Modern.az

“Ermənistanlıyam”, “Qərbi Azərbaycanlıyam”, “Gürcüstanlıyam” deməyin – SƏBƏB

“Ermənistanlıyam”, “Qərbi Azərbaycanlıyam”, “Gürcüstanlıyam” deməyin – SƏBƏB

Ölkə

20 Fevral 2020, 09:09

Bəzən bilmədən elə sözlər, ifadələr işlədirik ki, onlar fikir çaşqınlığına səbəb olur. Bu sözlər həssas məsələlərlə bağlı olanda ikiqat narahatlıq doğurur.

 

Məsələn, əsli Qərbi Azərbaycandan olan birinə haralısan sualını verəndə cavab ermənistanlı olur. Ya da İrəvan əvəzinə, Yerevan işlədilir.

 

Niyə Ermənistanlı əvəzinə Göyçəli, Zəngəzurlu, Dərələyəzli deyilmir. Niyə Gürcüstanlıyam əvəzinə, Borçalılıyam deyilmir.

 

Tarixin o tayında olmayan Ermənistan, Yerevan sözlərini niyə oturuşdururuq?

 

Mövzu ilə bağlı Modern.az-a danışan politoloq Zərdüşt Əlizadə deyir ki, mənfi mənada işlənən sözlərin zamanla dəyişməsi normal haldır:

 

 

“Zaman keçdikcə sözlərin mənası, məna tutumu dəyişir. Rus, ingilis dillərində də bəzi sözlər mənfi çalarlı olur. Sonra mənfi çalar gedir, onun yerinə müsbət çalar gəlir.

 

Məsələn, qərbi azərbaycanlılar haqqında “yeraz” sözünü ilk dəfə mərhum akademik Ziya Bünyadov1988-ci ildə mitinqdə işlətmişdi. O zaman bunu Yerevan azərbaycanlıları kimi təqdim etmişdi və mənfi çalarda işlətmişdi. Nəzərdə tutulmuşdu ki, bunların hamısı kənd əhlidir, siyasi savadları yoxdur, ictimai mövqeləri qeyri-müəyyəndir.

 

İndi cəmiyyətin inkişaf yolu ona gətirdi ki, əslən Qərbi Azərbaycandan olan azərbaycanlıların böyük əksəriyyəti indi hakimiyyətdə, vəzifədə, parlamentdədir. Vaxtilə mənfi çalarla işlədilən “yeraz” sözü indi fəxrlə bir imtiyaz kimi səsləndirilir.

 

Cənubi azərbaycanlılara gələndə, vaxtilə onlara “həmşəri” deyirdilər.

 

Oktyabr inqilabından əvvəl İranda kasıbçılıq idi, onlar gəlib, Bakıda hambal işləyirdilər, neft mədənlərində ən təhlükəli işlərdə ən aşağı qiymətə muzdlu çalışırdılar və qayıdıb, İrandakı ailələrini dolandırırdılar.

 

Amma sonradan o həmşərilər indiki Azərbaycan cəmiyyətində oturuşdular, oxudular. Məsələn, heç kim ağlına gətirməz ki, akademik Şəfayət Mehdiyev, həmşəridir. Yəni, həmşəri sözünün də mənası dəyişməyə başladı.

 

Azərbaycanda bir-iki siyasi fırıldaqçıdan başqa heç kəs qərbi azərbaycanlıların öz yurdlarına qayıtması, Ermənistanda yaşamasını real hesab etmir.

 

İndi ermənilərin əsas məqsədi odur ki, bizi inandırsınlar ki, Qarabağ Ermənistanındır və qaytarılması da real deyil. Bunun üçün işləyirlər, psixoloji fəndlərdən, təbliğat qəliblərindən istifadə edirlər”.

 

Tanınmış telejurnalist, filologiya elmlər doktoru Qulu Məhərrəmli isə bildirir ki, belə məsələlərə yazıda diqqət etsək, daha yaxşı olar:

 

 

“Danışıq dilinin öz təbiəti var. Amma yazılı dil müəyyən qaydalara söykənir. Məişət səviyyəsində sözləri qısaldırıq, necə rahatdır, elə danışırıq. Amma coğrafi adları olduğu kimi yazmalıyıq. Məsələn, bunun adı Ermənistandır, bunun adı Yerevandır, yaxud da İrəvandır.

 

Variantlar ola bilir. Bunda belə bir təhlükə görmürəm. Təhlükə həddən artıq çoxvariantlılığın olmasıdır, xüsusilə də yazıda.

 

Yazılış, tələffüz qaydaları ona görədir ki, biz dilin sistemini tənzimləyək. Əslində, dil özü-özünü tənzimləyir. Amma həm də qaydalar ondan ötrüdür ki, biz onlara əməl edək, bir-birimizi dəqiq, dürüst anlayaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü