Modern.az

Çinə səfəri planlaşdırılan iş adamlarına ÇAĞIRIŞ: “Risk etməyə dəyməz!”

Çinə səfəri planlaşdırılan iş adamlarına ÇAĞIRIŞ: “Risk etməyə dəyməz!”

Aktual

27 Yanvar 2020, 09:52

“Hazırda Çində yayılan ölümcül koronovirus epidemiyası ilə əlaqədar bəzi şəhərlərdə karantin elan edilməsi, yalnız Çində bu virusun qurbanlarının artması və digər ölkələrə də yayılması Azərbaycanla Çin arasında əlaqələrin bütün sahələrinə təsirsiz ötüşməyəcək”.

 

Modern.az xəbər verir ki, bu barədə iqtisadçı Qubad İbadoğlu bildirib. Onun fikrincə, ilk və daha ciddi təsir ticarət münasibətlərində hiss olunacaq:

 

“Çünki, 2019-cu ildə Çin Azərbaycanın idxalda 3-cü böyük ticarət təfərdaşı olub. Ötən il Azərbaycandan Çinə 752,2 milyon dollarlıq mal göndərilib, 1,432 milyard dollarlıq mal gətirilib. Çinin payı idxalda 10,5 faizə çatıb. Əgər epidemiyanın yaxın zamanlarda qarşısı alınmazsa onda Azərbaycanda çin mənşəli malların qıtlığı yarana və bu da heç şübhəsiz ki, istehlak bazarında qiymətlərin bahalaşmasına gətirib çıxara bilər”.

 

İki ölkə arasındakı təhsil əlaqələrinə toxunan iqtisadçı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasındakı “2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i xatırladıb:

 

“Bu sazişə uyğun olaraq, hazırda 100-dən çox Azərbaycan vətəndaşı Çinin ali məktəblərində təhsil alır. Hesab edirəm ki, onların təhlükəsizliyi ilə əlaqədar olaraq təcili və təxirəsalınmaz işlər görülməlidir. Onlar müvəqqəti olaraq ölkəyə qaytarılmalıdırlar”.

 

Q.İbadoğlu hesab edir ki, bu proseslər son illər Çində yaşayan iqtisadi artımı daha da aşağı salacaq, məcmu tələbi və təklifi azaldacaq:

 

“Təbii ki, bu da Çində alıcılıq qabiliyyətinin azalmasına gətirib çıxaracaq. Bu səbəbdən də Çində enerji daşıyıcılarına tələb və dünya bazarında neftin və qazın qiymətləri aşağı düşəcək. Azərbaycan iqtisadiyyatı da bundan mənfi yöndə təsirlənəcək.
Nəhayət, Çindən Azərbaycana səfər edənlərin sərhəd keçid məntəqələrində tibbi yoxlamaları təşkil edilməlidir ki, virusun Azərbaycana girişinin qarşısı alınsın.
Bununla yanaşı, bu ərəfədə Azərbaycandan Çinə səfəri planlaşdırılan iş adamlarını səfərləini təxirə salmağa çağırıram. Risk etməyə dəyməz!”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi