Modern.az

Bakıda 1000 məktəb..., pardon, məscid tikək!

Bakıda 1000 məktəb..., pardon, məscid tikək!

6 Aprel 2012, 11:15

Məsləkinə müğayir olaraq daha çox siyasi qalmaqallarla tez-tez gündəmə gələn ağayi Hacı İlqar İbrahimoğlu cənabları daha bir “sensasion” açıqlamada bulunaraq irad edib ki, Bakıda məhəllə və kiçik hüseyniyyələrlə yanaşı, 1000 məscidə ehtiyac var.

Elə-belə xatırladım ki, Azərbaycandaki 2000 məscid var, bunun 120-si Bakıdadır. Son 8 ildə 117 məscid inşa olunub, onlarla məscid əsaslı təmir edilib. Bunların heç biri də dolub-daşmır.

Yaxşı, bəs onda hacı qərdeşimiz  nə əsasla daha 900 məscidə ehtiyac olduğunu irəli sürür? Axı, məscidlərin sayı əhalinin sayına yox, ora gedənlərin sayına mütanasib olmalıdır. Saya qalsa, məsələn, xristianların sayı 200 mindən çoxdur, amma cəmi 10 kilsə var. Onlar heç səslərini çıxarmırlar.

Yaxşı, bəs bu halda ağayi İlqarın məscid davası nədən ötrüdür? Bu suala cavab vermək üçün əvvəlcə gərək ağanın fəaliyyəti haqda doğru-dürüst məlumatımız olsun. Hacının bir neçə cəbhədə mübarizə apardığı məlumdur. İnsafən, çox gərgin işləyir.

Zarafat deyil, həm İranın Azərbaycanda “dini səfiri”, həm ölkə müxalifətinin “dini müftisi”, həm də şiə müsəlmanların siyasi rəhbəri missiyasını yerinə yetirmək sizə asan görünməsin. DEVAMM-ın sədri, İçərişəhər “Cümə” məscdinin imam-camaatı, həftəlik “Dəyərlər” qəzetinin və eyni adlı portalın baş redaktoru... eeh, saymaqla bitməz...

Ağlınız o biri mollalara getməsin, hacı oxumuş adamdır, bir neçə xarici dil bilir. Gənclik illərində “Çto? Qde? Koqda?” komandasının kapitanı olmuşdur. Uşaq çağlarından Azərbaycanın əməkdar məşqçisi Oleq İsaakoviç Privorotskinin rəhbərliyi altında şahmatla məşğul olmuşdur. Birinci dərəcəli şahmat ustasıdır.

İqtisadiyyat, fəlsəfə və ilahiyyat üzrə ali təhsil almışdır. Hətta, “İslam və Qərb fəlsəfələrinin inteqrasiyası” mövzusunda elmi dissertasiya müdafiə etmişdir. “Narkomaniya və alkoqolizm üzrə beynəlxalq ekspert” sertifikatına malikdir. Bir sıra humanitar proqramlarının koordinatoru və elmi rəhbəridir.

Teologiya, postmodern fəlsəfə və insan haqlarının fəlsəfəsi kimi sahələrdə interdistiplinar tədqiqatlar aparır. Eyni zamanda, neyrolinqvistikanın şəxsiyyətlərarası ünsiyyətlərdə və paradiqmal təmasda rolu və yeri barədə araşdırmalarla məşğul olur. Asudə vaxtlarını eqzistensional mövzularda ədəbiyyatın mütaliəsinə, futbol və voleybol oynamağa sərf edir.

İndi gördünüzmü, bu hacı siz fikirləşdiyiniz hacılardan deyil. Adam “Tarixi-Nadiri” axıracan oxuyub. Bir şey bilir ki, deyir. Çox da ki, bəzi “ağzıgöyçəklər” orda-burda qeybət edirlər ki, bəs bu adam niyə məktəb, kitabxana, xəstəxana, internat, baxça, teatr filan davası döymür, amma bütün şəhəri məscidlə doldurmağı tələb edir.

Qəribə adamlardır vallah. Dünən “facebook”-da belə provakasion açıqlamalara görə beş-altısının abrını ətəyinə bükmüşəm. Aya, sizə nə var həci niyə belə deyib? Hərənin bir missiyası var. Məgər həci gəlib sizə deyir niyə elm-təhsil, mədəniyyət davası döyürsünüz?! Sizə də qəzetəmizdə yer ayırırıq- çıxın deyin ki bəs Bakıda niyə 300 məktəb var, gərəkdir ki, 1000 olsun.

 Qərdeşimsüz, hərənin çörəyi bir yerdən çıxır, indi deyirsiniz adam dini, siyasəti filanı buraxıb gedib futbol oynasın? Əgibdü axı, Allaha ağır gedər. Nə olsun ki, müstəqilliyimizi əldə edəndən sonra, məscidlər artır, məktəblər azalır. İranda, ərəb ölkələrində belədir də, onlara nə olub ki?!

Düzdür, elm, təhsil, mədəniyyət, texnologiya, iqtisadiyyat filan kimi əhəmiyyətsiz sahələrdə dünyadan 1-2 əsr geri qalırlar, zato məscidlərin, mollaların sayına görə liderdirlər. İndi nə dəxli var ki, hər dalanda bir məscid tikilən Türkiyədə əhalinin təhsil səviyyəsi 60, İranda 50, onlardan xeyli az məscidi olan Azərbaycanda isə 98%-dir?!

Bir gənc oxucum yazır ki, həci qərdeşimiz “facebook” profilində siyasi baxış qrafasına “realist” yazıb, amma son təklifi realistlikdən xeyli uzaqdır. Nöşün ki, Bakıda heç yer də yoxdur o qədər məscid tikməyə.

Cavan oğlan, necə yəni yer yoxdur?! Necə yəni yoxdur??! Təki istək olsun, yer taparıq. Sökərik bəzi məktəbləri, kitabxanaları, muzeyləri filanı, yerində məscid tikərik! Onsuz da, onların heç bir xeyri yoxdur. Koroçe, sözüm ondadır ki, həcinin sözünü qəribçiliyə salıb onu rüsvay etməyə çalışmayın, bunun axırı yaxşı qurtarmaz...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir