Modern.az

Hadi Rəcəbli: “Seçki mübarizəsi güclü gedir”  

Hadi Rəcəbli: “Seçki mübarizəsi güclü gedir”  

1 Fevral 2020, 14:45

74 saylı Lənkəran kənd seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hadi Rəcəbli 9 fevralda Azərbaycanda keçiriləcək parlament seçkilərinin təbliğat-təşviqat mərhələsinin gedişatı ilə bağlı Modern.az-ın suallarını cavablandırıb.

 

O, seçki kampaniyasının uğurla davam etdiyini bildirib:

 

“Azərbaycanda demokratik seçkilərin növbəti nümunəsi özünü göstərir. Bu seçkilərdə əvvəlki illərdən fərqli olaraq daha çox insan deputat olmaq arzusundadır. Bu, əlbəttə, sevindirici haldır. Seçki ilə bağlı görüşlər, tədbirlər keçirilir. Mən artıq 12 görüş keçirmişəm. Bu görüşlər çox yüksək səviyyədə keçib. Seçicilər bir daha Yeni Azərbaycan Partiyasının namizədinə hamılıqla səs verəcəklərini deyib və bizim yerlərdə olan qurumların hamısı YAP namizədinin ətrafında sıx birləşiblər. Bu, təkcə YAP üzvləri deyil. Mənim atam, əmim, dayılarım, qohum-əqrəbam Lənkəranda yaşayıb işləyiblər. Böyük bir nəslin nümayəndəsiyəm. Beləliklə, mənim də əhatəmdə xeyli adam var. Lənkəranlılara minnətdaram ki, mənim gördüyüm işləri də qiymətləndirirlər, səsləndirirlər. Bəzən mənim özümü narahat etsə də, şəhid ailələrinə, Qarabağ ailələrinə kömək etdiyimi deyirlər. Bütün görüşlərdə şəhid ailəsinin atası daim mənim yanımdadır, Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri, Yeni Azərbaycan Partiyası aparatının rəhbəri mənimlə görüşlərə gedir. Fürsətdən istifadə edib, namizədliyimi irəli sürən möhtərəm prezidentimiz İlham Əliyev cənablarına,Yeni Azərbaycan Partiyasına öz minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda seçicilərimə, məni dəstəkləyən Lənkəranın bütün kənd əhalisinə öz razılğımı və minnətdarlığımı bildirirəm.

 

 

H.Rəcəbli seçki kampaniyası çərçivəsində yaşanan xoşagəlməz halların onu yolundan döndərmədiyini də vurğulayıb:

 

“Bütün dünyada seçki mübarizəsində problemlər yaranır. Nə edəsən ki, zəif qüvvələr yalanlardan istifadə edirlər. Mənim haqqımda da həmişə olduğu kimi yalanlar gəzir, iftiralar yaranır, çox gülünc fikirlər paylaşılır. Bu əməllər mütləq qanunlar daxilində öz cəzasını almalıdır. Yalanlar, iftiralar, əlbəttə ki, xalq tərəfindən çox narahatçılıqla qəbul olunur. Siyasi mübarizəyə əsasən siyasi partiyalar qatılırlar. Belə olanda mübarizə də daha rahat olur. Amma mənim rəqiblərim fərdi qaydada namizəd olanlardır. Dünya seçki təcrübəsində çox nadir hal olan bir kənddən üç namizəd var. Digər bir məqam odur ki, seçki mübarizəsi əvəzinə bir qrup insanlar birləşirlər. Dörd namizəd bir yerdə iclas keçirir, başqa yerdə üç namizəd bir-birinə qoşulur. Digər bir xoşagəlməyən məqamı da vurğulamaq istəyirəm. Hələ seçki başlamayıb, amma öz məğlubiyyətini bilən bəzi namizədlər indidən məntəqələrə xox gəlirlər, deyirlər ki, belə yazacağıq, belə edəcəyik. Əlbəttə, bunlar da seçki kampaniyasında olan məsələlərdir. Tarixə diqqət yetirsək, görərik ki, bütün seçki kampaniyalarını uduzanlar mütləq yazı yazırlar, şikayət edirlər. Bu Amerikada da, Avropada da, dünyanın digər yerlərində də belədir. Biz də bunu, əlbəttə ki, dözüm və hövsələ ilə yola veririk.

Odur ki, Hadi Rəcəbli seçkilərə qatılıb, seçki mübarizəsi güclü gedir. Mənim ətrafımda minlərlə adam var və mən bununla iftixar hissi keçirirəm. Yenə də partiyama, lənkəranlılara öz minnətdarlığımı bildirirəm ki, onlar məni ruhlandırır, daim yanımdadırlar və yüksək əhval-ruhiyyə ilə seçki kampaniyasını aparırıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır