Modern.az

Gülməyin, musiqiyə qulaq asmayın: Məscidin, qəbiristanlığın yanından keçəndə niyə belə edirik...

Gülməyin, musiqiyə qulaq asmayın: Məscidin, qəbiristanlığın yanından keçəndə niyə belə edirik...

26 Yanvar 2020, 09:55

Yəqin ki, çoxumuz məscid və ya məzarlıqların yanından keçərkən musiqinin səsini azaldan, radionu söndürən, gülməyən, yanındakı adamı dürtüb, qulaqcıqları çıxarmaq üçün xəbərdarlıq edən insanları görmüşük. Bəlkə də elə bunları şüurlu, ya da şüursuz şəkildə edənlərdən biriyik. Bəs, adət halını alan bu davranışın əsasında nə durur?

 

Mövzu ilə bağlı Modern.az-a danışan Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli bunun sadəcə hörmət əlaməti olduğunu deyir:

 

“Məscidin, məzarlığın yanından keçərkən musiqinin səsini azaltmaq hörmət, ehtiram əlamətidir. Yəni, bu dini qayda deyil, amma bir adət-ənənədir və hörməti ifadə etmək üçündür. Musiqi dini nöqteyi-nəzərdən qadağan deyil. Amma bəzi musiqi növlərini - bayağı, insanları günaha, əzaba sürükləyən mahnıları din qadağan edir.

 

Hər bir yerin özünəməxsus davranış qaydaları var. Halal da olsa, məscid ətrafında uca səslə musiqiyə qulaq asmaq məscidə hörmətsizlik kimi qəbul olunur deyə, insanlar musiqinin səsini azaldırlar”.

 

Tanınmış jurnalist, “Azvision” saytının baş redaktoru Vüsal Məmmədov isə bunu cəhalət hesab edir:

 

“Qəbiristanlığın yanından keçəndə musiqinin səsini azaltmalısan, deyə bir şey yoxdur. Mən buna daha çox müasir dövrün mifalogiyası deyərdim . Sadəcə olaraq nə vaxtsa kimsə qəbiristanlığın yanından keçəndə azaldıb, o birilər də şüursuz şəkildə onun hərəkətini kopyalayıb. Hər halda ölülər musiqi səsindən narahat olası deyillər. Bizim insanlar canlı adamların yaşadığı, yatdığı binanın həyətində, maşında mahnıya tam səs verir və qətiyyən narahat olmur ki, gecədir, kiminsə evində uşaq yata bilər, lap insanın özü yatır. Mən ona mane olaram.Yaxud da axşam vaxtı küçədə, şəhərin ortasında maşının şüşələrini endirirlər, musiqiyə də tam səs verirlər və narahat olmurlar ki, ətrafımda adam var. Amma ölmüş, onsuz da heç bir səs eşitməyən adamların yaxınlığından keçəndə musiqinin səsini alırlar. Bu müasir cəhalətin bir növüdür. Yəqin, bunun kökündə belə bir qorxu dayanıb ki, birdən ölülər bu hərəkətin qarşılığında hansısa bir şəkildə ziyan vurar. El dilində buna sədəmə toxundurmaq deyirlər”.

 

Əfsanə ŞƏRİF

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI