Azərbaycan Mətbuat Şurası medianın 9 fevral parlament seçkiləri ilə bağlı fəaliyyətinin monitorinqini yekunlaşdırıb
Modern.az xəbər verir ki, Şuranın apardığı monitorinqdə məqsəd ölkənin ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin seçki dövrünü işıqlandırmalarındakı nəzərəçarpan peşəkarlıq meyllərini qruplaşdırmaqdan, deputatlığa namizədlərin KİV-lərdə öz təbliğat kampaniyalarını aparmaları imkanlarını müəyyənləşdirməkdən ibarətdir.
Monitorinqdə KİV-lərin “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na nə dərəcədə riayət etmələrinə diqqət yetirilib. Bu xüsusda təbliğat, əks-təbliğat materiallarına, “qara piar” halları nəzərdən keçirilib.
Monitorinq 3 mərhələdə keçirilib:
20 qəzetin, 30 elektron informasiya resursunun cəlb olunduğu monitorinqin ilkin nəticələri onu deməyə əsas verir ki, namizədlərin təbliğat-təşviqat işlərini aparmaları üçün meydan kifayət qədər geniş olub. Hər bir namizəd bu və ya digər kütləvi informasiya vasitəsində sərbəst şəkildə öz platformasını açıqlamaq imkanı qazanıb. Mövcud şərait medianın seçki prosesinə həssas yanaşmasını təsdiqləyən mühüm göstəricidir.
Əvvəlki seçki illəri ilə müqayisədə medianın 9 fevral növbədənkənar parlament seçkisi ilə əlaqədar fəaliyyəti daha aktiv təsir bağışlayıb. Bunu həm materialların çoxluğundan, həm mövzuya yanaşmadakı forma və üsullardan görmək mümkündür. Ümumən materialların təqdimatında peşəkar yanaşma müşahidə edilib. Eyni zamanda qeyri-peşəkarlıq, qərəz nümayişi də nəzərə çarpıb.
Qəzetlərlə elektron informasiya resurslarının seçki materiallarının müqayisəsi onu göstərir ki, ikincilər birincilərdən nəzərəçarpacaq dərəcədə üstündürlər. İnternet media vasitələri seçki məsələlərinə daha çox yer ayırıblar.
Göstərilən müddətdə internet informasiya resursları qəzetlərə nisbətən seçki mövzusuna daha rəngarəng yanaşma tərzi nümayiş etdiriblər. Lakin bu dövrdə rəsmi məlumatlara istinad faizi baxımından qəzetlər üstün olub. Onların seçkilərlə bağlı yayımladıqları materialların təqribən 75-80 faizi rəsmi məlumatlardır. Bura əsasən Mərkəzi Seçki Komissiyasının (MSK) xəbərləri daxildir.
İnternet informasiya resurslarının materiallarında MSK-ya istinad nəzərə çarpsa da, onlar müxtəlif sosial şəbəkələrdə yayımlanmış xəbərlərə də geniş yer veriblər. Bu baxımdan namizədliyini irəli sürmüş şəxslərin “Facebook” sosial şəbəkəsindəki qarşılıqlı ittihamlarının işıqlandırılması faktları diqqət çəkib. İnternet media orqanlarında habelə hansısa namizəd barədə “Facebook” sosial şəbəkəsi vasitəsilə dövriyyəyə buraxılmış fikirlərin “qara piar” kimi istifadəsinə də rast gəlinib. “Qara piar” halları əvvəlki seçki illəri ilə müqayisədə artıb. Bu, medianın ümumi seçki fəallığının neqativ göstəricisi kimi qiymətləndirilə bilər.
Monitorinqi aparılmış kütləvi informasiya vasitələrində peşə prinsiplərinin pozulmasının konkret təmayüllərinə gəlincə, burada daha çox işgüzar nüfuza xələl gətirmə halları diqqət çəkib. Bu hallar ümumi pozuntuların 50 faizdən çoxunu təşkil edib.
Azərbaycan Mətbuat Şurası 9 fevral 2020-ci il tarixdə keçirilmiş Milli Məclisə növbədənkənar parlament seçkiləri günü fəaliyyətini iki istiqamətdə qurub.
Bunlardan birincisi Şurada “qaynar xətt” rejimi təşkili olub. Şuranın (012) 441 35 96 şəhər, (050) 206 96 02 mobil telefon nömrələri fevralın 9-da saat 08.00-dan 19.00-dək bu rejimdə fəaliyyət göstərib. Məqsəd növbədənkənar parlament seçkilərini işıqlandıran jurnalistlərin üzərinə düşən missiyanı səmərəli yerinə yetirmələri, bu istiqamətdəki mümkün problemlərin və anlaşılmazlıqların dərhal aradan qaldırılmasını təmin etmək olub. Şura gün ərzində “qaynar xətt”in fəaliyyəti ilə bağlı 3 informasiya yayıb.
Mətbuat Şurasının “qaynar xətt”inə 4 müraciət daxil olub. Müraciətlərdən 3-ü 57 saylı Kürdəmir seçki dairəsinin 3,5 və 20 saylı məntəqələri ilə bağlıdır. 1 müraciət isə 47 saylı Mingəçevir seçki dairəsinin 15 saylı seçki məntəqəsindəndir. Müraciət edənlər “7news” saytının əməkdaşı Murad Musayev, “Ayna.az” saytının əməkdaşı Rumiyyə Miraslan, “Femida.az” saytının əməkdaşı Mircəlal Məcidov və “Mediapress.az” saytının əməkdaşı Könül Aypara olub.
Hər dörd məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyası ilə operativ əlaqə saxlanılıb, qurumun araşdırmaları sonrası problemlər aradan qaldırılıb. Ümumən jurnalistlərin seçkini işıqlandırmaları sahəsindəki vəziyyət onların peşə fəaliyyətlərini həyata keçirmələri üçün qənaətbəxş şəraitin olduğunu söyləməyə əsas verib. Bunu sosial şəbəkələrdə və internet saytlarda yayımlanmış video-görüntülərin çoxluğu sübut edib. Lakin onu da bildirmək lazımdır ki, bəzi seçki məntəqələrində jurnalistləri çəkiliş aparmağa imkan verməmək halları özünü göstərib. Mövcud xüsusda media təmsilçiləri ilə gərəksiz mübahisələr, onların işinə yersiz müdaxilələr qeydə alınıb. Çox zaman, bu, məntəqə rəhbərliyindəki şəxslərin media ilə münasibəti düzgün qurmaq sahəsində yetərincə səriştəyə malik olmamasından irəli gəlib. Mətbuat Şurasının müşahidələri eyni zamanda onu da müəyyənləşdirib ki, bəzi hallarda jurnalistlər də üzərilərinə düşən missiyanı düzgün yerinə yetirməyiblər. Belə ki, onların qanunsuz kimi qiymətləndirdikləri vəziyyətlərə müdaxilə, mübahisə, jurnalist etikasından kənar münasibət, çağırış halları qeydə alınıb. Halbuki həmin durumlarda jurnalistin vəzifəsi vəziyyəti işıqlandırmaq, konkret sual verib cavab almaq idi.