetində birinci prorektor işlədiyi dövrdə kabineti ümid yeri hesab olunurdu. Kimin işi müşkülə düşürdü, kim həllolunmaz məsələ ilə rastlaşırdı, Yusif müəllimin qapısına pənah aparırdı-bilirdilər ki, bu işi ancaq o düzəldə bilər. Axşamlar yorğunluğu çıxarmaq üçün bütün rəhbər işçilər birinci prorektorun otağına toplaşırdı-ata ocağına yığışan kimi-buradakı duzlu-məzəli söhbətlər, şirin münasibət, sağlam aura hamıya rahatlıq gətirirdi. Eyni vəziyyət dekan olanda da, kafedra müdiri olanda da təkrarlanıb. Bu adam bir dəfə yoruldum deyib üzünü turşutmayıb, gələn bir adama narahatlığını bildirməyib.

 

Minlərlə hadisədən birini xatırlamaq istərdim. Rektor işlədiyi illərdə bir dəfə mənə zəng etdi. Tanınmış həkimlərdən birinin qəbulunda idi. Saat yarım növbə gözlədikdən, bir neçə adamın tanışlıqla növbəsiz keçdiyini görəndən sonra zəng edib ki, sən tanıyırsan, həkimə deyə bilərsən, bizi çox gözlətməsin. Dedim,ay Yusif müəllim, bayaqdan həkimə bir azca işarə göndərsəydiniz ki, qapıdasınız, bayaqdan Sizi qəbul etmişdi, niyə səsiniz çıxarmırsınız. Əşşi, nə bilim, dedi, bayaq biri gəlmişdi ki, mən filan rayonda filan kəndin məktəbinin direktoruyam, mənə icazə verin növbəsiz keçim, bütün dünyada müəllimlərə hörmət var. Onu gördüm deyə, mən dillənmədim, ədəbsizlik hesab etdim. Dedim, ay Yusif müəllim, Siz bu boyda ali məktəbin rektorusunuz, akademiksiniz, Əməkdar elm xadimi, nə bilim nələr, nələr. Amma sakitcə oturub gözləyirsiniz, daha bu qədər də yox. Yazıq həkim eşidəndə ki, Yusif müəllim gözləyir, bütün xəstələrini, işlərini kənara qoyub, Yusif müəllimin burada olması barədə baş həkimə də zəng edib və hövlənak özünü bayıra atıb, koridorda gözləyənlər də məəttəl qalıblar ki, bayaqdan burda sakitcə oturub səbrlə gözləyən arıq, çəlimsiz, ancaq üz-gözündən nur yağan bu adam kim imiş ki, belə hamı əl-ayağa düşdü.
Onlar bilməmişdilər ki, onlara adi görünən bu adam V.İ.Steklov adına Riyaziyyat İnstitutunun, MDU-nun mexanika-riyaziyyat, riyaziyyat və kibernetika fakültələrinin, Novosibirsk Dövlət Universitetinin, Ukrayna EA-nın Tətbiqi Riyaziyyat İnstitutunun, Tbilisi Riyaziyyat İnstitutunun elmi seminarlarında görkəmli riyaziyyatçı alimləri,necə deyərlər, “riyaziyyatın əjdahalarını” heyrətdə qoyan həmyerlimizdir. Onlar bilməmişdilər ki, onun elmi nəticələri dünyanın bir çox məhşur elm mərkəzlərində öyrənilir və tətbiq edilir. Onlar bilməmişdilər ki, bu səbrlə növbəsini gözləyən adam 1988-ci ildə doktorluq dissertasiyasını müdafiə ərəfəsində də belə bir gözləmə vəziyyətində olub və görkəmli rus alimi M.V.Fedoryuk tanımadığı bu cavan oğlanı şahmat oynadığı üçün gözləməyə dəvət edib. Seminar etməli olan, ancaq əvəzinə otaqdakıları bir-bir məğlub edən Moskva Fizika Texniki İnstitutunun professoru M.V. Fedoryuk Yusif müəllimə elan edib ki, uduzana qədər burdan durmayacaq. Kənardan vəziyyəti müşahidə edən Yusif Məmmədov bu adamın çox güclü şahmatçı olduğunu görür, bilir ki, heç kəsə uduzmayacaq və deməli Bakıdan bura gəlməyi əbəsdir. Növbə tutur və onunla şahmat oynamağa başlayır. Tanınmış alim Yusif müəllimin qeyri-adi istedadı, çoxpilləli kombinasiyaları önündə tab gətirə bilmir və məğlub olur. Ayağa qalxıb Yusif müəllimin əlini sıxır, bu qədər adam məni uda bilmədi, mən inanmazdım ki, uzaq bir yerdən gəlib paytaxt Moskvada məni udan olar,afərin, seminardan sonra isə -“bu adam nə qədər məharətlə şahmat oynayırsa, ondan xeyli artıq gözəl riyaziyyatçıdır”, deyir.

 

Həkimin növbəsini gözləyənlər bir də onu bilmirdilər ki, akademik Yusif Məmmədovun 2020-ci il yanvarın 24-də 70 yaşı tamam olur. Bütün bunları bilsəydilər, arzu edərdilər ki, mənəvi saflığı və əqli kamilliyi özündə birləşdirən bu müdrik və nəcib ziyalı, bütün dünyada tanınan görkəmli alim, yüksək mədəniyyətli və ləyaqətli insan olan Yusif müəllimə allah can sağlığı və yeni yubileylər nəsib etsin. Eynən onu yaxından tanıyanların ürəyindən keçənləri oxuyurmuşlar kimi...

 

Fikrət Şiriyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir