Modern.az

Ərəb ölkələrindəki azərbaycanlılar: Biznes, xidmət, səhiyyə - DİASPOR GƏLİŞMƏLƏRİ

Ərəb ölkələrindəki azərbaycanlılar: Biznes, xidmət, səhiyyə - DİASPOR GƏLİŞMƏLƏRİ

12 Fevral 2020, 14:55

Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) dünyanın əsas iqtisadi mərkəzlərindən biri kimi tanınır. “Dünyanı maliyyə mərkəzləri idarə edir”, prizmasından yanaşsaq, bu ölkənin vacibliyi  tək iqtisadi anlamda deyil, siyasi mənada da önə çıxır.

Yaxın Şərqin maliyyə paytaxtı kimi qəbul edilən bu ölkə şübhə yoxdur ki, Azərbaycan və azərbaycanlıların da diqqət mərkəzindədir.

Amma etiraf etməliyik ki, son illərə qədər bu ölkəyə hətta turist olaraq gedənlər də ictimai rəydə yanlış formada qəbul edilirdi. Halbuki orada kifayət qədər nüfuzlu azərbaycanlı iş adamları, ciddi sahələlərdə, müxtəlif xidmət, səhiyyə sahəsində çalışan soydaşlarımız var.

Müşahidələr onu göstərir ki, Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərliyinin son bir neçə gündə Birləşmiş Ərəb Əmirliyində keçirdiyi çoxtərəfli görüşləri Dubaya gedənlərə yanlış baxışları tamam dəyişəcək. Eyni zamanda burada, yaşayan soydaşlarımız arasında birliyin formalaşmasına gətirəcək.

 

DOHADA AZƏRBAYCANLILARLA GÖRÜŞ

 

Səudiyyə Ərəbistanında Kral Salman Mərkəzinin rəhbəri və soydaşlarımızla görüş,  BƏƏ-də WUF-da iştirak edib, BMT nümayəndələri ilə görüş, Dubayda azərbaycanlılarla görüş, Qətər xarici işlər naziri, İnzibati inkişaf naziri, parlament spikeri ilə görüş, Dohadakı soydaşlarımızla görüş...

İndi isə diqqət edək, səfər çərçivəsində çoxsaylı görüşlərdən biri Dövlət Komitəsinin sədrinin Dubayda yaşayan azərbaycanlılarla bir araya gəlməsi oldu.

Görüş zamanı qarşılıqlı fikir mübadiləsinə, xüsusilə Dubayda yaşayan azərbaycanlıların təklif və problemlərinin dinlənilməsinə üstünlük verilib. Soydaşlarımız ilk növbədə yaşadıqları şəhərdə Azərbaycan məktəbinin açılmasının, dil kurslarının təşkilinin vacibliyini qeyd ediblər.
 

Gələcəkdə Dubayda yaşayan azərbaycanlıların Koordinasiya Şuralarının yaradılması, Diaspor Gənclərinin Yay Düşərgələri, xaricdə Azərbaycan evlərinin və həftəsonu Qarabağ məktəblərinin yaradılması, eləcə də digər mühüm layihələr haqqında  ətraflı məlumat verilib və soydaşlarımızın burada təşkilatlanmağa meyilli olduğu diqqəti cəlb edib.

 

AZƏRBAYCAN DİASPORU İLƏ DİPLOMATİYA BİR ARADA

 

Burada mütləq qeyd edilməlidir ki, Dövlət Komitəsi rəhbərliyinin bütün görüşləri həmin ölkələrdəki Azərbaycan diplomatik korpusunun iştirakı ilə həyata keçirilib.

Azərbaycanın Dubay şəhərindəki baş konsulu Cavidan Hüseynov Dubayda yaşayan azərbaycanlılarla görüşü yüksək qiymətləndirib və belə görüşlərin Azərbaycanın tanıdılmasında, soydaşlarımızın təşkilatlanmasında əvəzsiz rol oynadığını vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Səid Əl-Müreyxi ilə də görüşüb.

Görüş zamanı Dövlət Komitəsinin sədri Fuad Muradov səfərin məqsədinin buradakı azərbaycanlı icmasının fəaliyyəti ilə tanışlıq xarakteri daşıdığını bildirib. Qeyd edib ki, Qətərdə üç yüzə yaxın azərbaycanlı yaşayır və soydaşlarımız heç bir problemlə üzləşmir.

Digər ərəb ölkələrində Azərbaycan diasporunun yeni formalaşmağa başladığı, amma Qətərdə icmamızın çoxdan yaradıldığı diqqətə çatdırılıb.

Həmçinin, komitə sədri Doha şəhərində bu ölkədə yaşayan azərbaycanlılarla görüşüb.

 Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Fuad Muradov rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr, 29 ölkə üzrə Koordinasiya Şuralarının təsis olunması, 11 ölkədə Azərbaycan evinin yaradılıb soydaşlarımızın istifadəsinə verilməsi və layihələrlə bağlı Azərbaycan Diasporuna Dəstək Fonduna müraciət olunması qaydaları barədə ətraflı məlumat verib.

Ölkəmizin Səudiyyə Ərəbistanındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev Dövlət Komitəsinin nümayəndə heyətinin bu ölkəyə səfərini yüksək qiymətləndirib.

Tədbir iştirakçılarına rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr barədə məlumat verən Dövlət Komitəsinin sədri Fuad Muradov diqqəti “Strateji Yol Xəritəsi”nə uyğun olaraq Koordinasiya Şuralarının təsis olunmasına, Azərbaycan evlərinin yaradılıb soydaşlarımızın istifadəsinə verilməsinə, diaspor xəritəsinə, hazırlanan təbliğati vasitələrin sosial şəbəkələr vasitəsilə yayılmasına və digər məsələlərə cəlb edib. O, həmvətənlərimizi sosial şəbəkələrdə fəal olmağa, böyük diaspor ailəsinə qoşulmağa dəvət edib.

 

 

NƏ DƏYİŞƏCƏK?

 

Birləşmiş Ərəb Əmirliklərinin Sinerget (Synergate) şirkətində MDB ölkələri üzrə koordinator Zülfiyyə Xəlilova Modern.az-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun səfərini şərh edib. O, bu səfəri həm ölkəmiz, həm də orada yaşayan azərbaycanlılar üçün tarixi əhəmiyyətli hesab edib.

“Bu günə kimi azərbaycanlıların bir araya gəlməsi və həlli vacib digər məsələlərin həyata keçirilməsində addımlar atılmırdı. Diasporla İş üzrə Dövlət Komitəsi dəstək verərsə, Dubayda yaşayan azərbaycanlılar bir araya gələrək birlik üçün daha çox faydalı işlər görəcəklər. Məsələn, dil məsələsini götürək. Əgər bir millətin dili ölürsə, bu, o deməkdir ki, o millət yoxdur.

Dubaya gələn əvvəlki nəsil üçün deyil, ancaq onların övladları üçün dil məsələsi problemdir. Çünki Əmirlik ərəb və ingilisdilli ölkədir. Sözsüz ki, məktəblərdə ingilis dilinə üstünlük verildiyindən istər-istəməz Azərbaycan dilini unudurlar. Eyni zamanda, Azərbaycan mədəniyyətindən tamamən uzaqlaşırlar. Azərbaycanlı uşaqlar başqa millətlərin mədəniyyəti ilə böyüyür. Məsələnin müsbət tərəfi uşaqlarımızın kosmopolit olmalarıdır. Neqativ  tərəfi isə öz köklərini unutmalarıdır. Bu cür mənəvi məsələləri heç bir azərbaycanlı bir yerə toplaşıb yeyib-içməklə həll edə bilməz.

Burada dövətin böyük dəstəyi olmalıdır. Sözsüz ki tariximizi, mədəniyyətimizi  bugünkü siyasi məqamları övladlarımız bilməlidir”.

 

ƏLAQƏLƏR DAHA DA GENİŞLƏCƏNƏCƏK

 

Zülfiyyə Xəlilovanın sözlərinə görə, Dövlət Komitəsinin sədri Fuad Muradovun Dubaya  ilk rəsmi səfər etməsi hər bir azərbaycanlını çox sevindirib:

“Fuad Muradovun fəaliyyəti alqışalayiqdir. Bizim belə bir görüşə çoxdan ehtiyacımız var idi. Ümid edirəm ki, Fuad Muradovun səfərinin ardınca qarşıya qoyulan məqsədlərin icrasına başlanılacaq.

Əsas məqam odur ki, dövlətimizin bizim üçün müəyyənləşdirdiyi məsələlər zənginləşdiriləcək. Bu mənada pozitivik.

Çünki Azərbaycanla əlaqələr daha da genişlənəcək. Ona görə ki, komitənin internet saytı, əlaqə vasitələri var. Bunlar vasitəsilə Azərbaycana gəlmək istəyənləri daha düzgün müəyyənləşdirəcəyik.

Suallarımız boşuna getməyəcək. Komitə vacib məsələlərə dərhal reaksiya verəcək. Çünki son vaxtlar Komitənin iş prinsipi strukturlaşdırılıb. Rahat formada əlaqə saxlamaq mümkündür”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!