Modern.az

Abay Kunanbayevin “Qara sözü” Modern.az-da - Yeddinci söz

Abay Kunanbayevin “Qara sözü” Modern.az-da - Yeddinci söz

27 Yanvar 2020, 09:27

Modern.az saytı qazax xalqının görkəmli ədəbiyyatçısı və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyi münasibəti ilə onun qələmə aldığı “Qara Söz”ü təqdim edir.

 

YEDDİNCİ SÖZ

 

Bir uşaq dünyaya gələndən sonra, valideynin iki əsas qayğısı olur: birincisi onu yedirib-içirib, yatırmaq. Bu yaşamağa can atan vücud üçün çox əsas şərtdir, əgər bəslənməkdə hər hansı bir kəsir olarsa, o bədəndəki ruh da normal inkişaf etməyəcək. Bu qayğı qədərincə olursa  uşaq böyüyüb, qüvvətlənir. İkinci şərt isə körpənin biliklərə can atmasıdır.  Körpə hər zaman parıldayan əşyalara həvəsli olur, onları əlinə alıb, ağzına aparır, dadına baxır, balaca əlləri ilə üzünə yapışdırır. Tütək-zurna səsi eşidəndə diksinir,  böyüklərin səsinə , gülüşünə , bağırtısına dodaq büzür, ağlayır, həyətdə it hürəndə, mal-heyvan mələyəndə, əvvəlcə gülsə də,  ağlasa da, sonra  “o nədir?”, “bu nədir”, “ o niyə belə etdi?” kimi sualları ilə  gördüyü, eşitdiyi hər şey haqqında bilgi toplamaq istəyir. Bu istəklər uşağın canından gəlir: məqsədi də, bilmək, görmək öyrənməkdir.

 

İnsan doğulduğu gündən dünyanın görünən və görünməyən tərəflərinin sirrinə vaqif olmaq istəyir. Gördüklərinin sirrini öyrənməyə can atmayan insan kamil insan ola bilməz. Cahil insanın  qəlbi heyvandan fərqlənməz. Dünyanın əzəlindən Allah  insanı heyvandan ruh ilə ayırdı.  Lakin biz  yetkinləşdikcə, yaşlaşdıqca, artıq uşaq ikən verdiyimiz   “bu nədir”, “o nədir” sualları unudur, əlimizdəki əşyaları ağzımıza aparıb, üzümüzə sürtmürük. Əfsuslar olsun ki, böyüyüb özümüzü ağıllı sanandan sonra, heç elmin yolunda irəliləyənlərin də dalısıyca getmirik.

 

Biz gərək ki, hər gün ruhumuzu təzələmək üçün maraq dünyamızı genişləndirək,   elmimizi, biliklərimizi artıraq. Biz hər gün anlamalıyıq ki, ruhun  rahatlığı can rahatlığından daha gözəldir. Can ruha baş əylməlidir.

 

Biz isə belə etmirik. Biz qara qarğalar kimi qarıldadıq və cinli arvadlar kimi qışqırdıq, aulun (kəndin) içindəki peyinlikdən kənara çıxa bilmədik. Sən demə ancaq uşaq olanda canımızın dəyərini bildik nəsə öyrəndik. Yaşlandıqca  və bərkidikcə ruhumuzu bədənimizə təslim etdik, heç nəyə könül xoşluğu ilə baxmadıq, gözümüzü gözəlliklərə kor etdik, ruhumuzu aldatdıq.  Ancaq gözlə gördüyümüzün  batininə varmadıq, daxili gözəlliklərin sirrindən xəbərimiz olmadı. Böyük məsləhətini qulaqardına vurub, “öz bildiyim özümə bəsdir” dedik. “Sən öz bildiyini elə, mən öz ağlımla yaşayacam”, “Sənin ağlınla varlı olunca, öz ağlımla kasıb olaram”- deyib hamıdan geri qaldıq.  Nə yazıq ki, o verilən öyüdlərin mənasını anlamadıq.


Ürəkdə atəş, könüldə inam qalmayıb. Anacaq gözümüzlə görüb,  gördüyümüzün mənasının dərinliyinə varmırıqsa, o zaman heyvandan fərqimiz nədir?  Uşaq vaxtı daha ağıllı idik.  Biz bilsək də, bilməsək də, biləcək deyən adamların övladıyıq. Ona görə  indi heyvandan da pisik. Heyvan heyvandır, məqsədsiz yaşayır.

 

Nadanlığımızdandır ki, bizə verilən öyüdlərin dəyərini anlamayıb, boş-boşuna mübahisə edir, səhv bildiyimizi dədəmizə də vermirik.

1891-ci il.

 

Tərcümə etdi: Aida Eyvazlı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır