Modern.az

“Sergey Lavrov ermənilərə muştuluq verib” - MÜSAHİBƏ

“Sergey Lavrov ermənilərə muştuluq verib” - MÜSAHİBƏ

3 Aprel 2012, 14:40

“Lavrovun Bakı səfərindən pozitiv nəticə gözləmək ağlasığmazdır, bu səfər daha çox ölkələrimiz arasında olan gərginliyi  aradan qaldırmağa xidmət edir”

Politoloq Eldar Namazovun Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri ilə bağlı Modern.az-a eksklüziv müsahibəsi...  

- Eldar müəllim, bildiyimiz kimi Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana iki günlük rəsmi səfərə gəlib. Sizcə, Rusiya rəsmisi Dağlıq Qarabağla bağlı Azərbaycana bu səfərdə hansı mesajı gətirə bilər?

- Məncə Rusiya tərəfi və eləcə də xarici işlər naziri Sergey Lavrov öz mesajını artıq İrəvanda mətbuat konfransında verib. Orda qeyd edib ki, Dağlıq Qarabağın statusunu elə Dağlıq Qarabağın xalqı səsvermə yolu ilə həll eləyəcək. Mən dəfələrlə bu məsələyə münasibət bildirmişəm və bu gün masanın üstündə olan Madrid prinsiplərində Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxmasının hüquqi yolu - mexanizmi göstərilir. Bu da Dağlıq Qrabağın ərazisində səsvermə yolu ilə statusu müəyyənləşdirməni təmin edir. Mən bu bəndə qəti şəkildə etiraz edirəm və dəfələrlə vurğulamışam ki, bu prinsip Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxmasının hüquqi yoludur. Azərbaycan diplomatiyası gərək belə bir bəndin daxil edilməsinə imkan verməyərdi.

İndi də Ermənistanın arxasında duran Rusiya rəsmiləri, o cümlədən, Sergey Lavrov İrəvanda keçirdiyi mətbuat konfransında ermənilərə muştuluq verib ki, Dağlıq Qarabağın statusu daxildə səsvermə yolu ilə həll ediləcək. Rusiyanın da bu məsələdə mövqeyi yalnışdır. Lavrovun da Qarabağla bağlı gətirəcəyi mesajlarda Azərbaycan üçün müsbət heç nə gözləmirəm.

- Səfər zamanı Xəzər dənizinin statusu məsələsinin müzakirə olunacağı gözlənilir. Siz necə hesab edirsiniz, Rusiyanı bu məsələdə narahat edən əsas məsələ nədən ibarətdir? 

- Rusiya tərəfi Xəzər dənizinin hüquqi statusu ilə bağlı narahatçılıqlarını ifadə edir. Amma mən burda qeyri-səmimilik və ikili standartları görürəm. Ona görə ki, Rusiya özü həm Qara dənizin, həm də Baltik dənizinin dibindən qaz kəmərləri çəkir, amma nədənsə Xəzər dənizində Türkmənstanla Azərbaycan arasında boru kəmərinin çəkilməsini Xəzər dənizinin ekologiyası və statusu ilə bağlayır. Artıq bəllidir ki, bu boru kəmərləri Azərbaycan və Türkmənistan sektorlarından keçəcək. Başqa dövlətlərin bu məsələyə aiddiyyatı yoxdur. Rusiya Azərbaycanla da, Qazaxıstanla da Xəzər dənizinin sektora bölünməsi ilə bağlı rəsmi sənəd imzalayıb. Bu baxımdan, Rusiyanın sektoru Azərbaycan və Türkmənistan sektorundan da uzaqdadır. Ona görə də Rusiya Xəzər dənizinin statusunu bəhanə gətirərək, Azərbaycan və Türkmənistan arasında planlaşdırılan enerji layihələrinə mane olmağa çalışır.

- Eldar müəllim, Rusiya xarici işlər nazirinin ölkəmizə səfəri daha çox nə ilə bağlıdır?

- Məncə, Lavrovun Azərbaycana səfərini bu qədər şişirtmək lazım deyil. Həmçinin bu səfəri o qədər də əhəmiyyətsiz səfər də saymaq düzgün olmazdı. Azərbaycanla Rusiya arasında pərdə arxasında çox gərgin və mürəkkəb bir proses gedir. Rusiya ilə Azərbaycanın bir çox məsələlərdə maraqları üst-üstə düşmür. Elə Qarabağ məsələsində də, Xəzər dənizinin istifadə olunmasında da maraqlarımız fərqlidir. Regionda gedən proseslərdə və BMT-də son səsvermələrdə də Suriya ilə bağlı Azərbaycan və Rusiya fərqli mövqedən çıxış etdilər. Buna görə biz bu səfərdən pozitiv addımlar yox, daha çox gərginliyi bir az azaltmaq və bu gərginliyin açıq qarşıdurmaya keçməməsi üçün yeni addımlar gözləyərdik. Bundan artıq nəsə gözləmək indiki durumda mümkün deyil.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir