Modern.az

Azərbaycan-Qazaxıstan münasibətləri: Ortaq maraqlar, birgə layihələr, eyni kök  - RUBRİKA

Azərbaycan-Qazaxıstan münasibətləri: Ortaq maraqlar, birgə layihələr, eyni kök  - RUBRİKA

13 Fevral 2020, 14:06

Azərbaycan və türkdilli dövlətlər arasında siyasi-iqtisadi, mədəni əlaqələrin kökü qədim tarixə dayanır.

 

Modern.az türkdilli dövlətlərlə Azərbaycan arasındakı münasibətlərin iqtisadi, siyasi, mədəni baxımdan inkişafı və mövcud perspektivlər barədə “Türkdilli dövlətlər-Azərbaycan” rubrikasına start verir.

 

İlkin olaraq Azərbaycan və Qazaxıstan arasındakı əlaqələrdən bəhs edəcəyik. Xəzərin dənizinin əks sahillərində yerləşən Azərbaycan ilə Qazaxıstan münasibətlərinin tarixi çox qədimdir. Belə ki, azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir.

 

Beynəlxalq aləmdə Azərbaycan-Qazaxıstan münasibətləri

 

Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin şöbə müdiri, fəlsəfə elmləri doktoru Cavid Vəliyev Azərbaycan və Qazaxıstan arasındakı münasibətlərin strateji xarakter daşıdığını deyir:

 

“Azərbaycan və Qazaxıstan müstəqilliyini qazandığı gündən etibarən regionda və beynəlxalq aləmdə bir-birinə dəstək verən iki strateji tərəfdaşdır. 2004-cü ildə iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə imzalandı. Bu bəyannaməyə əsasən tərəflər arasında münasibətlər strateji xarakter daşıyır. Azərbycan-Qazaxıstan arasında münasibətləri strateji xarakter edən başqa amillər mövcuddur. Xüsusən qlobal sistemə baxış, regional təhlükəsizliyə ortaq mövqe, beynəlxalq təşkilatlarda əməkdaşlıq, enerji və nəqliyyat sahəsində ortaq layihələr. Hər iki dövlət həm çox qütblü dünya sistemini dəstəklədiyi kimi, BTM və ATƏT kimi təşkilatların rolunun artırılmasını istəyir. Tərəflər arasında imzalanan dostluq və strateji tərəfdaşlıq haqqında bəyannaməyə əsasən Qazaxıstan Ermənistan-Azərbaycan münaqişəsinin suverenlik, ərazi bütövlüyü və sərhədlərin pozulmaması prinsiplərinə hörmət və riayət edilməsi əsasında həllini dəstəkləyir. Sadəcə bəyannamədə deyil, real siyasətdə də Azərbaycan Qazaxıstanın dəstəyini hiss edir. Bildiyiniz kimi, Ermənistan Şərq Tərəfdaşlığı çərçivəsində həyata keçirdiyi əməkdaşlığa 2012-ci ildə son vermiş və Avrasiya İttifaqına üzv olmağı seçibdir. Bunun üçün 2014-cü ildə Moskvada keçirilən və Ermənistanın üzv olduğu zirvə görüşündə Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu üzvlüyün Azərbaycan ərazi bütövlüyünə zərər verməyəcək şəkildə olması tələbini ortaya qoyubdur. Azərbaycanın xahişi əsasında Nazarbayevin ifadə etdiyi bu tələbə əsasən işğal altında olan Azərbaycan ərazilərində istehsal olunan mallar Avrasiya İqtisadi Birliyinə üzv ölkələrə ixrac oluna bilməz. Çünki o dövrdə bu malların Ermənistan vasitəsilə AİB-nə üzv ölkələrə ixracı təhlükəsi vardı”.

 

C.Vəliyev iki ölkəni yaxından maraqlandıran və əməkdaşlıq etdikləri digər bir məsələnin Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi olduğunu bildirib:

 

“Qazaxıstan Azərbaycanla ikitərəfli və Rusiya ilə birgə üçtərəfli sazişlər imzalayaraq Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün birgə mövqedən çıxış etmişdi. İki dövlətin sərgilədiyi ortaq mövqe nəticəsində 12 avqust 2018-ci ildə beş sahilyanı dövlət arasında imzalanan “Xəzər Sazişi”  fundamental töhfə veribdir. Hər iki ölkə strateji mövqeyə sahibdir və şərq-qərb ticarət və nəqliyyat yollarında yerləşir. Azərbaycan Qazaxıstan vasitəsilə Mərkəzi Asiya və Uzaq Asiyaya, Qazaxıstan isə Azərbaycan vasitəsilə qərb bazarına çıxış əldə edir. Bunu həm nəqliyyat həm də enerji daşıyıcıları baxımından demək mümkündür. Böyük İpək Yolunun bərpa edilməsi və Avro-Asiya Nəqliyyat Dəhlizinin tammiqyaslı fəaliyyətinin təmin edilməsi üzrə TRASECA layihələri çərçivəsində infrastrukturun təkmilləşdirilməsi və tarif sistemlərini sadələşdirilməsi üçün tərəflər arasında işlər davam edir. Hər iki ölkə nəqliyyat və enerji infrastrukturunun inkişaf etdirilməsi üçün böyük sərmayə yatırmışdır. 2017-ci ildə Bakıda Bakı-Tiflis-Qars Dəmiryolunun açılışında Qazaxıstanın Baş naziri də iştirak etdi. Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər nəqliyyat sisteminin inkişaf etdirilməsi üçün əməkdaşlıq var. Qazaxıstanın Aktau və Azərbaycanın Ələt limanları Türk Şurası çərçivəsində qardaşlaşmış limanlardır. Hər iki ölkə eyni zamanda Beynəlxalq Trans-Xəzər Nəqliyyat Koridorunu yaradır ki, bu da Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafına xidmət göstərir”.

 

C.Vəliyev əlavə edib ki, enerji sahəsində əməkdaşlıq, neft və neft məhsullarının Qərb bazarlarına çatırılması müstəqilliklərinin ilk illərindən etibarən hər iki dövlətin əməkdaşlıq sahəsidir:

“Astana Bakı-Tbilisi-Ceyhanla (BTC)  əlaqədar aparılan görüşlərdə aktiv iştirak edib. 1999-cu ildə İstanbulda ATƏT-in zirvə görüşündə BTC Sazişi, BTC-nin dəstəklənməsi haqqında İstanbul bəyannaməsi Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin iştirakı ilə imzalanıb. 2005-ci ildə Bakıda BTC-nin açılış mərasimində Nursultan Nazarbayev iştirak edib və 2007-ci ildə Qazaxıstan rəsmən BTC-yə qoşulub. Hal-hazırda BTC-dən Azərbaycan nefti ilə yanaşı, Qazaxıstan nefti də ixrac olunur. İki ölkə eyni zamanda beynəlxalq təşkilatlarda əməkdaşlıq edən və dəstək verən ölkələr olub. Belə ki, Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurası üzvlüyü üçün Qazaxıstan dəstək verib. O cümlədən, Azərbaycan da 2017-2018-ci illərdə BMT Təhlükəsizlik Şurasına Qazaxıstanın qeyri-daimi üzvlüyü üçün dəstək verib. EXPO-2017 beynəlxalq sərgisinin Qazaxıstanda keçirilməsi üçün isə Azərbaycan Qazaxıstanın yanında durub. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadı Əməkdaşlıq Təşkilatının üzvüdürlər və burada əməkdaşlıq edirlər. İki ölkə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qurucu üzvüdür. Türk Şurası beynəlxalq səviyyədə əməkdaşlıq baxımından iki ölkə arasında əməkdaşlığın zirvəsi sayıla bilər. Belə ki, bu təşkilat çərçivəsində iki ölkə xarici siyasət və təhlükəsizlik, nəqliyyat, enerji, iqtisadiyyat kimi birçox sahədə əməkdaşlıq edir”.

 

Qazaxıstanda yaşayan azərbaycanlılar...

Heydərçi Azərbaycanlı gənclər təşkilatının sədri”, “Eurasia Investment Platform” şirkətinin rəhbəri Bəhruz Axundov Qazaxıstan-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə inkişaf etdiyini deyir:

 

“Ümumilli lider Heydər Əliyev və Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən qurulan dövlətlər arasındakı münasibətlər bütün sahələrdə yüksək səviyyədə inkişaf edib. Qardaş ölkələrimizin münasibətləri hal hazırda Prezidentlər cənab İlham Əliyev və Kasım Jomart Tokayev cənabları tərəfindən layiqincə davam etməkdədir. Qazaxıstanla Azərbaycanın iqtisadiyyat sahəsində olan əməkdaşlığı Mərkəzi Asiya və Avropa ölkələri üçün də böyük əhəmiyyət daşıyır.Qazaxıstanda 130 dan çox xalq sülh və əmin-amanlıq şəraitində yaşayır. Bizim soydaşlarımıza qarşı həmişə münasibətlər yaxşı olubdur. Qardaş qazax xalqı ilə bizim xalq eyni xalqdır. Adət ənənələrimiz, dilimiz, dinimiz bizim xalqlarımızı bir birinə əbədi birləşdirib. Diaspora sahəsində Qazaxıstanın Xalqlar Assambleyası və Azərbaycanın diasporla iş üzrə Dövlət komitəsi arasında əməkdaşlıq axır üç ayda aktivləşməyə başladı. Hər iki dövlətin nümayəndə heyəti əməkdaşlığı gücləndirmək məqsədilə görüşlər təşkil edir. İnanıram ki, bu sahədə də lazımı olan nailiyyətlər əldə olunar”.

 

B.Axundov Qazaxıstandakı azərbaycanlıların daha çox tikinti sahəsində çalışdığını bildirib:

“Qazaxıstanda Azərbaycan vətəndaşları çoxdur. Xüsusilə tikinti sahəsində çalışanlar üstünlük təşkil edir.Onlara lazımi dəstək  həm Azərbaycan səfirliyi tərəfindən həm də, Qazaxıstan dövləti tərəfindən mütəmadi olaraq göstərilir. Qazaxıstanda hansı ölkənin vətəndaşı olmağına baxmayaraq bütün xarici vətəndaşlara qayğı göstərilir. Əsas odur ki, qanun pozulmasın və hər kəs öz işiylə məşğul olsun. “Eurasia İnvestment Platform” şirkəti dünyanın 20-dən çox ölkəsi ilə biznes sahəsində əməkdaşlıq qurub. Ən əsas məqsədlərdən də biri ölkələrimizə investisiya cəlb etməkdir. Xüsusilə, yeni texnologiyalar, alternativ enerji sektorunda və digər sahələrdə. Hal-hazırda bizim şirkətimiz Estoniya ilə strateji layihələr sahəsində çalışır. Əməkdaşlıqda ilk olaraq Qazaxıstanı və Azərbaycanı planlaşdırırıq. Çünki hər iki dövlətin gələcəyini biz, və bizim Avropa tərəfdaşlarımız uğurlu görürük”.

 

Mədəni əlaqələr: ortaq kök, ənənələr və dəyərlər

 

Azərbaycan-Qazaxıstan arasında mədəni əlaqələrdən danışan Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov hər iki ölkə arasında sıx mədəni əlaqələrin ötən əsrin 90-cı illərinə təsadüf etdiyni bildirib:

 

“Azərbaycan-Qazaxıstan arasında mədəni əlaqələr 90-cı illərin sonuna təsadüf edir. Lakin mən son 5 il ərzində olan əməkdaşlıq və görülən işlər barədə danışmaq istərdim. 2015-ci ilin 10 noyabr tarixində Qazaxıstanın Almatı şəhərində TÜRKSOY-un və Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə Xalq şairi, Dövlət mükafatları laureatı Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olundu, tədbir çərçivəsində TÜRKSOY-un təşəbbüsü ilə şairin yubileyi münasibətilə nəşr olunmuş “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” adlı kitabının təqdimat mərasimi keçirildi.2016-cı ilin 24-30 sentyabr tarixində Qazaxıstanda keçirilən 12-ci Avrasiya Beynəlxalq Film Festivalı çərçivəsində Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filminin beynəlxalq premyerası baş tutub. 2016-cı ilin 7-8 noyabr tarixlərində “Multikulturalizm İli” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı"na uyğun olaraq keçirilən lV Bakı Beynəlxalq Teatr Konfransında Qazaxıstan geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunub.

 

İ.Hümbətov bəstəkar Qara Qarayevin yubileyinin Qazaxıstanda keçirilməsinin qonşu dövlətin Azərbaycan musiqi dəyərlərinə sevgi və hörmətindən irəli gəldiyini deyir:

“2018-ci il oktyabrın 23-də Qazaxıstanın paytaxtı Astanada Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, tanınmış bəstəkar, SSRİ xalq artisti, Sosialist əməyi qəhrəmanı, Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illiyi qeyd edildi. TÜRKSOY-un təşkilatçılığı və Azərbaycanın Qazaxıstandakı səfirliyinin dəstəyi ilə keçirilmiş tədbirin konsert proqramında Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması, “Yeddi gözəl” baletindən vals və süitalar tamaşaçılara təqdim olundu. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2019-cu il 27-29 sentyabr tarixində Bakı İdman Sarayında keçirilmiş VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Qazaxıstan Ədəbiyyatı və Mədəniyyəti Mərkəzinin açılışı oldu”.

 

Bakı ilə Astananın iqtisadi əlaqələri

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor, iqtisad üzrə elmlər doktoru Elşad Məmmədov Qazaxıstanla Azərbaycan arasındakı iqtisadi əlaqələrin mövcud potensialdan zəif inkişaf etdiyini deyir:

“Qazaxıstanla Azərbaycanın iqtisadi əməkdaşlıq göstəriciləri ölkələr arasındakı potensialı əks etdirə bilmir. Ümumi göstəricilər həm qarşılıqlı ticarət dövriyəsinə görə, həm də qarşılıqlı investisiyalara görə potensialdan çox uzaqdır və düşünürəm ki, hər iki hökumətin iqtisadi blokunun fəaliyyətindəki boşluqlarla bağlıdır. Çünki bu gün dünya iqtisadiyyatında maraqlı proseslər baş verir və bunun nəticəsi olaraq prioritet qonşu dövlətlərin əməkdaşlığında olmalıdır.Amma Qazaxıstan və Azərbaycan bölgədə güclü iqtisadi potensiala malik olsalar da bizim iqtisadi əlaqələrimiz lazımi səviyyədə inkişaf etmir. İki ölkə arasında ticarət dövriyyəsi milyardlala ölçülməlidir. Çünki hər iki ölkənin böyük investisiya resursları var.  Bundan dolayı biz həm daxili bazarları gücləndirə bilərik həm işgüzar fəaliyyəti intensivləşdirə bilərik. Bunun əvəzində biz görürük ki, həm Azərbaycanın həm də Qazaxıstanın ixracında xammal, neft sektorunun böyük və xüsusi çəkisi var. Bu sektor valyuta sütunlu olsa da dayanaqlı iqtisadi inkişafa zəmanət yaratmır. Çünki biz iqtisadiyyatımızın yüksək texnoloji sahələrini inkişaf etdirməlyik ki, iqtisadi inkişafımız daha dayanıqlı olsun. İqtisadi əməkdaşlığın zəif olmasına səbəb kimi hər iki ölkədə neft ehtiyatının çoxluğundan doğan rahtlıqda görürəm. Hər iki dövlət çox güclü xammal ehtiyatına malikdir. Hər iki ölkə arasında əməkdaşlıq eyni xammal sahəsində olmalıdır. Təəssüf ki, neft amili hər iki ölkənin iqtisadi əməkdaşlığı gücləndirməsinə mane olur”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...