Modern.az

“Yarımçıq qalmış oyun” – VIII səhnəli PYES

“Yarımçıq qalmış oyun” – VIII səhnəli PYES

23 Fevral 2020, 11:47

Ekranda yazılır: 26 fevral 1992-ci il

 

 Hadisə Xocalıdan Ağdama gedən yolda olan meşədə açıq talada baş verir.  Azərbaycanlıları əsir alan erməni silahlılarının bir qrupu  kiçik əsgər belləri ilə şahmat damasını xatırladan kvadrat yerlər qazırlar. Mayor Şahnəzəryan Samvellə söhbət edir.

Şahnazaryan: Bilirsən buranı niyə qazdırıram? (Yaralanmış Vaqifi göstərir) Bax o zabiti görürsən? Onunla mən Rusiyada Milis akademiyasında bir oxumuşuq. Zalım oğlu yaman şahmat oynayırdı. Mən hamını udurdum, o  da məni... Axırıncı yarışda da onnan oynadım,gördüm uduzuram, hirsimdən fiqurları vurub dağıtdım.

Samvel ətrafa boylanır, torpaqda qazılmış şahmat taxtasını xatırladan kvadrat yerlərə diqqətlə baxır.

Samvel: İndi neyləyəcəksən? Yenə də şahmat oynayacaqsınız?

Şahnazaryan: Hə, canlı şahmat. Onda az qala qovurdular məni  Milis akademiyasından, (yenə Vaqifi göstəriri) məni satmadı. Dedi ki, əli dəyib dağıtdı fiqurları. Məğlub oldum o vaxtki şahmat  yarışında Vaqifə. İndi isə qalibəm. Noyambeyran rayonunda rahat rəis kabinetimi qoyub gəlsəmdə, onu əsir almışam. Vaqif Xocalının milis rəisidir,(qımışır) rəisiydi.. (ikrahla əli bağlı azərbaycanlı döyüşçüləri göstərir) 5-6 silahları vardı, onlar da içi boş idi. Elə bil ki, kinoya çəkilirlər.

Şahnazaryan və Samvel gülüşürlər.

Samvel: Birdən yenə uduzarsan?

Şahnazaryan: (hirslə) İndi uduzmaq olar? O, artıq oyuna başlamamış uduzub. Tək Vaqif yox, bütün turklar bu oyunda uduzub. Axı, Qarabağ müharibəsi də bir şahmat oyunudu.

Samvel: Düz deyirsən. Turkların başı piyadalarını vəzirə çevirməyə qarışıb. Fərqimiz də bundadır: bu turklar özləri ilə şahmat oynayır, bizsə onlarla! Onlar bir-birlərini udurlar, bizsə onları uduruq!

(şahmat lövhəsinə bənzər yerləri işarə edərək)  Yaxşı, şahmat taxtasını gördük,bəs fiqurlar  hanı?

Şahnazaryan: (Azərbaycanlı yaralıları göstərir) İndi bunlar hamısı fiqurdu da... (qəh-qəhə çəkir) Hər halda çoxdurlar – canlı şahmat oynamağa yetər.

Vaqifin yanına çatırlar.

 Şahnazaryan: Kursant Vaqif Qasımov, bağışla, karıxdım, (istehza ilə) yoldaş mayor, keçmiş illəri yada salaqmı? Canlı şahmat oynayaq? Sizə nə fərqi var kı, onsuz da elə bil ölmüsünüz. Amma oyunu udsan sağ qalan “fiqur”larını  götürüb, gedərsən... (gülür)

Vaqif: (zorla) Sizin özünüz də kimlərinsə əlində bir fiqursunuz... Amma elə bilirsiniz ki, özünüz oynayırsınız.

Şahnazaryan: (gizlədə bilmədiyi həsədlə) O vaxtda beləydin – iddalı və məğrur. İndi görəciyik, iddanı əlindən almışam, qalıb məğrurluğun. (erməni silahlılarına tərəf dönür, azərbaycanlıları işarə edərək qışqırır) Düzün fiqurları. ( əliylə Vaqifi göstərir) Şahın yerinə bunu qoyun, qalanlarını özləri bilər.

 

Erməni silahlıları  əsirləri şahmat damasına bənzər yerlərə düzürlər. Oğlunu tapmayan Sevda dayanmadan öz-özünə “Turan” adını pıçıldayır.

 

Ekranın sol güncündə L.Ter-Petrosyanın şəkli görsənir.

Aşağıdakı ifadə ermənicə deyilir və azərbaycanca yazılır.

“ Dağlıq Qarabağda azərbaycanlı deyilənləri qırıb qutarana və orada öz sivilizasiyanızı bərqərar edənə qədər sizin düşmənə yazığınız gəlməməlidir” L.Ter-Petrosyan

Ekranda yazılır: “...anamı güllələdilər, qızlarım Sevinc və Hicranı yaraladılar, güllə mənə də dəydi, gənc qadınlar və uşaqlar qarın üstündə ölürdülər”  Sənubər Ələkbərova, Xocalı sakini

 

 

 

II səhnə

 

Ekranda yazılır: 23 fevral 1992-ci il

 

Xocalıda kapitan Əliyevin evi. Neft lampası otağı güclə işıqalndırır. Sevda öz-özünə danışır.

Sevda: Görəsən bu harda qaldı? Gecə yarı olub, hələ gəlməyib.  Axı, bu gün gəlməliydi.

Turan: (otağa gəlir) Ana, atam niyə gəlmədi? Onsuzda o həmişə belə eləyir.

Sevda: Sən hələ yatmamısan? Get yat, gələndə oyadaram.

Turan: (yaşına yaraşmayan ötkəmliklə) Yox, yuxum gəlmir. Atamnan işim var. Həmişə deyir sənə avtomat atmağı öyrədəcəm, öyrətmir.

Sevda: (oğlunun başını sığallayır) Turan, sən axı hələ balacasan. Avtomat sənin üçün tezdi, oğlum.

Turan: Eeeey, ay ana, odey Əli dayının oğlu Səməd...

Sevda: Nə Səməd, döyüşür, yoxsa avtomat atır? Sənin indi dərs oxuyan vaxtındır.

Turan: Məktəbimizi “qrad” snaryadı dağıdıb da...

Qapı açılır, kapitan Əliyev çinində avtomat içəri daxil olur.

Turan: (atasına tərəf qaçır)Atam gəldi!

Telman:  Ay mənim qoçaq oğlum, kişi balam. (Turanı öpür)

Sevda: Ay allah, gəldin, şükür Allaha!

Telman: Vəziyyət ...(Turanın ona diqqətlə baxdığını görüb, sözünü yarımçıq saxlayır) Get oğlum, get yat, artıq gecdir.. (Turan o biri otağa keçdikdən sonra yavaş səslə davam edir) Vəziyyət yaxşı deyil.  Ermənilər yaman qudurub. Bu tək onların işi deyil. Bu dığalar Xankəndindəki 366-cı alaya güvənirlər. Ey, nə fərqi, ya burdakı erməniyə satılan rus, yada erməni.

Sevda: Telman, sən allah ürəyimi qoparma, onsuz da ürəyimiz üzülüb...

Telman: Yox, daha qorxmaqdan keçib. Vəziyyət gərgindir, Bakıdan da bir xəbər yoxdu. Bir aydı vertolyot da gəlmir. Kömək gələsydi, hələ də gəlib çıxmayıb. Hava əlaqəsi də kəsilib...

Sevda: (lap astadan təlaşla deyir) Telman,  bəlkə Turanı Ağdama göndərək?

Telman: Nə danışırsan? Camaat nə deyər? Mən ki döyüşçüyəm! Mən oğlumu burdan çıxartsam, camaatın olan-qalan inamı da itər.

Sevda: Axı, Bakıdan nə deyirlər?

Telman: Heç özləri bilirlər ki, nə deyirlər? Yaman yerdə axşamlamışıq... Bizim işimiz Allaha qalıb.

Turan: (otağa qayıdır) Ana, yuxum gəlmir, çay istəyirəm. Həm də o otaq soyuqdur

Telman:  (gülərək Turanı özünə tərəf çəkir) Sənin susamağını bilirəm. Yaxşı, gəl otur yanımda.

Turan: Ata, mənə müharibədən danış.

Telman: Nə danışmaq, oğlum, müharibə çox pis şeydir, amma başqa yolumuz yoxdur.

Turan: Bəs mənə avtomat atmağı nə vaxt öyrədəcəksən. (dodağını büzərək ərköyünlüklə gileylənir) Axı söz vermişdin ...

Telman: Oğlum, bu dəmir parçası çox təhlükəlidir.

Turan: Ata, təhlükəldirsə sən onu niyə gəzdidirsən?

Telman: (qımışaraq) Deyəsən, sənə avtomat atmağı öyrədəcəm.

Sevda: Telman, sən Allah qoy dursun, uşağın əlindən xata-zad çıxar.

Telman avtomatı götürür, güllə darağını çıxarıb boşaldır, silahı yoxlaya-yoxlaya Turana başa salır.

Telman: Hə oğlum, bax, bunu belə edirlər. Bunu belə çəkirlər, hazır olur.Sonra qoruyucunu açıb, tətiyi çəkirlər.

Turan:  (sevincək) Hə! Ata, artıq bildim... Qoy məndə edim.

Turan boş daraqla avtomat atmağı yoxlayır.

Telman:  Ay mənim qoçaq oğlum! Mən deyirəm kişisən,  anan deyir uşaqdı - əlindən xəta çıxar. Hə, indi siz gedin yatın, mən də Hüseyn dayıgilə dəyib gəlirəm. Asifin salamın çatdırım.

Telman çıxanda Hüseyn dayıyla rastlaşır.

Hüseyn dayı: Axşamız xeyir! Gördüm sizdən səs gəlir, bildim ki, gəlmisən...

Telman:  Hə, Hüseyn dayı, biraz olar gəlmişəm. Xanım xala necədi? Sizə gələcəydim - Asif salam göndərmişdi

Hüseyn dayı: (qəhərlənir) Salam göndərən də sağ olsun, gətirən də... Özü necədir? Orda vəziyət nətəhərdi?

Telman: Yaxşıdı, Hüseyn dayı. Asif də sizdən nigaranıydı. Dedi, mən yaxşıyam, narahat olmasınlar. Gələn dəfə o gələcək.

Hüseyn dayı: Narahat deyəndə, ay bala, mən elə anadan narahat doğulmuşam.

Telman: Elə niyə deyirsən, ay Hüseyn dayı?

Hüseyn dayı: Oğlum, axı sən bilirsən biz Dərələyəzdən gəlmişik, Sallı kəndindən. Gözümü açandan, ağlım kəsəndən nənəm mənə bu dığaların qansızlıqlarından danışıb. Anamın üzünü də görməmişəm. Babam onu erməniyə əsir düşməsin deyə, tüfənglə özü atıb.  Aşıq Cəlil eşitmisənmi, tayqulaq Andronuk onun belinə qaynar samovar bağlayıb və sazı verib ki, indi çal. O da biz tərəflərdə olub. “Cəlili” mahnısıda o vaxtdan qalıb.

Telman: İndikilər, guya ondan insaflıdırlar ki? Eyni toxumdurlar. Bir yandan da Qarabağda olan rus zabitlərinin çoxun ələ alıblar. 85-ci ildə 366-cı alayın  Xankəndinə gəlməsi də elə-belə olmayıb. Sovet quruluşu 2 aydı dağılıb, amma ordusu burdadı-guya MDB-nindi, amma ermənilər tərəfdədi. O günləri bir özbək, bir türkmən əsgər qaçmışdı ordan.

Hüseyn dayı: Nə deyirlər?

Telman: Deyirlər ki,  yüzdən çox zabit var, onların yarısı ermənidi. Birini  nağdı tanıyırıq- Seyran Ohanyan- ikinci batolyonun komandiridi.  Havadarı olmasa, ermənini yerində oturtmağa nə var ki?

 

Ekranda  yazılır:  “Xocalı üzrinə hücuma mayor Seyran Ohanyan, (sonralar o, Ermənistanın Müdafiə naziri oldu), Yevgeni Naboxin, Valeri Çitçiyan və erməni əsilli 50-dən artıq  zabit və praporşik rəhbərlik etmişdir”. “Xocalı faciəsi” kitabından

 

 

 

III səhnə

 

Ekranda yazılır: 24 fevral 1992-ci il.

 

Xankəndində olan 366-ci alayin zabiti podpolkovnik Nikolay İvanovun iş otağı. Podpolkovnik Nikolay İvanov kitelin yaxası açıq oturub. Stolun üstündə müxtəlif növ yeməklər düzülüb, işkilər qoyulub.  İçəridəkilər yarısərxoş vəziyyətdə rus dilində söhbət edirlər.

 

Samvel: (Aşota) Ara, burda bizim nə işimiz var, mən oturmuşdum  gül kimi Parisdə, Nikolayda ki, Rusiyada. Gördük ki, sizin - Qarabağa gəlmiş ermənilərin turklaran müharibə etmək fikriniz yoxdu. Hətta Marağa kəndində Qarabağa gəlməyinizin 150 illiyinə abidə də qoymuşdunuz, onu da biz partladıb məhv elədik. Dünyaya car çəkirik ki, 1500 il əvvəl  Arsaxda böyük erməni xalqı olub. Bu yandan da deyirik ki, 150 il əvvəl bizi bura ruslar gətirib (gülür) sağ olsunlar! Bunu siz rusların sağlığına içirəm, ona görə ki, sizin köməyiniz olmasa bizim burdakı qardaşlarımız bu turkların öhdəsindən gələ bilməzlər. (əliylə yemək-içməyi və Asmiqi göstərir) Hər şeyimiz sizə qurban.

 

Asmiq nifrət dolu baxışlarla Samveli süzür. Hiss olunur onu zorla gətiriblər. Yeniyetmə qız erməni dilində nəsə pıçıldayır.

Nikolay: (Əlylə qızın çənəsindən tutur)  Bu gözəlçə nə deyir?

 

Aşot qıza hirslə baxaraq, ermənicə danışır.

Aşot: Asmiq, sənə nə demişdim? İstəyirsən səni “Haydat” məhkəməsi gülləsin?  (Nikoloya tərəf dönür və rusca davam edir) Deyir ki, sizsiz bizim bir günümüz olmasın!

Nikolay: Onda gəlin erməni gözəllərinin sağlığına içək! Bizi burda darıxmağa qoymayan onlardı.

 

Nikolay, Samvel və Aşot gülşürlər və içirlər.

Samvel: (Nikolayın Asmiqə əl atmasından istifadə edərək, Aşota ermənicə pıçıldayır) Deyəsən vaxtdır, sözümüzü deyək mi?        

Aşot: Əsl məqamıdır.

Samvel: (Nikolaya) Əziz dost! İndi de görək, bizə sabahkı əməliyyata, Xocalıya hücuma görə necə kömək edəcəksiniz?

Nikolay: Martın birinədək çıxmalıyıq Qarabağdan. 5-6 günümüz qalıb. Alayın da  yarısı sizinkilərdi. O ki, qaldı texnikaya, soldata – hamısının öz qiyməti var. Pul verin sizə lap  raket verək. Elə bilməyin sərxoşam. Bu tək mənlik deyil, yuxarıların da payı var. MDB Silahlı Qüvvələrin Quru Qoşunlarının baş qəragah rəisi general-leytenant Ter-Qriyoryants da sizi tapşırır hər dəfə. Elə bilirsiz burda olanlardan MDB-nin, Moskvanın xəbəri yoxdur?  Tək Moskvanın yox ey. Guya bilmirik ki, Amerikadan 150 ratsiya, Fransadan 140 avtomat, 460  zirehli jilet göndəriblər? Elə bu işləri özləri qurmayıblar?

Aşot:  Ara, hər şey düzələr. Biz də müftə istəmirik ha...

Nikolay:  Hə, bu başqa məsələ... Sizə necə xoşdur, elə də olsun.

Mənə isə belə xoşdur. (qolunu Asmiqin boynuna salır və onu zorla öpür)

Samvel: Gəlin  bu qədəhləri də sabahkı əməliyyatın sağlığına içək! (içirlər) Biz olan yerdə turklar kimdir...

 

 

IV səhnə

 

Ekranda yazılır: 25.02.1992

 

 

Xocalıda kapitan Əliyevin evi. Sevda narahat halda var-gəl edir Ətrafda partlayış səsləri eşidilir. Hüseyn dayı təlaşla içəri gəlir.

 

Hüseyn dayı: Sevda, qızım, deyəsən döyüş lap şəhərin içiərisində gedir.

Sevda: Hüseyn dayı, mən də yaman qorxuram. Snaryad elə bil qulağımızın dibində partdıyır. Telmandan də bir xəbər yoxdur.

Bu vaxt qonşu evə top mərmsi düşür və yanmağa başlayır.

Hüseyn dayı: Gəl qızım, gəl, daha burda  qalmaq olmaz. Turanı da götür şəhərdən çıxaq. Belə getsə hamımızı əsir götürəcəklər.

Sevda: (içəri girən Turanı qucaqlayaraq) Gəl, anan qurban, gəl qaçaq, Allah kərimdi.

Turan: Ana, Ana! Bəs atam, bəs atam?

Hüseyn kişi: Atan özü gələcək, gəlin, vaxt itirmək olmaz! Çıxırlar.

 

Ekranın sol güncündə Serj Sarkisyanın şəkli göstərilir. Aşağıdakı ifadə ermənicə deyilir və azərbaycan dilində yazılır.

“Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu streotipi dağıtdıq”  Serj Sarkisyan

“Birinci yük maşınında mən 35 cəcəd saydım, və göründüyü kimi ikincisində də təxminən o qədər vardı. Bəzilərinin başı kəsilmiş, çoxu yandırılmış haldaydı”

Frederika Langen,Röytersin fotomüxbiri

 

 

V səhnə

 

Ekranda yazılır 26.02.1992

 

Hüseyn dayı, Sevda, Turan və daha bir neçə nəfər Xocalı sakini meşədə yaralı azərbaycanlı döyüşçülərlə qarşılaşırlar.

 

Sevda: (hərbçilərin birinə) Vaqif qardaş, Telmandan bir xəbər, Telman necə oldu?

Vaqif: (tutulur) Telman? Telmangil şəhərin o biri başında döyüşürdülər...

Turan: Vaqif əmi, niyə atamı qoyub gəldiniz? (ağlamsınır) Atam necə oldu?

Vaqif: Hüseyn dayı, bir dəqiqə məni dinlə (Hüseyn dayını kənara çəkir) Telman mühasirəyə düşdü. Amma daşnaklara təslim olmadı. Qumbara ilə özünü də partlatdı, onları da...

Sevda: (həyacanla) Hüseyn dayı, yoxsa Telmanın başında bir iş var? Yox, o bizi tək qoymaz...

Hüseyn dayı: (Sevda və Turanı bağrına basır) Qızım, təki Vətən sağ olsun! Bu vətən, bu torpaq onu unutmaz, bala!

 

Turan bu sözləri eşidən kimi,onların əlindən çıxıb sürətlə geriyə qaçmağa başlayır.

Turan: Mən atamsız gedən deyiləm! Mən atamı tapacam!

Sevda: (eşitdiyi xəbərin şokundan ayıla bilmir. Zəif səslə) Turan! Getmə! (ətrafdakılara yalvarışla) Kömək eləyin, onu saxlayın!

Hüseyn dayı: Sevda, qızım, Sevda!

Sevda:  Turanı da itirməyim. Turanı tapın.

Yaxınlıqdan atəş səsləri gəlir.

Hüseyn dayı: (əli ilə Sevdanın ağzını tutur) Dayan bala! Hər tərəf it uşaqlarıyla doludur. Ermənilər bizi əsir götürə bilərlər. Silahımız da azdır. Güllə də qutarıb.

 

Ağdam istiqamətində hərəkət etməyə davam edirlər.

 

VI səhnə

 

Xocalıdan Ağdama gedən yolda olan meşədə açıq tala. Mayor Şahnəzəryan Vaqifin yanına gedir.

Şahnazaryan: Ha, Vaqifcan, dedim axı, mənim sənə bir borcum var, o vaxt şahmatı mənim dağıtdığımı desəydin akademiyadan qovulacaqdım. Dedin ki, təsadüfən olub. Onu da bu gün nəzərə alacam. Uduzduğun “fiqur”ları asacam. Amma, söz verirəm, oyunu udsan sağ qalan “fiqur”larını götürüb gedəcəksən.

 

Şahnəzəryan özü şah fiqurun yerinə keçir. Vaqif  öz tərəfində piyada mövqelərinə kişiləri, arxa sıraya isə qadın və uşaqları düzür.

Şahnazaryan: Demək sən, yenə humanistlik edirsən. Elə bilirsən qadınlara sıra çatmayacaq.

Vaqif: Əsas fərqlərimizdən biri də bundadır. Siz başqalarını ələ almaq üçün ən çox qadınlarınızdan istifadə edirsiniz.

Şahnazaryan: Elə bu sözlərinə görə, mən piyadalardan çox arxadakı fiqurlarını götürəcəm.

 

Oyununun gedişində döyüşçülərdən bir neçəsi Vaqifə qadınların durduğu yerdən təhlükəni uzaqlaşdırmaq üçün özlərini könüllü qurban verməyə hazır olduqlarını bildidirlər. Azərbaycan tərəfdən vurulan “fiqur”ların yerində duran insanları uduzduqca yaxınlıqdakı ağaclardan asırlar. Bir neçə gedişdən sonra  ağaclardan 4 azərbaycanlı asılıb.

 

Ekranda bu ifadə ermənicə deyilir və Azərbaycan dilində yazılır: “... və Xocalıda mən bizimkilərin törətdikləri vəhşılıkləri gördüm. Mən heç vaxt belə şey görməmişdim. Hər yerdə azərbaycanlıların  meyidləri tökülüb qalmışdı”  Rantik Mirzoyan, İrəvan sakini

 

VII səhnə

 

Aşot başçılıq etdiyi erməni dəstəsilə ilə Turanı və bacı-qardaş olan 2 yeniyetməni gətirir.

Aşot: (sevincək) alın 3 turk da məndən...

Turan anasını görcək özünü onun üstünə atmaq istəyir. Samvel Turanı əks tərəfə itəliyir. Uşağın başı yıxılarkən kötüyə dəyir və huşunu itirir.

Sevda: Öldürdünüz balamı, Allah ocağınızı söndürsün!

Sevda Samvelin üzərinə atılır. Samvel əlindəki tapança ilə qadının başından vurur. Sevda yumruğları bükülü “Turan” deyərək  yıxılır.

Aşot: (Şahnəzəryana) Komandir, meşə doludur turknan, adam ver, gətirək biraz kef eliyək. Birdə bu fürsət ələ düşməz!

Şahnazaryan: Düz deyirsən, bu oyunu həmişə oynaya bilərik.

(əli ilə öz mövqeyində olan fiqurların yerindəki erməniləri göstərir) Gör neçə əsgərimiz burda bekar qalıb. Burda bir Samvel mənə bəsdir. Gedin, hərəniz 10 turk gətirin.

 

Ermənilər Aşotla gələn hərbçilərə qoşulub gedirlər. Məkanda ermənilərdən yalnız Şahnəzəryan və Samvel qalır.

Samvel: Tamaşaçılr azaldı,  oyun davam edəcək, yoxsa?

Şahnazaryan: Bəs necə? Davam edəcək, (təzəcə əsir alınmış yeniyetmə qıza yaxınlaşır) amma gedişi yalnız mən edəcəm! Bu mənim bu gün udduğum ən gözəl “fiqur” olacaq!

Vaqif: Alçaq!

Şahnazaryan: (Vaqifin aciz vəziyyətdə qalmağından  zövq alır) Ha-ha! Udmaq növbəsi mənimdi! Bir il keçər, bu qözəl qız bir oğlan doğar. Onu anasından ayrı yetişdirib, sizə qarşı böyüdərik! Bizə həmişə terrorçu lazım olacaq.

Samvel: (gözü Əminədə qalıb) Amma yeməli “fiqur”du ha, iştahın pis deyil!

Şahnazaryan: Sənə də çatar, bir az gözlə.

 

Şahnazaryan avtomatı kənara atır, qızın qolundan tutub bir qədər aralı çəkir, qucaqlayıb yerə yıxır, yaxasını cırır.  

Qız: (tükürpədici səslə qışqırır)  Kömək eliyin! Ay anaaa!

 

Vaqif  Şahnazaryanın üzərinə yeriyəndə Samvel tapança ilə qəsdən Vaqifin ayağına atəş açır. Vaqif yıxılır.  Turan atəş səsinə ayılır, gözü kənara düşmüş avtomata sataşır. Öz-özünə : “Axı, atam öyrəttdi, mən avtomat ata bilərəm”- deyir. Cəld silahı götürüb, Samvelə atəş açır. Samvel yıxılır. Şahnəzəryan atəşin Samvel tərəfindən açıldığını düşünərək narahat olmur. Turan tərəddüd etmədən avtomatın lüləsini Şahnəzəryana və əsir qıza çevirərək bütün darağı boşaldır.

Turan:  Al! Al! Al! (Vaqifin yanında yerə çökür) Vaqif əmi, mən onları öldürdüm!

Vaqif: (Şokda olan və barmağı tətikdən çəkə bilməyən Turanı qucaqlayır) Əhsən sənə oğul! Atan kimi igidsən.

 Şahnazaryan əlini sinəsindən axan qana sürtərək, geri dönür. Ona atəş açanın balaca Turan olduğunu gördükdə heyrət qarışıq nifrətlə qışqırır.

Şahnazaryan: Nə??????

Vaqif : (gülərək) bax belə! Bu oyunu da uduzdun! Hamınız belə uduzaqsınız!

Şahnəzəryan yerə sərilir.

 

 

 

VIII səhnə

Ekranda yazılır: 26 mart 2001-ci il

 

 

Xocalı hərbi komissarının iş otağı. Qapının üzərində “polkovnik V.Şahbazov” sözü yazılan lövhə var. Komissar yorğun  baxışlarla  şəxsi işlərə baxır. Qapı döyülür.

 

Köməkçi: İcazə olar, yoldaş polkovnik?

Komisar: Gəl.

Köməkçi: Yoldaş polkovnik, bir nəfər gəlib hərbi məktəbə getməklə maraqlanır, həmdə sizinlə görüşmək istəyir. Amma ailə vəziyyətinə görə möhlət hüququ var.

Komissar:  Çağırın gəlsin, şəxsi işini də gətir.

 

Köməkçi çıxır. Az keçmiş içəri 18 yaşında hündür boylu, qarasaçlı bir gənc daxil olur.

 

Komissar:  (sanki onu hardasa görübmüş kimi zəndlə baxır) Gəl otur. (köməkçinin indicə gətirdiyi şəxsi işi alır, ilk vərəqinə baxan kimi ayağa qalxır və axsaya-axsaya ona yaxınlaşır) Əliyev Turan Telman oğlu! Məni tanımadın?! Vaqif əminəm də. Atanın dostu, döyüş yoldaşı. Şahnəzəryanı sən gəbərttin, bizi Xocalıda  sən xilas elədin!

 

Polkovnik masaya yaxınlaşır və telefonun dəstəyin qaldırır.

Komissar:  İkinci şöbədir? Əliyev Turan Telman oğlunun hərbi məktəbə göndərişini yazın. (qürurla) Get oğul! (Yumruğunu sıxır) Şahnəzəryanların bizimlə  oynamaq istədikləri oyunlar hələ qutarmayıb!

 

Ekranda yazılır: 2 aprel 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Füzuli-Cəbrayıl istiqamətində Ermənistan Ordusunun hücumun qarşısını alarkən ermənilərin keçilməz elan etdikləri “Ohanyan səddi” darmadığın edərək Lələtəpə yüksəkliyini azad etdilər. Döyüşdə fərqlənənlərin arasında zabit Əliyev Turan Telman oğlu da vardı. O, yaralansa da tərxis olunmadqdan imtina etdi və  bu gün də hərbi xidmətini ön xətdə davam etdirir.

 

 

ŞÖHRƏT EYVAZOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi