Modern.az

Koronavirus seçicilərin vecinə deyil – NAMİZƏDLƏR DANIŞDI

Koronavirus seçicilərin vecinə deyil – NAMİZƏDLƏR DANIŞDI

Parlament

4 Fevral 2020, 08:00

Çində ortaya çıxıb, dünyanı cənginə alan koronavirus Azərbaycan mediasının da diqqətindədir.

İndi bütün dünya bu virusdan danışır. O sahə yoxdur ki, bu ölüm kabusu özünü orada mənfiliklə göstərməsin.

Maraqlıdır, koronavirus bizim üçün əsas gündəm olan 9 fevral növbədənkənar parlament seçkilərinin təbliağat-təşviqat mərhələsinə necə təsir edir, namizədlərin görüşünə gələn seçicilərin sayını azaltmır ki?

Məsələ ilə bağlı bir neçə namizədlə əlaqə saxlayıb, seçki kampaniyasının gedişini öyrəndik.

 

Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi birinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızı narahatlığa heç bir əsas olmadığını bildirib:

“Bu, bir epidemiyadır. Hava-damcı infeksiyası deyirlər, belə infeksiyalara. Dünyada bu, beynəlxalq təşkilatlar tərəfindən təhlükəli bir virus kimi elan olunub. Ölkəmizdə də əhalimizin, vətəndaşımızın bu virusa yoluxma ehtimalını minimuma endirmək məqsədi ilə ən yüksək şəkildə tədbirlər görülüb.

Bu, elə bir xəstəlikdir ki, havayla keçir. Havayla keçirsə, burada nə gömrük, nə sərhəd məsələsi var. Mənim deputatlığa namizəd kimi görüşlərimin hamısı məhlələrdə, insanlarla təmasda keçir. Heç nədən də çəkinmirəm. Hansısa vətəndaşda belə bir şey olarsa, təbii ki, mənim ona tibb təhsili olan biri kimi köməyim dəyə bilər. Hələ ki, keçirdiyimiz görüşlərdə bununla bağlı bir narahatlıq olmayıb. Əminəm ki, bu xəstəlik Azərbaycandan yan ötəcək”.

 

 

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizəd Natiq Cəfərli görüşlərə gələnlər arasında maska taxanların olduğunu deyir:

“Hələ şükürlər olsun ki, nəinki Azərbaycanda, bölgəmizdə belə bir təhlükənin olmadığı görünür. Diləyimiz də odur ki, bu təhlükədən ölkəmiz, ümumiyyətlə, yan keçsin. Son günlər görüşlərə gələnlər arasında tibbi maska taxanları gördüm. Dünən Lökbatanda da çox böyük bir görüş keçirdik. Gələn insanların bəzilərində, səhv etmirəmsə, iki nəfərdə maska gördüm. Görünən odur ki, insanlar bu haqda düşünür və bunun təhlükə olduğunun fərqindədirlər. Düşünürdük ki, ola bilər bu koronavirus panikasının yayılması görüşə qatılanların sayına təsir etsin. Amma hələ ki görüşlərə gələnlərin sayında azalma hiss olunmur”.

 

 

117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputalığa namizəd Ləman Ələşrəfqızı da qeyd edir ki, komandasındakılardan bəziləri qrip olsa da, seçki kampaniyası uğurla davam edir:

“Bu dəqiqə vəkillərimdən biri qripdir. Amma koronavirusa aidiyyatı varmı, yoxmu, bilmirəm. Amma hamı öz işinin başındadır. Bir gün də xəstə yatmayıblar. Qızdırmanı gecəylə salırlar, gündüz isə seçki təşviqatımızı hamımız birlikdə aparırıq. Ağır formalı qrip kimi yanaşırıq. Özüm seçki təşviqatına başlamazdan əvvəl ciddi şəkildə xəstələnmişdim, yeni ilimizi o şəkildə qarşılamışdıq”.

 

 

29 saylı Səbail seçki dairəsindən namizəd Bəxtiyar Hacıyev də narahatlığa heç bir əsas görmür:

“Ölkə üzrə hansısa təsiri varsa, bizə də o şəkildə təsir edəcək. Biz normal şəkildə öz kampaniyamızı davam etdiririk və düşünürük ki, dövlətin müvafiq qurumları, o cümlədən də Səhiyyə Nazirliyi lazım olan addımları atacaq. Bizə kampaniya müddətində hansısa xəbərdarlıq gəlsə, nəzərə alacağıq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər