Modern.az

Əmanətlərin Sığortalanması Fondundan narazılıqlar artır

Əmanətlərin Sığortalanması Fondundan narazılıqlar artır

İqtisadiyyat

7 Fevral 2020, 16:40

Binəqədi Rayon Məhkəməsi Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru vəzifəsini icra edən Vüqar Abdullayevin inzibati cərimə edilməsi barədə qərar çıxarıb. İcra məmurunun tələbini yerinə yetirməməyə görə, ona 2000 manat cərimə yazılıb. Bu isə Azərbaycanda hansısa məmurun məhkəmə tərəfindən cərimələndiyi az-az hallardandır. Ümumiyyətlə öz-özünü maliyyələşdirməkdə çətinlik çəkən Fondun fəaliyyəti nə dərəcədə qənaətbəxşdir?

 

Bu barədə Modern.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Fondun öz-özünü maliyyələşdirməsi imkanları məhduddur:

 

“Sonuncu dəfə bir neçə bankın bağlanmasından sonra əmanətləri geri qaytarmaq üçün Fondun vəsaiti yox idi. Əmanətləri geri qaytarmaq üçün təqribən 680 milyon vəsait lazım idi. Vəsait olmadığından Mərkəzi Bank Fonda 500 milyon manatlıq kredit xətti ayırdı. Fonda verilən həmin vəsaitin geri qaytarılması isə mümkün görünmür. Fondun fəaliyyətinin tənzimlənməsi və yaxşılaşdırılması üçün qurumun özündən asılı olmayan məsələlər var. Çünki Fondun özünün fəaliyyəti də o qədər qənaətbəxş deyil. Ən azından insanların müraciətlərinə vaxtlı-vaxtında cavab verilməsi, cəmiyyətlə normal təmasın qurulması ilə bağlı problemlər həll edilməlidir.

Amma insaf naminə deyim ki, bu, tək onların özü ilə bağlı da deyil. Fonda vəsaitlərin cəlb olunması sistemləşdirilməlidir. Görünən odur ki, Fond öz-özünü maliyyələşdirə bilmir. Bundan sonra da bəzi banklarla bağlı problemlər yaşanacaqsa, əmanətlərin geri qaytarılması ilə bağlı Fondun ciddi fəaliyyəti olmayacaq. Ona görə də, Fondun fəaliyyətinin təməldən qurulması vacibdir. Normal sığorta mədəniyyətinin formalaşması, bankların müştərilər qarşısında məsuliyyətinin artırlması, üzvlük haqqının verilməsinin ciddi şəkildə tənzimlənməsi kimi məsələlərə yenidən baxılmalıdır. Fond öz-özünü maliyyələşdirmə funksiyalarını yerinə yetirməyə çalışmalıdır. Ən azından yeni formatda fəaliyyət göstərməlidir. Dünyanın bütün ölkələrində bu tip fondlar investisiya fonduna çevirilirlər. İş adamlarına investisiya verərək, oyunçuya çevirilir və bu vəsait hesabına əmanətlərin sığortlanması ilə bağlı Fonda vəsaitlər daxil olmağa başlayır”.

 

Ekspert deyib ki, Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti primitiv qurulub:

 

“Fondun əhalilə kommunikasiya qurmasında ciddi problemləri var. Əhali çox zaman onların fəaliyyətindən xəbərsizdir. Ümumiyyətlə, əmanətçilərin əmanətlərinin geri qaytarılması ilə ləğvetmə komissiyası məşğul olur. Bankların bir çox hallarda əmlakları şişirdilir. Biz hər yerdə bank filialları görürük və elə bilirik ki, bunların hamısı banklara məxsusdur. Kiçik araşdırmalar göstərir ki, bank filiallarının yerləşdiyi binaların böyük çoxluğu icarədədir. Ona görə də bankların öz əmlaklarının normal dəyərləndirilməsi, şəffaf şəkildə satılması və əmanətlərin qaytarılmasına cəlb olunması da ciddi problemdir. Ən böyük daşınmaz əmlaka malik “BankStandart” idi. Bağlanma ərəfəsində onun fəaliyyətindəki çatışmazlıqlar Fondun da fəaliyyətində problemlərin olduğunu üzə çıxartdı və əmlakın satışından əldə olunan gəlirlərin hesabına əhalinin əmanətlərinin geri qaytarılmasında da problemlərin olduğunu üzə çıxartdı. Bu sahədə də ciddi tənzimləmə mexanizmlərinə ehtiyac var”.

 

Qeyd edək ki, Azərbaycan Prezidentinin 9 fevlar 2007-ci il tarixli Fərmanına əsasən, Əmanətlərin Sığortalanması Fondu yaradılıb. Fond 2007-ci ilin 12 avqustdan fəaliyyətə başlayıb. Əmanətlərin Sığortalanması Fondunun yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, Azərbaycan Respublikasında maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.

 

Əmanətlərin Sığortalanması Fondu ali idarəetmə orqanı olan Himayəçilik Şurası və icra orqanı olan icraçı direktor tərəfindən idarə olunur.

Prezident İlham Əliyevin 1 avqust 2017-ci il sərəncamı ilə, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini vəzifəsinə Vüqar Rafik oğlu Abdullayev təyin olunub. 2017-ci ilin avqustunda icraçı direktor Azad Cavadovun səlahiyyət müddəti başa çatdığı üçün bu vəzifə V.Abdullayevə həvalə edilib.

 

Fondun sığorta ehtiyatları Fonda üzv olan banklardan rüblük olaraq yığılan təqvim haqlarının hesabına formalaşdırılır. Qurum hüquqi şəxsdir, qeyri-kommersiya təşkilatıdır və öz əmlakının mülkiyyətçisidir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi