Modern.az

Şənbə etüdləri, Şöhrət Eyvazov yazır

 Şənbə etüdləri, Şöhrət Eyvazov yazır

15 Fevral 2020, 21:34

AD GÜNÜ ANIM GÜNÜNƏ ÇEVRİLƏN UŞAQLAR

 

“Həyat iki sonsuzluq arasında tutqun təsadüfdür.”  Alfred de Vini

Nə qədər ki, sağsınız, ad gününüz şad gününüzdür. Həm də  bir təbrik, kiçik bir hədiyyə ilə yada düşmək istərik hamımız.
Bu dünyadan köçəndən sonra isə həmin gün anım gününə çevriliər. Dünyasın dəyişən insanın son yaxını, son tanışı gedənə qədər belə olar...



Cəmi bir il dörd ay...



Ad günü ilə anım gününün arasındakı məsafə, yəni ömür  nə qədər qısa olsa, o qədər çox ağrılıdır. 13 fevral Zəhranın ad günü idi. Cəmi bir il belə oldu. 2016-da doğuldu, 2017-ci il iyulun 4-ündə Ermənistan Ordusunun Füzulinin Alxanlı kəndinə  atdığı mərmiylə həyatın ikinci ad gününü görmək imkanı əlindən alındı.
Həmin gün  saat 20.40 radələrində Ermənistan hərbçiləri Alıxanlını minaatanlardan və dəzgahlı qumbaraatnalrdan atəşə tutdular. Kənd sakini Elnur  Quliyev eyni gündə anasını  və qızını  itirdi.  İki mülki şəxs - 14 aylıq Zəhra Quliyeva və 50 yaşlı Sahibə Allahverdiyeva qətlə yetirildi. Balaca Zəhra atası Elnurla eyni gündə dünyaya göz açıb. Ata-bala cəmi bir dəfə ad günlərini bir yerdə keçirdə biliblər.
Elnurun oğlu Murad, bacısı Zəhranın ölümündən bir müddət sonra doğulub. Ailə muradına çatmayan Zəhranın xatirəsinə bu adı qoyub körpəyə. Zəhra və nənəsinin vurulduğu ərazidə bölgədə yerləşən hərbi hissənin təşəbüsü ilə park  salınıb. Bu meydançada Muradla yanaşı, digər balacalarda oynayır.  

 

 

Zəhranın parlaq gözləri, titrək əlləri çox tez yumuldu – bir qönçənin gül açmadan quruduğu kimi. Onun bir il dörd aylıq ömrü yarımçıq kəsən mərmi indi muzeydədir. Bu  mərmi erməni daşnaklarının lap çoxdan atdığı minlərlə mərmidən, güllədən biridir. Bizim torpaqlara iddiaları başlayandan doldurmuşdular toplarını.
Ta o qılıncımız yoxdumu, top lüləsini kəsə bilən?

Daha bir günahsız ünvan


Daha bir günahsız ünvan isə Ağdam rayonun Ortaqışlaq kəndindədir. O həyət ki, ordada oynadığı topun dalınca gedərkən 9 yaşlı Fariz Bədəlov erməni snayperin açdığı atəşlə qətlə yetirilib.
Mətanət nənənin 7 nəvəsi var. Kiçikli-böyüklü qayğılarıyla, sevincləriylə böyüyürlər hər gün, hər ay bir buğda boyunca. 8-ci nəvəsi Fariz isə elə 9 yaşında qalıb. Şəkillərdən təsəlli alan Mətanət nənə tez-tez nəvələrinə Farizin nağılın danışır. Qaranlıq dünyanın qara devinin apardığı Farizin.

Bir neçə cümləyə sığır bu nağıl – Farizin tərcümeyi-halı kimi.  Farizi böyüməyə qoymayan, onun fidankən balta vuran isə təmas xəttinin o tərəfindəki erməni snayperidir. O faciədən llər keçsə də Bədəlovlar ailəsində tam inana bilmirlər Farizin yoxluğuna..

 

 

Erməni  snayper qətl üçün tarixi qəsdən 8 mart Beynəlxalq Qadınlar gününü seçdi. O güllə isə əslində bütün dünya analarına atıldı, tək Farizə yox. 2011-ci ildən bu ailənin qadınlarını - Farizin anasını və nənəsini 8 martda heç kim təbrik etmir. O vaxtdan  1 iyun – uşaqların beynəlxalq müdafiəsi gününə də inanmırlar – Erməni Ordusunun qətlə yetirdiyi digər uşaqların yaxınları kimi...

Farizin məzarı üstündəki məktəbli çantası, Zəhranın qəbrinin üstündə yiyəsiz qalan  oyuncaqlar  bu faciələrdən söz açmağa kifayət edər. Uşaqların beynəlxalq müdafisəindən ağızdolu danışan bəşəriyyətin gözünü açaraq Erməni Ordusunun Azərbaycan uşaqlarına qarşı etdiyi cinayətləri görməyə gücü çatmasa belə...


Faktlar deyir ki...



-1918-ci ildə erməni silahlı quldurları Türkiyənin Katranlı kəndinə hücum edərək ətraf yaşayış məntəqələrinidən olan 1400 uşağı odda yandırıblar.


-1918-ci il yanvar ayının 28-də Gəncənin Zağalı kəndində ermənilər 15 uşağı vəhşicəsinə qətlə yetiriblər. Həmin il Şamaxıda qırğınlar törədən daşnaklar 1277 uşağa işgəncə verərək öldürüblər.


-1920-ci il yanvarın 6-da ermənilər Naxçıvanın Bılağ kəndində atəşə tutduqları yüzlərlə insanın arasında işgəncə ilə 25 uşağın həyatına son qoyublar. Təkcə  Zəngəzurda güllələnən 7729 nəfərdən 2196-sı azyaşlı uşaq olub.


-Keçmiş SSRİ Daxili İşlər Nazirliyinin istintaq materiallarında göstərilib ki, 1988-ci ildə azərbaycanlılar öz dədə-baba yerlərindən zorla qovulduqda 216 soydaşımız qətlə yetirilib. Həlak olanların arasında 23 uşağın olduğu bildirilir. Əslində bu rəqəm daha çoxdur. 4 yaşlı Elvin Məmmədovu, yaşı tamamlanmamış Elçin Bəhramoğlunu, 11 yaşlı Şahin Balacayevi ermənilər hansı günahlarına  görə qətlə yetiriblər?


-1988-ci il dekabrın 5-də Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq etdilər. Borunu hündür uçurumdan tullayaraq fidanları qətlə yetirdilər. Elə həmin ilin noyabrında Gümrüdə(Leninakan) da bu cür hadisə həyata keçirilmişdi. Uşaq evində olan 70-ə yaxın 5 yaşından 12 yaşına kimi azərbaycanlı uşağı 20 metr uzunluğunda 1,5 diametrdə boruya dolduraraq hər iki tərəfini bağlayıblarmış. Yalnız dekabrda baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər bu qətliamın üstünü açaraq dəhşətə gəlmişdilər.


Xocalı soyqırımnda  qətliam edilən 613 nəfərin 63-ü uşaqlar, körpələr, fidanlar idi. Qaradağlıda isə soyqırımına məruz qalanların 8-i uşaq idi.

 



Erməni yazıçısı M.Şaginyan hələ sovet zamanında rəsmi toplantıların birində öz qaniçənlərinə kəskin tövsiyə vermişdi: "Dil açmamış uşaqlarınızın qulağına pıçıldayın ki, türk sənin düşmənindir".

Bu o Şaginyandır ki, 1981-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı  «Azərbaycan SSR əməkdar elm xadimi» fəxri adı alıb. Sonra da deyirik ki...

Ermənistanın körpələri qəddarcasına qətlə yetirməsi rəsmi Yerevanın terrorizm siyasətini faşizm ideologiyasına büründüyünü bir daha sübut edir. Sülh danışıqlarında vasitəçilik edən dövlətlər Ermənistanın bu əməllərini görmürlər və görmək istəmirlər. Qafqazda və dünyada monoetnik dövlətə çevrilən Ermənistan regional təhlükə mənbəyi olaraq qalır.

Bu yaxınlarda türkiyəli media mənsublarının təmas xətti ilə sərhəddi dəyişik salmalarını təəssüflə qarşıladıq. Bu problemin bir yolu var - səngərlərin sərhədlərimizdə olmasını təmin etmək.
O zaman Farizlər və Zəhralar üçün təhlükə də olmayacaq.


GÖRƏSƏN, AZƏRBAYCAN ƏSGƏRİNİN SƏRSƏNG GÖLÜNDƏ ÇƏKMƏSİNİ TƏMİZLƏYƏCƏYİ, LAÇINDA UNİFORMASININ TOZUNU ÇIRPACAĞI GÜNÜ ARZULAMAQDA VƏ HƏYATA KEÇİRMƏKDƏ ÇOX GECİKMİRİK??

Bu sual torpaqlarımızın azadlıq fəlsəfəsi olmalıdır. Tolstoy isə deyirdi ki, “Fəlsəfə həyatın mənası haqqında suala cavab vermir, onu daha da mürəkkəbləşdirir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi