Modern.az

Yaddan çıxdı QARABAĞ: Namizədlərin seçki şüarlarında unudulan VƏTƏN

Yaddan çıxdı QARABAĞ: Namizədlərin seçki şüarlarında unudulan VƏTƏN

Qarabağ

26 Yanvar 2020, 11:48

Fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində 20-dən çox siyasi partiya qatılıb.

 

Yanvarın 17-dən başlanan təbliğat-təşviqat kampaniyası isə davam edir. Maraqlıdır, budəfəki seçkilərdə partiya namizədlərinin platformalarında, şüarlarında, çağırışlarında əsas diqqət nəyə ayrılıb?

 

Xüsusilə Qarabağ məsələsində partiyaların mövqeyi necədir?

 

Modern.az mövzu ilə bağlı bir neçə partiya nümayəndəsinin fikirlərini öyrənib.

 

 Yeni Azərbaycan Partiyasının  Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə:

“Yeni Azərbaycan Partiyasının seçkilərdə şüarı “Daha güclü Azərbaycan naminə”dir. Hesab edirəm ki, əldə etdiyimiz uğurları daha da çoxaltmaq, yeni istiqamətləri müəyyənləşdirmək və Azərbaycan seçicisinə növbəti 5 ildə, YAP-ın parlamentdə çoxluq təşkil edəcəyi təqdirdə əldə edə biləcəyimiz perspektivləri göstərmək lazımdır.

 

Qeyd edim ki, namizədlərimiz seçkiyə vahid platforma ilə gedir. Biz Azərbaycanın inkişafı ilə bağlı 10 addımı müəyyənləşdirmişik və seçki plakatlarımızda, broşurlarımızda bunlar müəyyənləşib. Dağlıq Qarabağ məsələsi təkcə Azərbaycanın gücündə olmayıb, bu gün dünyanın problemidir. Bu problemin həlli üçün həmişə bir yerdə olmalıyıq. Həm iqtisadiyyatımızın güclənməsi, hərbi qüdrətimizin artması, həm də beynəlxalq aləmdə Dağlıq Qarabağ həqiqətlərinin yayılması ilə bu problemin həllində maksimum nəaliyyət əldə etmək lazımdır”.

 

 Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Orucov:

 

“Seçkiyə “Dəyişək”, “Dəyişikliklər uğrunda”, “Azərbaycan uğrunda dəyişikliklər” kimi şüarlarla qatılırıq. Düşünürəm ki, bu şüarlar bizə uğur gətirəcək. İslahatların daha geniş əhatələnməsini öz şüarlarımızda irəli sürmüşük. İrəli sürülən namizədlərin əsas platformaları partiyanın  proqram və məramnaməsindən götürülüb. Orada da bizim Qarabağ məsələsinə münasibətimiz dəyişməyib. Qarabağ müharibəsi, torpaqların işğaldan azad edilməsi məsələsi ancaq hərbi-siyasi yolla mümkündür. Bu bizim şüarlarımızda öz əksini tapıb. Eyni zamanda müharibə veteranları ilə, qazilər, şəhid ailələri ilə bağlı məsələlər diqqət mərkəzindədir. Yenə də o fikrə qayıdıram ki, əsas şüarımız dəyişikliklərdir”.

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu:

“Seçkiqabağı platformamızın başlıca istiqamətləri millətə, vətəndaşa qayğı, vətənə sədaqət və dövlətə xidmətdir. Bu seçkilərdə sosial və hüquqi yönümlü məsələlərə, ayrı-ayrı sosial qrupların hüquqlarının müdafəsinə, bir də məmur özbaşınalığı ilə bağlı məsələlərə daha çox diqqət ayırırıq. Qarabağ məsələsinin isə danışıqlar yolu ilə paralel müharibə yolu ilə həll edilməsinin  tərəfdarıyıq və Milli Məclisdə Qarabağın müharibə yolu ilə azad edilməsi ilə bağlı da təşəbbüs qaldıracağıq”.

 

 Ümid Partiyasının sədri İqbal Ağazadə:

 

“Bu seçkilərdə şüarımız “Ümid”dir, başqa bir şüarımız yoxdur. Gələcəyə, Azərbaycanın gələcəyinə, problemlərimizin həllinə, insanlarımızın bizə səs verəcəyinə ümid edirik. Qarabağla bağlı çağırışlarımız ancaq platformamızda var, biz onu plakatlarımızda istifadə etməmişik”.

 

 Böyük Qurtuluş Partiyasının başqanı Fazil Mustafa:

“Bu parlament seçkilərində Qarabağ məsələsi partiyanın çağırışlarından biri olaraq nəzərdə tutulur. Namizədlərin  platformalarında xüsusi olaraq istifadə olunmasa da, partiyanın ümümi platformasında qeyd olunur. Daha çox bölgənin problemlərinin önə çıxarılmasına üstünlük verilir. Seçicinin nəyə səs verməsinə yönəlmək daha faydalıdır.”

 

 Müsavat Partiyasının başqanı Arif Hacılı:

“Biz “Gələcəyini səslə dəyiş” şüarı ilə plakatlarımızı yaymışıq. Ancaq bizim əsas hədəflərimiz Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət yaratmaq, ərazisi bütöv, firavan Azərbaycan uğrunda mübarizə aparmaqdır”. Əsas devizlərimizdən biri də hər kəsə istər siyasi, istərsə də iqtisadi sahədə bərabər imkanların yaradılmsıdır. Biz “müsavat”, “bərabərlik” sözünü hər kəsə bərabər imkanlar mənasında qəbul edirik”.

 

 Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı:

“Ümumi çağırışımız yoxdur. Namizədlərin hər birinin özünün müstəqil çağırışları, mövqeləri, müraciətləri var. Onlar Qarabağla bağlı, Azərbaycanda demokratiyanın bərqərar olunması, işsizliyin ləğvi, insan haqlarının qorunması ilə bağlı öz platformalarında çıxışlar edir, təbliğat aparırlar. Yəni, təzə bir şey icad etməmişik”.

 

ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli:

“Bütün namizədlərin publik çıxışları və təşviqat kampaniyası zamanı işlətdikləri ümümi şüarlar var. Bir də öz bölgəsinə, öz seçicisinə hesablanmış şüarları və çağırışları da var. Bundan bütün namizədlər istifadə edir. Ümumilikdə götürəndə 5 əsas istiqamət üzrə şüarlar və çağırışlar olur. Bunlar təhsil, səhiyyə, təqaüd sistemi, gənclər siyasəti və təbii ki, Dağlıq Qarabağdır. İşğal altındakı torpaqların azadlığı, qanunvericilik səviyyəsində hansı addımların atılması, parlamentin hansı işləri görməsi həm platformamızda, həm seçicilərlə gündəlik görüşlərdə, publik çıxışlarda istifadə olunur”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi