Modern.az

Kəmaləddin Heydərova iki təklif

Kəmaləddin Heydərova iki təklif

6 Aprel 2012, 09:48

Qəribə qonşularımız var. Elə bilirlər ki, mən həftədə ən azı iki dəfə Kəmaləddin Heydərovla çay içir, tədbirlərdə Ziya Məmmədovla yanaşı oturur, istədiyim vaxt Rövnəq Abdullayevin kabinetinin qapısını təpiklə açıb içəri girə bilirəm. Əlixan Məlikovu işdən çıxarıb, “Azəriqaz”ı Dövlət Neft Şirkətinin balansına verəndən sonra bizim binaya qazın verilməsində fasilələr yarandı. Həmin vaxt qonşulardan biri qabağımı kəsib, belə demişdi: “Müəllim, Rövnəq Abdullayevi görəndə, ona təpinərsən”.

Dünən səhər işə gələndə, məhəlləmizin ən yaşlı sakinlərindən biri olan Aybəniz xala yenə qabağımı kəsdi. Hal-əhval tutandan sonra dedi ki, oğul, səndən bir xahişim olacaq. Aybəniz arvadın xətrini çox istədiyim üçün yaxamı kənara çəkmək barədə fikirləşmədim. Dedim ki, ay xala, buyur sözünü de, əlimdən gələni etməyə hazıram. Sağ olsun, işə tələsdiyimi nəzərə alıb, konkret danışdı. Dedi ki, Kəmaləddin Heydərov onun oğluna yüz manat borcludur. Xahiş etdi ki, Kəmaləddin müəllimi nə vaxt görsəm, həmin pulu ondan alım.

Həmin vaxt ağlımdan bircə sual keçdi: görəsən, Kəmaləddin Heydərov Aybəniz arvadın avaragor oğlundan nə vaxt borc alıb? Bu barədə fikirləşməyə macal tapmamış qonşum özü məsələyə aydınlıq gətirdi. Dedi ki, oğlu maşın udmaq üçün hər gün “Jalə” şirəsi alırmış. Son üç ayda yüz manatlıq “Jalə” şirəsi alsa da, nəinki avtomobil, heç velosiped də uda bilməyib. Üstəlik, dadını bəyənmədiyi üçün aldığı şirələri də içmirmiş. Buna görə də indi “Jalə”nin əsl sahibindən pulunu istəyir.

Aybəniz arvadı məyus etmək istəməsəm də, həqiqəti söyləmək məcburuyyətində qaldım. Dedim ki, indiyə kimi Kəmaləddin müəllimlə nəinki bir stəkan çay içməmişəm, hansısa tədbirdə heç üz-üzə də gəlməmişəm. Amma Aybəniz arvada söz verdim ki, onun xahişini mətbuat vasitəsilə Kəmaləddin Heydərovun diqqətinə çatdıracağam.

Dünən redaksiyada işim az olduğu üçün evə bir az tez getdim. Blokun ağzında Etimad qabağımı kəsdi. Etimad bizimlə eyni binada yaşasa da, əsgərlikdən yeni qayıtdığı üçün onunla yoldaşlıq etməmişəm. Yəqin buna görədir ki, bir qədər sıxıla-sıxıla danışdı. Xahiş etdi ki, onu Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Dövlət Yanğından Mühafizə Xidmətində işə düzəldim. Bu qanacaqlı oğlana necə kömək edəcəyimi özüm də bilmirdim. Buna görə də üzrxahlıq edib, həmin idarədə heç kimi tanımadığımı dedim. Deyəsən, Etimad məni düzgün başa düşmədi. Son dərəcə nəzakətlə belə dedi: “Müəllim, siz bu işə ürəklə yanaşın. Əmrimi alandan sonra rəisə üç min manat hörmət edəcəm”. Etimada söz verdim ki, onun bu arzusunu mütləq Kəmaləddin Heydərova catdıracam. “Fövqəlnazir”in adını eşidəndə, oğlanın gözlərində qığılcım çaxdı.

Mən, bu yazını yazmaqla öz borcumdan çıxdım. İndi söz Kəmaləddin Heydərovundur. Aybəniz arvadın avaragor oğlunun yüz manatını sahibinə, Etimadın qoca valideynlərinin min bir əziyyətlə topladıqları üç min manatı isə şəxsən Kəmaləddin müəllimin özünə çatdırmağa hazıram. Təki, qonşularımın işi düzəlsin...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir