Modern.az

Reklamçılar İttifaqının prezidenti: “Yerli şirkətlər vergi verməmək üçün reklamdan imtina edirlər” - MÜSAHİBƏ

Reklamçılar İttifaqının prezidenti: “Yerli şirkətlər vergi verməmək üçün reklamdan imtina edirlər” - MÜSAHİBƏ

Müsahibə

6 Aprel 2012, 10:08

Hacıəmi Atakişiyev: “Seriallararası göstərilən reklamların yayımını kəsmək lazımdır”

Azərbaycanda reklam bazarı demək olar ki, yox dərəcəsindədir. Ölkəmizdə yerli reklam bazarı olmadığından efir məkanı da çox vaxt xarici  reklamlara möhtac olur. Əksər hallarda isə pis tərcümə edilərək  yayımlanan  xarici reklamların dili həddən artıq bayağı və anlaşılmaz alınır.

Modern.az-ın əməkdaşı ölkəmizdə reklamın hazırki durumu ilə bağlı Azərbaycan Reklamçılar İttifaqının (ARİ) prezidenti Hacıəmi Atakişiyevdən müsahibə alıb.  

- Hacıəmi müəllim, bu gün Azərbaycanın reklam bazarında yerli reklamlar niyə azdır?

- Azərbaycan Reklamçılar İttifaqı mart ayının 29-30-da Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Beynəlxalq Birinci Bakı Konfransını keçirdi. Konfransın əsas mövzularından biri də Azərbaycanda reklam bazarındakı problemlərlə bağlı idi. Niyə yerli brendlər reklam olunmur?

Bugünkü gündə bazarı xarici brendlər doldurub. Yerli məhsullar demək olar ki, yox dərəcəsindədir. Onlarda reklam vermək istəmirlər. Çox az yerli brendlər var ki, reklam olunurlar. Demək olar ki, bu say 20 faiz təşkil edir. Başqaları reklam vermək fikrində deyillər. Bunun da  əsas səbəbi şirkətlərin vergidən yayınmaq istəyidir. Vergi ödəməməkdən ötrü reklamdan imtina edirlər. Dünyanın əksər yerində şirkət məhsulunu rahatlıqla istehsal edir, vergisini də verir. Buna görə də Azərbaycanda xaricdən gələn brendlər dominantlıq təşkil edir və Azərbaycan bazarının 80 faizini ələ alıb.   

Bu gün Azərbaycan reklam bazarında yerli reklamın olmaması həm də ölkəmizdə reklam mütəxəssislərinin qıtlığı ilə bağlıdır. Bir neçə universitetdə reklam sahəsi üzrə kadrlar hazırlanır. Amma heç bir ali məktəb həmin kadrları yeganə proqram üzrə hazırlamır. Bu kadrlar da sonradan reklam bazarında işləyə bilmir. Ümumiyyətlə, reklam bazarı dörd istiqamətdə işləməlidir - reklam verici, reklam agentliyi, reklam istehsalçısı və reklam yayıcısı. Amma bizdə bir reklam şirkəti və ya televiziya həm reklam istehsalçısıdır həm də yayıcısıdır. Bu səbəbdən də bazarda kütləşmə gedir.  

Bazarı inkişaf etdirmək üçünsə ilk növbədə kadr yoxluğu problemi həll olunmalı və reklamın dörd pilləli ötürücü sistemi tətbiq edilməlidir.Yalnız bundan sonra bu məsələ özünü doğrulda bilər. Prosesdə geciksək qloballaşma gedən bir vaxtda Azərbaycan dünya bazarında kənarda qala bilər.

- Bəzi hallarda tərcümə olunan xarici reklamların mətni  Aazərbaycan dilinə çox bayağı çəkildə çevrilir. Bunu necə izah edə bilərsiz?

- Bu gün tamaşaçıların böyük əksəriyyəti Türkiyə kanallarına baxır, türk seriallarını izləyir. Seriallar arası fasilədə həmin reklamlar bir neçə dəfə yayımlanır. Beləliklə reklam olunan məhsul haqqındakı bütün informasiya tamaşaçının beyninə hopur. Bəs bu bizə nə verir?

Heç nə. Sadəcə Azərbaycan bazarını zəiflədir. Məsələn, hər hansı brendin sahibi Türkiyə və Rusiyaya verdiyi reklamı Azərbaycanda pulsuz göstərir. Həmin bayağılığı aradan qaldırmaq üçün serial arası göstərilən reklamların yayımını kəsmək lazımdır. Məsələ ilə bağlı dövlət danışıqlara getməli və  müqavilələr bağlamalıdır. Bunun üçünsə həmin serialların baxılma hesabatı aparılmalıdır. Əgər həmin serialın izlənmə sayı kifayət qədər böyükdürsə, xarici brendlər reklamlar üçün sifarşləri Azərbaycan tərəfinə verir və biz onları öz dilimizə salıb reklam dəqiqəsində yayımlayırıq.

Onda ölkəmiz də reklam bazarından kifayət qədər qazanar. Məsələn, bu gün Rusiyanın bir trilyona yaxın reklam dövriyyəsi var. Türkiyə də artıq o həddə çatıb. Azərbaycanda isə bu dövriyyə 200-250 min təşkil edir. Halbuki, çoxlu sayda yerli  məhsul istehsalçısı var.  “Binə”, “Sədərək” bazarlarını götürək. Bu gün həmin bazarlarda məhsul satılır, amma həmin məhsulları istehsal edən şəxs özü yoxdur. Əgər sənin məhsulun satılırsa onun istehsalçısı da ölkədə olmalıdır ki, istehlakçı məhsulla bağlı  hər hansı bir şikayəti varsa, istehsalçıya ünvanlaya bilsin. Məsələn, tez-tez  çin istehsalı olan məhsulların kapron materialından düzəldilməsindən şikayət olunur. Amma həmin məhsulun hər hansı bir nümayəndəsini tapıb öz şikayətini bildirə bilmirsən. Bu proses dərman biznesinə də aid edilir. Elə dərmanlar var ki, onların heç reklamı yoxdur. Ona görə Azərbaycanda qanunlar yenidən işlənməli, Reklam Şurası yaradılmalı, tənzimləmə haqqında qanun olmalıdır.

- Bu gün Azərbaycanda reklam mədəniyyətinə nəzarət varmı?

- Reklam mədəniyyətini Mədəniyyət və Turizm Nazirliyi nəzarətə götürməlidir. Bu gün məhsul istehsalının keyfiyyətinə nəzarət edən orqanlar çoxdur. Amma estetik gözəlliyinə, onun bazarda durmasına, hansı ölkədə reklam olunmasına nəzarət yoxdur. Ona görə “qlobaldan-milliyə, millidən- qlobala” devizinə keçməliyik. Milli gücümüzü saxlamaqla qlobala keçməliyik ki, məhv olmayaq.

Mart ayının 29-30-da Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycn Reklamçılar İttifaqının birgə keçirdiyi konfrans rezonans verdi. Konfransda  Afrikadan gələn qonağımız çox maraqlı fikir səsləndirdi. Dedi ki, “siz bu qədər otellər tikirsiniz, amma həmin otellərə turist axını yoxdur. Çünki sizdə tikilən həmin otellər Avropada, Amerikada tikilən otellərin zənciridir. Əgər həmin otel Azərbaycanda tikilirsə onun yeməyinin ulduzu olmalıdır”.
Xaricilər Azərbaycanın mədəniyyətini, kültürünü görmək istəyir. Dünya ölkələrində xüsusi komissiya var ki, yeməklərə ulduz verir. O turist görəndə ki, otelin ulduzu beş, amma yeməyin ulduzu ikidir, həmin otelə gəlmir. Əgər otel “beşulduz”dursa  ən azından yemək də beş ulduzlu olmalıdır. Biz çalışmalıyıq ki, işimizi həmin komissiyalarla quraq.

- Heç olubmu ki, yerli reklamlarımız xarici kanallarda yayımlansın?

- Hərdən Rusiya kanallarında yerli reklamlarımız gedir. Türk kanallarında buna rast gəlməmişəm. Avropadan isə danışmağa dəyməz. Orda heç bizi tanımırlar, o ki qaldı reklamımızı. Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı reklam çarxı “Evronyus” və “CNN”  kanallarında göstərildi. Artıq bu özü bir reallıqdır ki, biz bu ölkələrə açılırıq. Bu da son dövrlər ölkənin inkişafı ilə əlaqədardır. Bura gələn turist yaşıllıq görmək istəmir. Məsələn, Almaniyada tramvay reyslərinin arasında gül əkilib. Arxaya baxanda həmin gülləri görürsən. Burda isə bununla heç kimi maraqlandıra bilmərik. Düzdür, gözəl memarlıq nümunələri yaradırıq. Bakı sanki tovuzquşuna bənzəyir. Tovuzquşu çox gözəldir, amma ayaqları həddən artıq çirkindir. Bizim şəhərdə buna oxşayır. Ayaq səviyyəsində çox çirkin görünür. Çünki bunun memarlıq səviyyəsində dizaynı, informasiya daşıyıcıları yoxdur. Məsələn, bütün dünyada yol kənarlarında siti formatlı reklamlar yerləşdirilir. Yol gedə-gedə bütün informasiyanı ordan alırsan. Amma bizim şəhər qupqurudur. Bu məsələləri həll etməyə çalışmalıyıq. Bəzi çatışmazlıqlar aradan qaldırılmalıdır. Artıq dünya reklama film kimi baxır. Əgər biz hər hansı bir reklamımızı “Kann” festivalına göndərsək, ona heç baxmayacaqlar da. Böyük ustalar lazımdır ki, bu səviyyədə reklamlar çəksin. Hərdən reklam üçün İranın bazasından istifadə edirik. İran hazırda bu sahədə çox inkişaf edib. İran hər il “Kann” festivalında bir-iki mükafat  alır. Azərbaycan hələ o reklam festivalının qapısını da tanımır. Hələ ki, bizdə sadəcə kompüter qrafikasından istifadə edərək reklam yaradırlar. Dünya artıq kompüter reklamını qəbul etmir. Ona görə də Azərbaycanın reklam  bazarında vəziyyəti dünya reklam bazarından dəfələrlə aşağı səviyyədədir. Reklam çəkilişləri üçün bazaların, mütəxəssislərin olmaması vəziyyəti daha da ağırlaşdırır. Ona görə də bizi reklam bazarında tanımırlar.

 Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır