Modern.az

Sizin icra başçınız: Füzulililər Alı Alıyevə belə qiymət verdilər

Sizin icra başçınız: Füzulililər Alı Alıyevə belə qiymət verdilər

5 Fevral 2020, 12:47

Azərbaycanda rayon və şəhər icra hakimiyyətlərinin fəaliyyətinə heç vaxt birmənalı yanaşılmayıb. Bu da ondan irəli gəlir ki, bəzi icra başçıları onlara etimad olunan vəzifədən sui-istifadə etməklə necə deyərlər, “qurunun oduna yaşı da yandırıblar”.
Nəticədə də yaxşı işləyən icra başçıları pislərin fonunda itib-batıblar.


Məsələn, yerli icra hakimiyyəti başçılarının rəsmi vəzifə maaşları əhalinin sayına müvafiq olaraq 800-1000 manat arasında dəyişdiyi halda onlardan kiminsə bahalı maşın kolleksiyasına malik olduğu, şəxsi mühafizəçilər saxladığı haqda təkzibedilməz xəbərlər yayılır. Ya da görürsən ki, sosial şəbəkədə hansısa icra başçısının övladının Avropanın ən bahalı otellərində lüks həyat tərzini əks etdirən fotoşəkilləri yayılır.


Bu cür halları az qala adiləşdirən bəzi icra başçıları yerlərdə əhalinin şikayət və təkliflərinə də biganə yanaşır, süründürməçiliyə yol verirlər. Nəticədə də vətəndaşlar yerlərdə həll olunmalı problemlərinə laqeyd yanaşıldığından nicatı daha yuxarı dövlət orqanlarında, o cümlədən Prezident Administrasiyasına müraciət etməkdə axtarır. Hesablama Palatası da tez-tez hansısa rayon İcra hakimiyyətində korrupsiya faktları açıqlayır və bu barədə məlumatı ictimailəşdirir.

 

Təcrübə, eləcə də əhalinin müraciətlərinin təhlili danılmaz bir həqiqəti üzə çıxarır ki, vətəndaş öz problemi ilə əlaqədar müraciət etdiyi ilk instansiyadan əsaslı və konkret cavab alarsa, heç vaxt yuxarı orqanlara yazılı müraciət etməz və uzun məsafəni qət edərək, paytaxtdakı müxtəlif idarələrin qapısını döyməz.


Əlbəttə, biz yuxarıda sadalanan neqativ halları bütün rayon və şəhər İcra hakimiyyətlərinə aid etmirik. Yaxşı işləyən, yerlərdə əhalinin hörmət və ehtiramını qazanan icra başçıları da var.


Modern.az saytının “Sizin icra başçınız” adlı bu rubrikasında bölgələrə rəhbərlik edən rəsmi şəxslərin fəaliyyətindən söz açılır. Rubrikamızda icra başçılarının işinə verilən qiyməti həmin regionun deputatı və eks-deputatı, jurnalisti, ziyalısı və müxalifət nümayəndəsinin fikirlərində görə biləcəyik. Baxaq görək, onlar  icra başçılarının fəaliyyəti barədə hansı qənaətdədirlər?

 

Rubrikanın növbəti təqdimatı Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevə həsr olunur.

 

Alı Alıyev dövlət başçısının 25 fevral 2011-ci il tarixli sərəncamı ilə Füzuli rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

 

Bir gün eşidərsiz, Alı da köçdü...

 

Tanınmış yazıçı Seyran Səxavət: “Mən o kişi ilə bu uzun illərdə  bircə dəfə görüşmüşəm. Füzuli şəhəri işğal altındadır. Rəhbərlik Horadizdə yerləşir. Lap çoxdan Horadizdə olmuşdum. Biz tələbə vaxtı da həmişə Horadizə gələrdik. Oradan da qatarla qayıdıb, gələrdik, Bakıya. Horadiz çox bərbad bir yer idi. Mən keçən il aprel ayında dostum vasitəsilə Füzulidə oldum. Onda gördüm ki, Horadiz nə qədər dəyişib. İndi bizdə dəbdir, televiziyalarda, qəzetlərdə saytlarda deyirlər ki, böyük dəyişikliklər olub, filan. Mən heç böyük dəyişiklik demirəm. Elə bil Horadizi söküb, yenidən qurublar. Gözümü bağlayıb, aparıb, Horadizdə açsaydılar və desəydilər ki, bura haradır, inanın, tanımazdım. Qayıdandan sonra “Horadiz möcüzəsi” adlı yazı yazdım. Onu həm sayta verdim, həm də “525-ci qəzet”  və “Ədalət” qəzetləri çap elədi. Alı müəllim orada hər şeyə tam nəzarət edir. Həssas bölgə olmasına baxmayaraq, rayona kimin girib-çıxdığı, nə vaxt, necə, nə üçün gəldiyi nəzarətdədir. Mənə deyilənə görə, camaatın xeyirində, şərində həmişə iştirak edir. Problemi olan onun yanına gəlir və o da bir başçı kimi onlara əl uzadır. Əl tutmaq Əlidən qalıb, həm də əl tutmaq Füzulidə, deyəsən, Alıdan da qalıb. Mən onunla görüşəndə 73 yaşım var idi. Dünyagörmüş kişiyəm, bizə o yaşda bir dəfə görmək də bəs edir. Alı Alıyev mənə alicənab təsir bağışladı. İcra hakimiyyətində olan bir neçə başqa adamla da tanış oldum. Onlar da ağızdolusu danışırdılar. Onların özlərinin bir-biri ilə çox mehriban olduqlarını gördüm. Hər şey ailə başçısından asılıdır. Düzdür, adları icra başçısı gedir. Amma böyük bir ailənin başçısıdır. Orada on minlərlə adam yaşayır. Elə bil ki, Alı müəllim orada çoxuşaqlı bir ailənin başçısıdır. Tez-tez gedib-gəlirəm, orada bibim yaşayır. Camaat onun haqqında danışanda görürsən ki, adam işləyir. Doğrudan da möcüzə yaradıblar. Mən gözümlə gördüyümə inananam. Həmişə qulağımdan çox gözümə etibar etmişəm”.

Alı Alıyev öz maraqlarına işləyir...

 

Müstəqil jurnalist Məhəbbət Orucov: “Onu deyim ki Alı Alıyev uzun illərdir ki, Füzuli rayon İcra Hakimiyyətinin  başçısıdır. Amma işlədiyi dövrdə onun Füzuli rayonunda gördüyü işlər heç də qənaətbəxş olmayıb. Sadəcə o, öz maraqları naminə xeyli işlər görüb. İnsanlar da ondan kifayət qədər narazıdır. Alı Alıyev hətta dövlətin verdiyi aylıq müavinətlərə belə gözünü dikən adamlardandır. Alı Alıyev Füzuli rayonunu idarə etdiyi müddətdə ondan heç xoş söz deyən tapılmadı. Dəfələrlə sosial vəziyyəti ağır olan məcburi köçkünlərin çörək pulunun kəsilməsində xüsusi canfəşanlıq edib, insanları aldadıb. İnsanlar bununla bağlı Nazirlər Kabinetinə müraciət etsələr də, Alı Alıyev buna əhəmiyyət vermir. O, ölkə rəhbərliyinə göndərilən şikayət məktublarına belə əhəmiyyət vermir. Füzuli rayonunda insanların sosial durumu heç də ürəkaçan deyil. Bu adam Füzuli rayonunda 22 kəndə rəhbərlik edir. Heç Bakıdakı məcburi köçkünlərdən xəbəri yoxdur. İşğaldan azad olunmuş ərazidə məskunlaşmış insanların məşğulluğunu belə təmin etmir. Orada özünəməşğulluqla bağlı dövlət başçısının irəli sürdüyü proqram da nəzərə alınmır. Məndə olan məlumata görə, hətta məşğulluqla bağlı insanlara verilən kartlar belə Alı Alıyevin seyfindədir. Sadəcə olaraq, onun əvvəli də belə olub, indisi də. Özümün də, ikinci qrup əlil övladımın da ona işi düşüb. Ona dəfələrlə məktub yazılıb, amma məktublara cavab verməyib”.

 

Məhəbbət Orucov qeyd edib ki, onun fəaliyyəti ancaq öz maraqlarını təmin etməkdən ibarətdir:

 

“Mən həmişə düşünürəm ki, Fizuli rayonu yerində deyil. 22 xırda-para kənd var, bu kəndləri lazımi şəkildə idarə edə bilmir. Çünki maraqları var. Marağı cibini doldurmaq, özünə şirkət açmaqdan ibarətdir. Bu adam torpaq satmaqla ad çıxarıb. Heç bir iş görməyib. O, sadəcə özündən böyüyə yaltaqlanan, özündən aşağı səviyyədə olana zülm edən icra başçısıdır. Köhnəlib, heç bir yeniliyi, ideyası yoxdur. Bu adam Füzuli camaatı üçün, Bakıdakı məcburi köçkünlər üçün heç bir iş görməyib.

Alı Alıyev Füzuli rayonunun icra başçısı deyil, bir neçə kəndin icra nümayəndəsidir. Onun funksiyası bundan ibarətdir. Alı Alıyev Füzulinin qazlaşdırılmasını filan öz adına çıxmasın, bunu ölkə başçısı edir. Onun nə elə fərasəti, nə də təşəbbüsü ola bilər. Hətta çörək pulunun verilməsində də onun rəhbərliyi ilə fırıldaqlar var”.

 

Alı Alıyevdən yoxdur...

 

Müğənni Manaf Ağayev isə deyir ki, Alı Alıyev haqqında mənfi rəy bildirənlər onu sevməyənlərdir:

 

“Mən özüm konsertə də getmişəm, özünün görüşündə də olmuşam, çox gözəl qarşılanmışam. Alı Alıyevdən sonra Füzuli çox gözəl olub. Heç tanımaq olmur ki, bura qaçqın zonasıdır. Bu, həqiqətdir. Camaat da bunu deyə bilər. İki-üç nəfər başqa şey deyənlər düşməni olan adamlardır. Çox gözəl insan, ağsaqqaldır, gözəl də işlər görür. Ondan millət də, dövlət də razıdır. Gördüyü işlər də göz qabağındadır. O, gələndən sonra neçə-neçə parklar, şəhərciklər salınıb, böyük dəyişikliklər olub. Kəndlərin qazı, suyu, yolu yaman gündə idi. Hamısı artıq yoluna qoyulub. Təzə məscidlər, məktəblər tikilib. Böyük bir Heydər Əliyev parkı tikilib ki, heç Bakıda elə bir park yoxdur”.

 

Mətbuatla çox maraqlanır, saytları şəxsən izləyir...

 

Hərbi ekspert, “AzeriDefence” jurnalının baş redaktoru Rəşad Süleymanov:

 

“Orada yaşamasam da, mütəmadi olaraq rayonla əlaqədəyəm. Alı Alıyev bu rayona başçılıq elədiyi dövrdə bir çox dəyişikliklərin şahidi olmuşam. Alı müəllim əvvəlki icra başçısı Nəbi Muxtarovun uzunmüddətli başçılıq erası bitəndən sonra təyin olunub. İctimaiyyətə və mətbuata kifayət qədər açıq insandır, jurnalistlərlə işləməyi çox sevir. Onunla indiyə qədər bir neçə dəfə tədbir çərçivəsində təmasda olmuşam. Mütəmadi olaraq rayonun kəndlərində vətəndaşlarla görüşür, bəzən özü reydlər keçirir. Vətəndaşlarla görüşərək, onların dərdini-sərini dinləyir, müvafiq tapşırıqlar verir. Alı müəllim öz yaşındakı icra başçılarından fərqli olaraq mətbuatla çox maraqlanır, internet saytlarını mütəmadi olaraq şəxsən izləyir, orada gedən yazılara reaksiya verir. Rayonun cəbhə bölgəsinə aid olduğunu və yarısının işğal edildiyini nəzərə alsaq, həm də ərazinın “hərbi nümayəndəsi”dir. Çünki əhali ilə, eləcə də hərbçilərlə daim təmasda olur. Hərbçiləri təkcə bayramlarda deyil, digər günlərdə də ziyarət edir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir