Modern.az

Jalə Əliyeva aksiyaçıları təmkinli olmağa ÇAĞIRDI

Jalə Əliyeva aksiyaçıları təmkinli olmağa ÇAĞIRDI

Aktual

21 Fevral 2020, 10:42

Dünən sosial şəbəkələrdə Zərdab rayonunun Çallı kəndində yaranmış sosial problemlə əlaqədar kənd sakinlərinin etiraz aksiyasi keçirdiyi barədə məlumatlar yayılıb. Etiraza səbəb kimi Çallı kəndində kəndlilərin əlindən örüş sahəsinin alınması göstərilib.

 

Modern.az xəbər verir ki, məsələyə Milli Məclisin deputatı Jalə Əliyeva münasibət bildirib. O, gün ərzində və axşamüstü bir neçə dəfə rayonla əlaqə saxladığını deyib:

 

“Zərdab Rayon İcra Hakimiyəti, hüquq mühafizə orqanları ilə danışdım. Öyrəndim ki, rayonun başçısı hörmətli Mərdan Camalov, rayonun digər rəhbər işçiləri hadisə yerinə gəliblər. Daha sonra rayon icra hakimiyyətində şikayətçilər qəbul olunublar”.

 

Jalə Əliyeva qeyd edib ki, məsələ həllini tapacaq:

 

“Əziz Çallılılar! Qəbul zamanı da sizə bildirildiyi kimi, tələbiniz, şikayətiniz ən qısa zamanda araşdırılacaq və mütləq öz ədalətli həllini tapacaqdır. Əmin olun ki, Azərbaycan dövləti hər bir vətəndaşının yanındadır. Sizin isə təmkini qorumağınız və məsələnin əlaqədar qurumlar tərəfindən qanunlar çərçivəsində həllini gözləməyiniz ən düzgün olanıdır. İnanıram ki, müdrik addım atacaq, dövlətimizə inamınız qalib gələcək!”.

 

Qeyd edək ki, sosial şəbəkələrdə Zərdabın Çallı kəndində örüş sahəsi əlindən alınan kəndlilərin etiraz aksiyası keçirdiyi, xeyli sayda saxlanan və xəsarət alanların da olduğu barədə məlumat yayılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan isə saytımıza bildirilib ki, keçirilmiş qanunsuz aksiyanın qarşısı polis əməkdaşları tərəfindən alınıb, lakin bu zaman saxlanılanlar və xəsarət alanlar olmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı