Modern.az

Mətbuat Şurası Xədicə İsmayılın müraciətinə cavab verdi

Mətbuat Şurası Xədicə İsmayılın müraciətinə cavab verdi

5 Aprel 2012, 14:50

Dünən “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın işi ilə bağlı aparılan istintaqın nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda X. İsmayıl bildirib ki, “Yeni Azərbaycan", "İki sahil" və "Səs" qəzetlərini məhkəməyə verəcək. Bununla bağlı jurnalist Mətbuat Şurasına müraciət ünvanlayıb. X.İsmayıl deyib ki, bu qəzetlər son zamanlar onun haqqında təhqiramiz yazılar dərc edir.
”Bu məsələ ilə bağlı Mətbuat Şurasına müraciət ünvanlamışam. Bu müraciətə baxılmasa, məhkəməyə müraciət edəcəyəm. Bununla bağlı lazım gələrsə, Avropa Məhkəməsinə də müraciət ünvanlayacağam”.

Jurnalistin müraciətilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşov  Modern.az saytına açıqlamasında bildirib ki, Xədicə İsmayılın məktubu dünən iş gününün sonunda onlara daxil olub.
“Mən hələki məktubla tanış deyiləm. O müraciət də prosedura uyğun olaraq əvvəlcə katiblikdə baxılacaq. Bu mərhələdə həllini tapmasa, Şikayətlər üzrə komissiya öz sözünü deyəcək. Yekun sözü isə İdarə Heyəti deyir”.

Ə.Amaşov qeyd etdib ki, “Mətbuat Şurası ilk gündən Xədicə İsmayılla bağlı olayı diqqətdə saxlayır: “Hadisə baş verən gün mən həm Baş Prokurorluq, həm də DİN rəhbərliyi ilə telefon əlaqəsi yaratmaşam”.

Xədicə İsmayılova internetdə şəxsi həyatına aid video-görüntünün yayılması ilə bağlı Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa da müraciət edib. Jurnalist müraciətində onu şantaj edənlərin tapılıb cəzalandırılması və təhlükəsizliyinin, şəxsi həyatının toxunulmazlığının  təmin olunmasını tələb edib. Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsi (şəxsi həyatın toxunulmazlığını pozma) ilə cinayət işi başlanıb.
İş üzrə istintaqın aparılması Bakı Şəhər Prokurorluğuna tapşırılıb.

Sevinc İLTİFATQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir