Modern.az

Münhenin ƏKS-SƏDASI: Qarabağla bağlı erməni və azərbaycanlı tarixçilərin debatı mümkündürmü...

Münhenin ƏKS-SƏDASI: Qarabağla bağlı erməni və azərbaycanlı tarixçilərin debatı mümkündürmü...

22 Fevral 2020, 12:19

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən debatda Dağlıq Qarabağın tarixinə xüsusi vurğu oldu. Prezident İlham Əliyev konkret faktlarla Nikol Paşinyana tarix dərsi keçdi.

 

Bəs hazırki şəraitdə hər iki ölkənin tarixçilərinin iştirakı ilə Dağlıq Qarabağın tarixinə həsr olunmuş debat təşkil oluna bilərmi? Ümumiyyətlə, bu debatın hansı faydaları ola bilər?

 

Mövzu ilə bağlı Modern.az-a danışan AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov bildirib ki, belə debatlar Azərbaycanın tarixi həqiqətlərini beynəlxalq aləmə çatdırmaq baxımından gərəklidir:

 

“Bunun təcrübəsi var. Belə bir debat və seminarlar olub. Hətta mən də dəfələrlə xaricdə onlarda iştirak etmişəm. Bu debatlar indi niyə keçirilmir? Çünki nəticə etibarı ilə əksər hallarda Azərbaycan tərəfi öz fikini isbat edə bilib. Bu tədbirlər İngiltərə, ABŞ, Rusiyanın vasitəçiliyi ilə keçirilib və dəfələrlə bəlli olub ki, Azərbaycan tərəfinin verdiyi arqumentlər doğrudan da beynəlxalq hüquqa, tarixi hadisələrə və arxiv materiallarına əsaslanır. Ona görə son illərdə Ermənistan tərəfi belə diskussiyalara getmir. Bu məsələdə ATƏT-in Minsk qrupu ölkələrinin həmsədrlərinin təşəbbüsü olmalıdır. Nə Azərbaycan, nə də Ermənistan belə təşəbbüslə çıxış edə bilməz . Amma açıq formatda, mətbuatın iştirakı ilə sosial şəbəkələrdən, yaxud da birbaşa canlı yayım vasitəsilə debatların keçirilməsi yerində olardı. Bu, baş tutsa, tarixçi kimi arxayınam ki, o debatlarda, çıxışlarda nəinki, Azərbaycanın mövqeyini müdafiə edə biləcəyik, hətta sübut da edəcəyik və erməni tərəfi razılaşmağa məcbur olacaq”.

 

AMEA-nın Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov isə belə müzakirələrin keçirilməsini vacib hesab etmir:

“Biz erməniləri lazımi səviyyədə yerlərində elə oturtmuşuq ki, onlarla diskussiyaya çıxmağa ehtiyac yoxdur. Çünki indinin özündə də Tarix İnstitutunda aparılan bütün tədqiqatlar, son 15 ildə nəşr olunan ədəbiyyat onların bütün iddialarına cavabdır, başqa sözə ehtiyac yoxdur. Çünki mən həqiqəti bilə-bilə onunla nə üçün mübahisə edəcəm? Məsələ burasındadır ki, ermənilərin bura köçürülməsi həqiqətdir. Bunu Rusiya elmi, dünya elmi qəbul edir. Hətta bu, onların özlərinin yazdığı əsərlərdə də öz əksini tapıb. Ona görə də onların heç biri ilə elmi polemikaya çıxmağa ehtiyac duymuram. Lazım olsa, mən, eləcə də həmkarlarım onların cavabını verə bilərik. Biz bu məsələləri 2014-cü ildə Rusiya Dövlət Dumasında erməniləri Cənubi Qafqaza köçürən dövlətin qanunverici orqanının nümayəndələrinin üzünə də demişik, bir nəfər də “yox” deməyib.

Cənab prezident onların cavabını verdi. Nə xoş ki, dövlətimizin başında belə bir yüksək intellektə malik bir insan dayanır. Özü də tarixçi alimdir, diplomatdır. Buna görə də məlumatları Tarix İnstitutu olaraq təqdim etdikdən sonra o da istənilən yerdə onların cavabını verir. Vaxtilə akademiklər Ziya Bünyadov, İqrar Əliyev, indi Nailə Vəlixanlı və bir çoxları tərəfindən onların cavabları istənilən səviyyədə verilib və yerində oturdulub”.

 

Bakı Dövlət Universitetinin professoru, tarixçi alim Nəsiman Yaqublu isə belə bir debatın bəzi faktların aydınlığa qovuşmasında faydalı olacağını düşünür:

“Debatlar insanlara, xalqlara həmişə fayda gətirir, müəyyən məsələlər üzə çıxır, aydınlaşır. Bunu etməyin heç bir ziyanı yoxdur. Bu bir faktdır ki, həqiqətən də ermənilər tərəfindən Rusiyanın 366-cı alayının köməyi ilə Xocalı soyqırımı törədilib. Bunu faktlar, sənədlərlə də sübut etmək mümkündür. Videoçəkilişlər də, digər arxiv sənədləri də var. Xocalı soyqırımı haqqında ilk kitab yazan müəllif kimi mən də burada böyük məmnuniyyətlə iştirak edə bilərəm. Yenə deyirəm, bu məsələləri istər debatlar, istər elmi konfranslar formasında gündəmə gətirmək lazımdır. Bu bir daha sübut etdi ki, bizim tarixçilər, Azərbaycanın humanitar sisteminə rəhbərlik edən şəxslər bu sahə üzrə peşəkar olan insanları bu məsələlərin həllinə, müzakirəsinə cəlb etməlidirlər. Ona görə yox ki, Paşinyan hərdən nəsə deyəcək, biz də ona cavab verəcəyik. Bu, sistemli bir işə çevrilməlidir. Təəssüflər olsun ki, biz bunu bu günə qədər həyata keçirməmişik. Bu sahəni bilən adamlar, tədqiqatçılar işə cəlb edilməli və bu məsələ dövlət səviyyəsində bir işə çevrilməlidir. Bu gün Paşinyan deyibsə, sabah Koçaryan deyəcək. Amma elə işlər görmək lazımdır ki, artıq onlar bu sualları ortalığa qoya bilməsinlər”.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir