Modern.az

16 yaşlı gəlin niyə öldürüldü? - “İki həftədə bir-birindən bezmək olmaz”

16 yaşlı gəlin niyə öldürüldü? - “İki həftədə bir-birindən bezmək olmaz”

Aktual

30 Yanvar 2020, 16:50

Masallıda 16 yaşlı qızın toydan iki həftə sonra əri tərəfindən boğularaq, öldürüldüyü məlum oldu. Bu hadisə yetkinlik yaşına çatmayan qızların evləndirilməsi məsələsini yenidən gündəmə gətirdi. Erkən yaşda evlənməyin fəsadları haqqında dəfələrlə müzakirələr getsə də, çağırışlar olunsa da, belə halların qarşısı alınmır.

 

Məsələ ilə bağlı Modern.az-a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova valideynlərin qızları erkən yaşda ərə verməsinin iki əsas səbəbinin olduğunu deyir:

 

“Əksər ailələrdə erkən nikahlar sosial durumla bağlı deyil, daha çox əxlaqi məsələlərə görə olur. Qızlarını onların gələcəyini təmin etmək, yaxud da kiminsə yoldan çıxarmaması üçün ərə verirlər. Bu iki ehtimal daha ağlabatandır. Bəzən də uşağın üstünə atırlar ki, özü  sevirdi. Ehtimal ki, bu məsələdə də belə olacaq ki, guya qız istəyirdi. Amma bir şəkil yayılıb, orada oğlanın heç də xoşbəxt olduğu görünmür. Qıza toy maraqlı görünürdü, çünki toy, gəlinlik, bəzək var. Amma oğlanın üzündə xoşbəxtlik yox idi. Bəlkə də bilməyərəkdən olub. Seksual tərbiyənin olmaması da həmin vəziyyətə gətirib çıxara bilər. Buna polis rəy verəcək. Amma iki həftədə bir-birindən bezmək olmaz. Yaxud da oğlanın da məcburi evləndirilməsi məsələsinə görə hadisə baş vermiş ola bilər. Bunlar versiyalardır. Məsələ tamamilə başqa bir şey də ola bilər”.

 

Mehriban Zeynalova belə halların qarşısının alınması üçün ciddi tədbirlərin görülməli olduğunu vurğulayıb:

 

“Valideynin özünü cinayət məsuliyyətinə cəlb edib, erkən yaşda qızını niyə ərə verdiyini soruşmaq lazımdır ki, camaata görk olsun. Artıq bu addımı atmasaq, valideynlər öz bildiyini edəcək. Hesab edirəm ki, bu çox ciddi məsələdir və burada artıq dövlət qurumları, oradakı icra hakimiyyəti orqanı, hüquq-mühafizə orqanları, məktəb də iştirakçı qismində dindirilməlidir ki, siz hara baxırdınız. Ya işdən azad edilməlidirlər, ya da məsuliyyətə cəlb olunmalıdırlar. Yəni, hansısa formada cəza metodunu tətbiq etmək lazımdır. O halda o biri rayonlarda da artıq işi itirməmək üçün belə məsələlərdə daha diqqətli olarlar. Yoxsa, bu stereotiplər, görüm-baxımlar, hansısa gözyummalar daha ağır faciələrə səbəb olacaq”.

 

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu da belə halların qarşısının alınması üçün valideynlərin məsuliyyətə cəlb olunmasının tərəfdarıdır:

 

“Bu məsələdə birinci növbədə həm qızın, həm də oğlanın valideynləri günahkardır. İkisinin də valideynləri məsuliyyətə cəlb olunmalıdır.16 yaşlı qızı ərə vermək olarmı?! Azyaşlı qızları ərə verməyi dayandırmaq lazımdır. Oğlan psixi problemləri olan uşaqdır. Ola bilməz ki, heç nədən qızı boğsun. Bu hadisə bizə çox pis təsir edir. İllərdir, seminarlar aparırıq, deyirik ki, 16 yaşlı, həddi-buluğa çatmamış qızları ərə verməyin. Amma bu halların sayı daha da artır. Qeyri-hökumət təşkilatları üçün hər şeyi bağlayıblar, rayona da gedə bilmirik ki, camaatla danışaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır