Modern.az

DYP: “Nömrələri məcburi dəyişmək barədə heç bir rəsmi qərar yoxdur”

DYP: “Nömrələri məcburi dəyişmək barədə heç bir rəsmi qərar yoxdur”

Aktual

6 Aprel 2012, 15:26


“Azərbaycanda avtomobillərə verilmiş dövlət nömrə nişanlarının məcburi şəkildə yeni standartlara dəyişdirilməsi barədə heç bir qərar və göstəriş yoxdur”.

Bu barədə Modern.az-a məlumat verən Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevin sözlərinə görə, dövlət nişanlarının məcburi dəyişdirilməsi nəzərdə tutulmayıb:
“Ötən ildən AZS 599 -2011 saylı standart qəbul edilib və bu standarta uyğun olaraq dövlət nömrə nişanları istehsal olunur. Dövlət qeydiyyat nişanlarının məcburi şəkildə dəyişdirilməsi barədə heç bir qərar və göstəriş yoxdur. Yalnız nəqliyyat vasitələri yeni qeydiyyata alınarkən, alqı-satqı müqaviləsi bağlanarkən, digər regionlara satılanda və ya təkrar qeydiyyatdan keçərkən dövlət nömrə nişanı yeni qaydaya uyğun verilir”-deyə o vurğulayıb.
 K. Əliyevin sözlərinə görə, hər kəs öz istəyindən asılı olaraq maşınının nömrəsini dəyişə bilər. Dövlət nömrə nişanları yalnız  yararsız hala düşdükdə və ya müəyyən hissələri qopduqda məcburi dəyişdirilir. O zaman həmin nömrə nişanları əvvəlki nömrəsi, hərfləri olduğu kimi saxlanılmaqla yenisi ilə əvəz olunmalıdır. Bu halda həmin nömrələr yeni standarta uyğun verilir. O ki, qaldı onun rənginə, işıq əks etdirməsinə, rəqəmlərin, hərflərin düzülüşünə bunun əvvəlki standartla heç bir fərqi yoxdur.  

“Yeni nömrələrdə yalnız  bayrağın formasında fərq var. Qeydiyyat nişanlarının əvvəlki nişanlardan fərqi dövlət bayrağının düzbucaqlı formada əks olunması ilə bağlıdır. Bu da bayraq haqqında qəbul edilmiş müvafiq qanuna əsasən edilib. Əvvəllər isə bayraq dalğalı şəkildə idi”-deyə DYP rəsmisi cavab verib.        

K.Əliyevin sözlərinə görə, yeni dövlət qeydiyyat nişanlarında xüsusi elektron daşıyıcılar yerləşdirilib və daşıyıcılar vasitəsi ilə də nəqliyyat vasitəsi barədə informasiyanı digər qurğular tərəfindən oxumaq mümkündür.

Ötən ildən Azərbaycanda avtomobillərə verilən dövlət nömrə nişanları ilə bağlı yeni standartlar qəbul olunub. Qaydalara əsasən avtomobillərin nömrə nişanlarında elektron informasiya daşıyıcıları da yerləşdirilir. Yeni standartlarda nömrələrin keyfiyyətində irəliləyiş var. Belə ki, nömrələr alman texnologiyası ilə hazırlanıb. Avtomobillərin dövlət nömrə nişanlarında tətbiq olunacaq bütün yeniliklər nəqliyyat vasitələrini yeni qeydiyyatdan keçirənlərə şamil edilir.

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!