Modern.az

Hansı Universitetlər, Təhsil, yoxsa Tədqiqat?                      

Hansı Universitetlər, Təhsil, yoxsa Tədqiqat?                      

Təhsil

3 Fevral 2020, 14:27

Tədqiqat sözü orta əsr Fransız dilində “recherché” sözündən əmələ gəlmişdir, mənası “axtarmağa getmək” deməkdir. Termin kimi ilk dəfə 1577-ci ildə işlənmişdir. Orijinal tədqiqat dedikdə aparılan tədqiqata dair əvvəllər nəşr olunmuşların şərhi, xülasəsi, yaxud sintezi nəzərdə tutulmur. Orijinal tədqiqatın məqsədi yeni bilik üzə çıxarmaqdır, nəinki mövcud olan biliyin yeni formada ortaya qoyulması. Yeni bilik də müxtəlif formalarda ola bilər – eksperiment formasında, analitik-təhlil formasında.

 

Tədqiqatın orijinallığının dərəcəsi bir qayda olaraq akademik jurnallarda dərc olunan məqalələrdə əsas kriteriya kimi götürülür. Elmi- tədqiqat məlumatların və uyğun maraqların sistemli surətdə toplanmasıdır. Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 saylı əmri ilə Ali Təhsil müəssisələrinə Tədqiqat universiteti statusu verilməsi üçün Tələblər müəyyən edilmişdir. Həmin tələblərə görə tədqiqat universiteti müvafiq infrastruktura, elektron kitabxanaya malik olmalı, son bir təqvim ili ərzində beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda (Üeb of Science, SCOPUS) respublika üzrə nəşr olunan məqalə sayının azı 10% həmin universitetin payına düşməli, universitetdə doktorantuura üzrə kadr hazırlığı aparılan hər bir ixtisas üzrə ən azı 5 professor və ya dosent çalışmalı, ən azı universitetdə bir dissertasiya şürası fəaliyyət göstərməli, magistratura səviyyəsində ixtisaslaşmaların beynəlxalq akkreditasiyadan keçməsi, universitetdə anti-plagiat sistemindən istifadə edilməsi (?) və yerli və beynəlxalq donoorlardan son 5 ildə elm sahəsində ən azı 20 qrant alması kimi tələblər irəli sürülür. Bəzi tərəflərini nəzərə almasaq irəli sürülən tələbləri başlanğıc üçün qənaətbəxş hesab etmək olar.

 

Bəs bu sahədə dünya təcrübəsi nə deyir?

 

Əlbəttə bu anda ilk növbədə ağlımıza dünya ali təhsil sisteminin favoriti hesab olunan ABŞ gəlir. ABŞ ali təhsil sistemiinə 5300 kollec və universitet daxildir. (Müqayisə üçün deyək ki, Avropada 4000 kollec-universitet var ki, bunlardan da 3300 Avropa İttifaqı ölkələrinin payına düşür). Vahid bir təhsil sistemi olmasa da (əslində bir növ sistemsizlik hiss olunur) bu bir statistik rəqəmdir. Bir qayda olaraq dünya reytinqinə həmin kollec və universitetlərdən ancaq 35-40% düşür. Yerdə qalanları müxtəlif səbəblərdən (akkreditasiyadan kecməyənlər, tələbə sayı az olanlar, dörd illik bakalavr dərəcəsi verməyənlər) bu siyahıda nəzərə alınmırlar.

 

Bəs  bu reytinqə uyğun gələn kollec və universitetlər necə təsnif olunurlar?

 

Ali Təhsil müəssisələrinin Karnegi Təsnifatı və ya sadəcə Karnegi Təsnifatı, ABŞ-dakı kollec və universitetlərin təsnifatı üçün bir çərçivədir. 1970-ci ildə ilk olaraq Tədrisin İnkişafı üçün Karnegi Fondu tərəfindən yaradılıb və Universitetlərin ilk təsnifatını 1973-cü ildə nəşr edib, 1976, 1987, 1994, 2000, 2005, 2010 və 2015-ci illərdə bu təsnifat yenilənib. Karnegi Fondu Karnegi Təsnifatı üçün bütün məsuliyyəti 8 oktyabr 2014-cü ildən Bluminqtonda yerləşən İndiana Universitetinin Təhsil fakültəsinin nəzdində fəaliyyət göstərən Ali təhsil üçün Tədqiqatlar Mərkəzinə verib.  Bu təsnifat ilk növbədə təhsil və tədqiqat məqsədlərinə xidmət edir, eyni zamanda göstəricilərinə görə eyni nəticələrə malik olan  ali təhsil müəssisələrinin statuslarını müəyyən etməkdir. Təsnifata əsasən, Birləşmiş Ştatların akkreditə olunmuş, akademik dərəcələr verən (bakalavr, magistr, Ph.D) kollec və universitetlərini əhatə edir. Təsnifatda istifadə olunan məlumatlar Təhsil Statistikası üzrə Milli Mərkəzdən və Kolleclər Şurasından alınır.

 

Həmin təsnifata diqqət yetirək.

 

Doktorluq dərəcəsi verən universitetlər – bu təsnifata daxil olan

universitetlər hər il ən azı 80 doktorluq dərəcəsi vermiş olurlar. Professional doktorluq dərəcələri (məs. Tibb üzrə doktorluq dərəcələri – M.D. Medical Doctor, Hüquq üzrə doktorluq dərəcələri J.D. Jurist Doctor) buraya aid edilimir. Bu universitetlərin özləri də apardıqları tədqiqatların səviyyəsinə görə yenidən təsnifata bölünürlər. Məsələn,

R 1 (Research – yəni Elmi – tədqiqat) universitetlər. Bu qrupa aid olan universitetlər cox yüksək Tədqiqat fəaliyyəti olan universitetlərdir. 2019-cu ilin nəticələrinə görə ABŞ-da 131 belə universitet vardır.

R 2 universitetlər – Yüksək tədqiqat fəallığı olan universitetlərdir. 2019-cu ilin nəticələrinə görə ABŞ-da 135 belə universitet olmuşdur. Bu universitetlərin əvvəlki təsnifat universitetlərdən aşağı olmasının səbəbi ondadır ki, ya onların lazımı qədər tədqiqat bazası yoxdur, ya da hər adam başına düşən tədqiqat sayı azdır.

R 3 professional universitetlər – 20-dən az doktorluq dərəcəsi verən universitetlər. 2019-cu ilin nəticələrinə görə ABŞ-da 161 belə universitet olmuşdur.

 

Maqistr dərəcəsi verən kollec və universitetlər. Bu təhsil müəssisələrinin özləri də bir neçə qrupa bölünür.

M 1. İldə 20-dən az doktorluq dərəci verən, ən azı 200 magistr dərəcəsi verən daha geniş proqramları olan kollec və  universitetlər. ABŞ-da 393 belə kollec və universitet vardır.

M 2. İldə ən azı 100-199 master dərəcəsi verən kollec və universitetlər. ABŞ-da 207 belə kollec və universitetlər vardır.

M 3. İldə 50-99 magistr dərəcəsi verən kollec və universitetlər. ABŞ-da 141 belə kollec və universitet vardır.

Bakalavr dərəcəsi verən kollec və universitetlər. Bu təhsil müəssisələri ildə bütün bakalavr dərəcəsinin ən azı 10%-ni əhatə edir və 50-dən az magistr dərəcəsi verir. ABŞ-da 991 belə kollec fəaliyyət göstərir.

Associate degree (müştərək dərəcə) verən kolleclər. Bu dərəcəsi ABŞ-da bakalavr dərəcəsi hesab olunur, orta məktəb diploma ilə bakalavr dərəcəsi arasında olan kvalifikasiyadır. ABŞ-da 1106 belə kollec vardır.

Elmi - tədqiqat aktivliyi indeksini müəyyən etmək üçün ABŞ-da aşağıdakı kriteriyalar mövcuddur:

 

Dəqiq və mühəndislik elmlərində tədqiqata və inkişafa çəkilən xərclər

Digər elm sahələrinə çəkilən xərclər

Dəqiq və mühəndislik elmləri üzrə professor-müəllim heyəti (postdoktor vəzifəsində işləyənlər və doktorluq dərəcəsi olanlar)

Humanitar, social elmlər, texnologiya, mühəndislik, riyaziyyat, dəqiq elm sahələri, başqa sahələr (bizness, pedaqoji, dövlət siyasəti, social iş) üzrə doktorluq dərəcəsi olanlar

Bu dörd ölçü prisipial komponent təhlildən istifadə edərək birləşdirilir ki, tədqiqat aktivliyinin iki göstəricilərini yaratsın. 1) tədqiqat aktivliyi səviyyəsinin məcmusu, 2) adam başına düşəm tədqiqat aktivliyi. Hər iki göstəricisi yüksək olan təhsil müəssisələri ən yüksək tədqiqat aktivliyi olan universitetlər sırasındadır.

Təsnifatdan da göründüyü kimi ABŞ-da ali təhsil müəssisələrinin bölgüsü çox parametrləri əhatə edir ki, bu da o sistemin özəlliyindən irəli gəlir.

Müasir, dünya səviyyəli universitet dedikdə güclü elmi-tədqiqat bünövrəsi olan universitet yada düşür. Unutmaq olmaz ki, sənaye və texnologiyalar o qədər sürətlə inkişaf edir ki, universitetlər onların nəbzini tutmaqda çətinlik çəkirlər. Doğrudan da bugün yeni olan sabah artıq köhnəlir, öz yerini başqa  bir yeniyə verməyə məcburdur. Artıq yeni universitet modeli – təhsil, elm, əmək bazarı modeli. Belə universitetlər Universitet 3.0. Əslində universitetlər bugün yeni  bir statusda – biznes modellər, yeni fikirlər olan məkanda fəaliyyət göstərməlidir ki, onların kommersiyalaşmasına nail olmaqla güclü maddi-texniki baza yarada bilsinllər. Beynəlxalq əməkdaşlıq bu işdə uniiversitetlərə daha yaxından yardımçı ola bilər. Biz bugün daha çox kəşf edilənlərin bazasında yeninin yaradılmasına daha çox diqqət yetirməliyik, nəinki yeni nəsə kəşf etməyə. Kəşf etməyin zamanı hələ bizim universitetlərə gəlib çatmayıb. Bunun üçün biz ilk növbədə güclü beyin mərkəzləri yaratmalıyıq, sonra qalan fundamental məsələlər öz həllini tapacaq, eyni zamanda dövrümüzün möcüzəsi olan rəqəmsal texnologiyaların verdiyi imkanlardan yararlanmaqla ali təhsil müəssisələrimizin də reytinqinin yüksəlməsinə nail olaq.

 

Professor Əfqan Abdullayev

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar