Modern.az

Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - İyirminci və iyirmi birinci söz

Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - İyirminci və iyirmi birinci söz

Ədəbi̇yyat

21 Fevral 2020, 16:06

Modern.az saytı qazax xalqının görkəmli ədəbiyyatçısı və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyi münasibəti ilə onun qələmə aldığı “Qara Söz”ü təqdim edir.

 

 İyirminci söz

 

Tanrının yazdığı yazıya pozu yoxdur.İnsan doğulduğu gündən taleyi, bəxti alnına yazılır.  Bu yazı insanın əvvəlindən sonuna kimi onun yanınca gəzir. Bəzən öz taleyindən, bezib küssə də, yazılan yazıdan qurtula bilmir. İnsan həyatı boyu görüb-götürdüyündən öyrənir. Nə qədər çox görsən, o qədər çox öyrənəcəksən. Lakin bu gördüklərindən yaxşı nəticə çıxarsa, taleyini  və qədərini də yaxşı yola yönəltmək insanın öz əlindədir.  Buna görə müdriklərin sözünü dinləməlsi, əməl etməsi vacibdir. Kamil insan qeyrət göstərsə görər ki, bacarmadığı bir iş  varmı? İnsan oğlunun yeməkdən də, oyundan da, gülməkdən də, əyləncədən, yığıncaqlardan, hətta sevdiyi qadından da doyduğu bir vaxt olur.  Çünki insan  kamilləşdikcə hiss edir ki, həyatın bütün həzzləri keçicidir, bir zaman isti bildiyi hər şey yaşlandıqca insana soyuq gələr.  Yaşa dolduqca gücün azalar, ömür də qısalar.  Allah təala yaratdığı  insanların heç birini fərqləndirmədi və onlara əbədi  gənc qalma kmi bir  tale yazmadı.  Belə olduqda insaın  könlü də dəyişməlidir axı?

Onu da deyim ki, hər şeydən yorulub, doymaq, dünya ləzzətindən və həzzindən imtina etmək  hər  insan oğluna nəsib olmur. Bu xoşbəxtlik də kamil insanın nəsibidir.  Hətta uzun ömrün də tükənəcəyini, dünyanın hər zövqünün  və həzzinin keçici olduğunu  təcrübədən keçirənlər də bir gün yaşamaqdan yorulurlar.  Ona görə də,  dəlilik və arsızlıq da bir qənimətdir,-deyə, düşünürəm bəzən.

1894

 

İyirmi birinci söz

 

İstər az, istərsə də çox olsun, hər bir adamda özündən razılıq əlaməti olması əslində heç yaxşı xüsusiyyət deyil. Özündən razılığın iki növünü bilirəm: biri özündən həddən ziyadə razılıq,  biri də özünə çox yuxarı qiymət vermək. Özünə çox yüksək qiymətləndirmək isə özünü hamıdan dəyərli sayması səbəbindəndir. Belə şəxslər  ətrafdakıların dedi-qodularına məruz qalmasın deyə, yüngüllük və səbirsizlik etməz, kimsəyə yalan vəd verməz, keyfiyyətsiz, arsız, qeybətçil, yalançı , saxtakar  adamlardan kənar gəzər və özü də belə ədəbsizliklərə yol verməzlər. Əslində belə təmkinlilik  müdrik, vicdanlı və zatı bütöv  adamlara məxsus keyfiyyətdir.   Onlar barələrində “yaxşı adamdır” – deyilməsinin fərqində olmasalar da,  ancaq adlarına “nankordur”-deyə bir sözün deyilməsin deyə, hər cür  ədəbsizlikdən çəkinərlər. İkinci növ adamlar var ki, daim özləri ilə öyünərlər.  Hər kəsin onun var-dövlətindən, işindən-gücündən danışmasını özlərinə  fərəh bilərlər. Təki hər yerdə adı deyilsin. Varlı desinlər, igid desinlər, dəli-dolu desinlər, nə olursa-olsun, təki haqqında nəsə danışsınlar. Təki unudulmasın. Belə xüdbin adamlar da üç cür olur:  onlardan biri adətən başqa yerlərdə, onu tanımayanların yanında özünü tərifləyib, göyə qaldırar. Bu cahillikdir.  İkincisi isə,  el-obanın içərisində, nəsil-kökünün, qohum-əqrabasının yanında  şöhrətlənmək, ad qazanmaq üçün çalışar. Üçüncü tip xudpsənd adamlar isə  ailələrində və el-obasının içərisində hörmətləri olmasa da, yad yanında ad qazanmaq üçün dəridən-qabıqdan çıxarlar. Cahilliyin ən pis növü budur.

Kim  ki, insanlar içərisində, elində- obasında hörmət-izzət sahibi olmaq istəyirsə,  əvvəlcə öz qohum-əqrabasının hörmətini qazanmalıdır. Kim ki, öz doğmalarının hörmətini qazanıbsa, inanın ki, onun  evinin içərisindəki şöhrəti və hörməti elin içərisində də yayılıb, dünyaya çatacaq.

1894.

 

Tərcümə etdi: Aida Eyvazlı

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?