Modern.az

Yeddi oğul, bir qız istəyi keçmişdə qaldı...

Yeddi oğul, bir qız istəyi keçmişdə qaldı...

Aktual

4 Aprel 2012, 10:53

Son zamanların təcrübəsi göstərir ki, təzə evlənənlərə “Yeddi oğul, bir qız istəmək” arzusu arzudan o tərəfə keçmir. Demək olar ki, artıq bizim ailələr də çin modelinə keçib. Hər ailədə bir qız, bir oğlan prinsipi hökm sürür. Hətta bu tendensiya kəndlərə də sirayət edib. Bunu sağlam ailə modelinin olmaması, boşanmaların sayının artması, maddi çatışmazlıq, müasir dövrün tələbləri və s. ilə əlaqələndirirlər.

Bəs Milli Məclisin Sosial Siyasət Komitəsində nə fikirdədirlər? 

Komitənin  sədri Hadı Rəcəbli bildirib ki, Azərbaycanda maddi imkanları aşağı olan ailələr çoxuşaqlıdır, bu isə xəstə, kasib ailələrin sayının artmasına gətirib çixarır. O, sivil ölkələrdə daha varlı ailələrin çoxuşaqlı olduğunu deyib. Onun sözlərinə görə, imkanlı ailələr uşaq saxlamaq əvəzinə ev heyvanları saxlayırlar: “Mən bununla razı deyiləm. Belələrini ictimai qınağa çəkməliyik. Axı uşaq böyütmək, onu tərbiyə etmək daha faydalıdır”.

Çoxuşaqlı ailələrə hər hansi bir güzəştin nəzərdə tutulmamasının səbəbinə gəlincə, deputat deyib ki, Azərbaycanda  illik artım 1,07 faizdir, ona görə də buna ehtiyac yoxdur: “Almaniya, Rusiya kimi  ölkələrdə əhalinin  sayı azaldığı səbəbindən bu məsələdə əhalinin həvəsləndirilməsi üçün güzəştlər, həvəsləndirici mıəqamlar var. Azərbaycanda isə bu cür güzəştlər işsizlik və bu kimi başqa problemlərin sayını artıra bilər”.

Milli Məclis Sosial Siyasət komitəsinin üzvü Elmira Axundova isə öncə “çoxuşaqlı ana” anlayışına aydınlıq gətirib. O, sovet dönəmində “çoxuşaqlı ana” dedikdə, 3 və daha çox uşağı olan qadınlar başa düşüldüyünü, hətta 8-10 uşağı olan qadınlar üçün “Qəhrəman ana” statusu müəyyən edildiyini, onlar üçün əlavə güzəşt və imtiyazlar da nəzərdə tutulduğunu bildirib.

“Hazırda isə bizdə hüquqi baxımdan “çoxuşaqlı ana” anlayışına aydınlıq gətirilmir. Qanunvericiliyimizdə bir tək “Əmək pensiyaları haqqında Qanun” a görə güzəşt 5 və daha çox uşaq doğub, onları 8 yaşınadək tərbiyə etmiş və azı 10 il stajı olan qadınlara şamil edilir. Bu qrup qadınların qanunvericiliklə pensiyaya çıxma yaş həddi hər uşağa görə bir il azaldılmaqla müəyyən edilir. Açıq şəkildə olmasa da, dolayı yolla bu maddədən belə anlaşılır ki, bizdə “çoxuşaqlı ana “dedikdə,5 və daha çox uşağa sahib olan qadın nəzərdə tutulur. Buna görə də bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsinə və bu məsələlərin hüquqi baxımdan hərtərəfli həll edilməsinə ehtiyac var”.

E. Axundova qeyd edib ki, sosial məsələlərlə bağlı müzakirələr gedərkən həmişə çoxuşaqlı qadınların vəziyyəti ilə bağlı çıxış edib, öz fikrimi bildirib: “Bir sıra görüşlərdə insanlar təklif edib ki, ünvanlı sosial yardım əvəzinə və ya onunla bərabər əhaliyə verilən uşaq pulu məsələsinə yenidən baxılsın. Mən də çox istərdim ki, sovetlər dövründə olduğu kimi uşaqlar yetkinlik yaşına çatana qədər hər ay uşaq pulu verilsin. Hətta təklif edərdim ki, çoxuşaqlı ailələrə xüsusi qaydada əlavə güzəşt və yardımlar edilsin”.

Onun sözlərinə görə, hətta çoxuşaqlılar diyarı kimi tanınan cənub bölgəsində də əvvəllər bir ailədə ən az 6-7 uşaq dünyaya gəlirdisə, indi yeni qurulmuş ailələr 1 və ya 2 uşaqdan çox övlada sahib olmaq istəmirlər: “Məncə aylıq uşaq pulu verilsə, həmçinin birdəfəlik müavinətin həcmi yüksək olsa, ailələrin də uşağa sahib olma həvəsi artar. Mən çox gözəl başa düşürəm ki, bizdə demoqrafik vəziyyət Avropa dövlətlərində, Rusiyada, Ukraynada və s. yerlərdə  olduğu kimi kəskin deyil. Lakin unutmaq olmaz ki, məsələ təkcə uşağı dünyaya gətirməkdə deyil, daha sonra bu uşaqların düzgün qidalanması, tərbiyə, sağlamlıq, məktəb ləvazimat və geyim məsələləri də nəzərə alınmalıdır. Mənim qeyd etdiyim uşaq pulu və böyük məbləğli birdəfəlik müavinətlər məhz uşaqların bu ehtiyacına qarşılamaq üçün hesablanmalıdır. Bunun üçün də düşünürəm ki, genofondumuzun qorunması baxımından qeyd etdiyim bu məsələlərin xüsusi əhəmiyyəti var”.

 

Aygün Asifqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!