Arxiv
24 Fevral 2020, 09:30 | MÜSAHİBƏ
“Gərək dünyada bütün azərbaycanlıları öldürəsən ki, Şuşa işğalda qala” - MÜSAHİBƏ

 

Modern.az Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyevin müsahibəsini təqdim edir:

 

- Tural bəy, ilk sualımıza bu yaxınlarda keçirilən Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın debatı ilə başlamaq istərdik. Bizə maraqlıdır, bir icma rəhbəri kimi tərəflər arasındakı dialoqu necə qiymətləndirirsiniz?

- Hər bir şəxs kimi mən də böyük həyəcanla həmin debatı izlədim. Ermənistan Azərbaycan münaqişəsi ilə ilk dəfə olaraq tərəflər, Prezident İlham Əliyevlə baş nazir Paşinyan arasında açıq müzakirə oldu. Elə debatın ilk hissəsindən məlum oldu ki, cənab Prezident necə deyərlər, Paşinyanı divarın küncünə sıxaraq həm hüquqi, həm digər aspektlərdən onun üzərində gücünü göstərdi.

Prezident İlham Əliyev 4-5 mühüm tezis söylədi ki, bu tezislər Paşinyanın bütün arqumentlərini alt-üst etdi.

Birincisi, Prezidentin ən vacib və əhəmiyyətli tezisi o idi ki, Dağlıq Qarabağ bölgəsi ikinci dəfə Ermənistan tərəfdən öz müqəddəratını təyin etmə ölkəsi kimi istifadə olunmayacaq.

Onsuz beynəlxalq hüquqda da bu aydın idi və bunu bütün dünya, dünya erməniləri gördü. Bilavasitə, bu məsələ bizim də sözün əsl mənasında ürəyimizdən tikan çıxardı. Ermənistan Azərbaycan torpağından savayı gedib dünyanın harasında istəyir öz müqəddaratını təyin etsin.

Əgər Ermənistan düşünürsə ki, belə bir torpaq tapa bilər gedib orada da öz müqəddaratını təyin edə bilər, daha azərbaycanlıların yaşadığı torpaqların hesabına yox, buyursun. Həmçinin bu öz müqəddaratını təyin etmə də 1960-cı illərdə müstəmləkə sisteminin çökməsi ilə yaranan bir hüquqdur.

Bu da 60-cı illərdə qaldı. Çağdaş dünyamızda belə mənasız arqumentlər gətirib öz müqəddaratını təyin etmə adı altında başqasının ölkəsinin ərazisini işğal etmək siyasəti artıq keçmir. Dünya ictimaiyyəti də bunu gördü və ermənilərin bu niyyəti alınmayacaq.

İkinci bir məsələ, Prezident orda 1923-cü ildə Xankəndi şəhərinin taleyi haqqında danışarkən, şəhərin adının dəyişdirilməlisindən bəhs edəndə Paşinyan heç bir arqument tapmadan eramızın əvvəlindən danışmağa başladı. Prezidentin arqumentləri göstərdi ki, Ermənistanın qondarma dövlətçilik tarixi də artıq özlərində də şübhə doğurur. Mən özüm də beynəlxalq təşkilatlarda çıxış edəndə 30 il əvvəl başıma gələnləri danışıram. Ancaq ermənilər yenə də danışmağa başlayanda eramızın əvvələrinə gedib çıxırlar. Bu da həmin insanların nə qədər qeyri-konstruktiv və düzgün yanaşma sahibi olmadıqlarını göstərir.

Üçüncü məsələ isə Azərbaycanın konstruktiv mövqeyidir. Prezident İlham
Əliyev də vurğuladı ki, biz artıq neçə ildir ki, problemin sülh yolu ilə həlli mövqeyini tutmuşuq. Ermənistan tərəfinə bundan artıq konstruktiv mövqenin çatdırılması mümkün deyil.

 

- Yeri gəlmişkən, sizi parlament seçkilərindəki qələbəniz münasibəti ilə təbrik edirik. Bu uğurunuz Ermənistanda müəyyən narahatlıqla qarşılandı. Ermənistan Xarici İşlər naziri sırf bu qələbə ilə bağlı iki dəfə açıqlama verib. Hər dəfə də müxtəlif aspektlərdən sizin uğurunuzu şübhə altına almaq istəyir. Maraqlıdır, Ermənistan tərəfinin Qarabağ icmasına münasibətinə icma rəhbəri olaraq mövqeyiniz necədir?

Son bir ildə apardığımız fəaliyyətin nəticəsidir ki, mənim 122 saylı Xankəndi seçki dairəsindən namizədliyimin irəli sürülməsi Ermənistan tərəfinin və onun əlaltısı olan rejim nümayəndələri çox böyük təşvişə salıb. Onlar bizim icmanın müstəqil fəaliyyətini həzm edə bilmirlər. Bunun da arxasında çox qısa və aydın səbəb var.

Onlar görürlər ki, biz öz torpaqlarımızı azad edəcəyik, təşkilatlanırıq, təbii ki, işğalçı rejimin də bu səbəbdən dolayı təşviş içərisində olması normal haldır. Hətta Ermənistanın Xarici İşlər Nazirliyinin sözçüsü səviyyəsində hansısa qarayaxma kampaniyaları etmələri əslində bütün dünya ictimaiyyətinə bizim icmanın mövcudluğu, doğru mövqeyimizin olmasını çatdırır. Onlar nə qədər qara piar etsələr də bu bizim öz torpaqlarımıza, mövcudluğumuza istiqamətlənən fəaliyyətimizə heç bir kölgə sala bilməyəcək. Hətta  nəinki Ermənistan XİN sözçüsü, bu yaxınlarda Dağlıq Qarabağda azərbaycanlı icmasının bəyanatı BMT-də ilk dəfə olaraq yayıldı.

Bu, çox böyük hadisədir. Çünki bəyanat BMT Baş Assambleyasının və Təhlüksəsizlik Şurasının sənədi kimi yayıldı. Bu artıq tarixə düşdü və biz işğal altında olan öz torpaqlarımıza qayıdandan sonra həmin o sənədləri onlara qarşı istifadə edəcəyik. Təbii ki, buna görə də onlar bizi  həzm edə bilmir.

 

 

- Tural müəllim, bəs maraqlıdır, deputat kimi seçilməyinizin icamanın fəaliyyətinə nə kimi qatqısı ola bilər?

- Məncə mənim Xankəndi dairəsindən namizədliyimin təsdiq olunması icma rəhbəri kimi gücümüzə güc qatacaq. Hətta mən 122 saylı Xankəndi daiəsindən namizədliyimi irəli sürdüyüm ilk gündən ermənilər əks təbliğata başladılar. Mən Dağlıq Qarabağ azərbaycanlı icmasını, Xankəndi ermənilərini də təmsil etməyə hazıram. Çünki ora bizim şəhərimiz, bizim torpaqlarımızdır. Deputat kimi fəaliyyətim rəsmi qaydada təsdiqləndikdən sonra, buyursun orda yaşayan ermənilər  gəlsin, onları da  təmsil edim, problemlərinin qaldırım. Yəni mən onların da qayğıları ilə məşğul ola bilərəm. Qondarma rejimin seçkilərini heç kim tanımır, amma biz qanuni seçilmiş nümayəndələrik. Yəni onların maraqlarını mən daha yaxşı təmsil edə bilərəm. Erməni icması da bizim icmamızdır, bizim vətəndaşlarımızdır.

 

- Xüsusilə son vaxtlarda  icma xeyli aktivləşib. Son aylar ərzində həm ATƏT sədrinin şəxsi nümayəndəsi Andrey Kasprişiklə, həm də Fransa və ABŞ səfiri ilə görüşlər keçirdiniz. Sizin də dediyiniz kimi,  BMT-də Qarabağın azərbaycanlı icmasının rəsmi sənədi yayıldı. Bu Azərbaycanın Qarabağ icmasının danışıqlarda bitərəf olması, beynəlxalq birliklər tərəfindən tanınmasının nümunəsidirmi?

- Qarabağ icması artıq 1992-ci ildən  Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları şəklində, Qarabağ əhalisi olaraq  mövcud olub. Həmçinin, maraqlı tərəflər olaraq həmişə sənəd və hüquqi cəhətdən təsbit olunmuşuq. Ancaq son illərdə xüsusilə beynəlxalq istiqamətdəki fəaliyyətimiz erməniləri qıcıqlandırıb. ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə iki  dəfə görüşümüzü, ABŞ və Fransa səfirləri ilə ayrı-ayrılıqda görüşümüzü, Avropa İttifaqının rəsmiləri ilə görüşlərimizi görən ermənilərdə narhatlıq yaranıb və bizim mövcudluğumuzu şübhə altına alsalar belə, onlar işlərimizə mane ola bilməyəcəklər. Biz aktiv olaraq görüşlərimizi davam etdirəcəyik.

 

- Qarabağ icması dünya ölkələrində fəaliyyət göstərən digər icmalarla əlaqə saxlayıb əməkdaşlıq edir?

- Biz həm ölkəmiz daxilində, həm də beynəlxalq səviyyədə digər icmalarla münasibətlər qururuq. Məsələn, ölkəmizdə həm dini icmalar, həm digər QHT-lər, ictimai birliklərlə, xaricə gedəndə orda olan müvafiq icmalarla əlaqələr qururuq. Biz Los-Ancales şəhərinə gedəndə orda türk, pakistanlı, yəhudi icması, Belçikada olanda yenə də azərbaycanlı gənclərimiz, diaspor təşkilatlarımızla əlaqələr qurduq. Təəssüf ki, bir tək erməni icmasıdır ki, onlarla əlaqə qurmaq mümkün olmur.

 

- Erməni icmasından söz düşmüşkən, onlarla necə, bu yaxınlarda görüş gözlənilirmi? Yaxud da, heç özləri Sizinlə, yəni Qarabağ icması ilə görüş üçün təklif edib?

- Demək olar ki, biz həmişə erməni icması ilə görüş üçün təkliflər irəli sürmüşük. Hətta bu gün mən yenə də sizin portal vasitəsi ilə onlara müraciət edirəm ki, “Biz dialoqa hazırıq. Gəlin, icmalararası görüş keçirək”. Amma erməni tərəfi görüşlərdən qorxur, çəkinir. Çünki bilirlər ki, bizimlə görüşsələr özlərinin qanunsuz, konstruktiv olmayan mövqeyi suyun üzərinə çıxacaq. Onların qurduqları mənasız və qanunsuz normativ hamısı puç olacaq.

 

Belə bir fikir var ki, Qarabağın azərbaycanlı icması erməni icmasını danışıqlara dəvət etməklə həddən artıq yumuşaq, konstruktiv davranır. Ermənistan tərəfinin radikal münasibəti və Qarabağın azərbaycanlı icmasının daha yumuşaq münasibət bəsləməsi fikirlərinə münasibətinizi öyrənmək istərdik.

- Bəli, tam razıyam ki, biz həmişə konstruktiv mövqe sərgilyib, birgə yaşayışdan, sülhdən danışırıq. Amma bizim bu danışıqlarımız son sözdə, son əməldə ordumuzun həyata keçirdiyi əməliyyatla möhkəmələnəcək. Biz konstruktiv mövqe sərgilməliyik. Çünki beynəlxalq təşkilatlar, görüşdüyümüz səfirlər bizim mesajlarımızı paylaşırlar. Əgər biz orada daha radikal mövqe tutsaq, onda özümüz deyib, özümüz eşitmək mərhələsindən o tərəfə keçə bilmərik. Amma dediyimiz bu diplomatiya, yanaşma metodudur. Təbii ki, torpaqlarımız işağldan hərb yolu ilə azad ediləndə artıq işğalçılara qarşı konstruktiv mövqe işləməyəcək, silahımız, ordumuz öz sözünü deyəcək. Çünki fikirləşmirik ki, biz elə ömür boyu konstruktivliyi davam etdirəcəyik. Əminəm ki, tezliklə bizim nəslimiz bu münaqişəni ölkənin ali rəhbərliyinin liderliyi altında həll edəcək.

 

- Tural bəy, icmasının  diaspor təşkilatları ilə münasibəti barədə danışmanızı istərdik. Ölkə xaricində fəaliyyət göstərən diaspor təşkilatları ilə əlaqə saxlayırsınız?

- Biz Diasporla İş üzrə Dövlət Komitəsi ilə çox yaxşı münasibətlər qurmuşuq. Xarici ölkələrə səfər edəndə Dövlət Komitəsi bizim görüşlərimizi təşkil edir. Eyni zamanda Gənclər Fondu ilə də bizim yaxşı münasibətlərimiz var. Gənclər bizim ətrafımızda təşkilatlanma, dəstək üçün yardım edirlər. Bizim Qarabağ könüllülləri Diaspora könüllüləri ilə çox sıx işləyir. Sosial şəbəkələrdə bizim könüllülər çox aktiv fəaliyyət göstərib, paylaşımlar edirlər. Dediyim kimi, gənclər, könüllülər bizim gələcəyimizdir.

 

- Növbəti sualımız Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü ilə bağlıdır. Bu yaxınlarda bildiyiniz kimi, hər iki ölkənin xarici işlər naziri 11 saata yaxın dialoqda oldu. Bu danışıqlar prosesi ilə bağlı Azərbaycan hökuməti Qarabağ icması ilə hər hansı fikir mübadiləsi aparıb? Yəni, danışıqların gedişi ilə bağlı sizə məlumat verilib?

- Danışıqlar hazırda Azərbaycan ali rəhbərliyi ilə Ermənistan arasında aparılır. Ona görə də hazırki bu mərhələdə icmalararası hər hansı bir dialoqdan, icmaların bu məsələdə iştirakından söhbət getmədiyinə görə, 80 mindən çox Dağlıq Qarabağ azərbaycanlısı olaraq biz də prosesi izləyirik. Danışıqlardan nəticəyə yönəlik bir sonluq gözləyirik və ümidlərimizi də buna yönləndirmişik. Amma icma olaraq həmişə dövlət qurumları ilə hökumətimizin qarşımızda qoyduğu müvafiq təlimatlar əsasında əməkdaşlığımızı davam etdiririk. Biz ictimai birliyik, icmayıq, seçilmiş orqanıq. Amma bununla yanaşı dövlət və qeyri-dövlət qurumları ilə də əlaqə saxlayıb, əməkdaşlıq edirik. Hələ ki, danışıqlar sırf iki ölkə arasında getdiyi üçün bizim bu məsələdə iştirakımız indi müzakirə obyekti deyil.

 

- Bəzən Ermənistan tərəfi bildirir ki, Qarabağın Azərbaycanlı icmasının danışıqlarda dördüncü tərəf olmasına imkan vermərik. Yəni rəsmi Bakı, İrəvanla yanaşı Qarabağdakı qondarma rejim və Qarabağ icmasının danışıqlarda iştirakını nəzərdə tutur. Bu format sizin fikrinizcə nə dərəcədə realdır?

- Əgər tərəflər arasındakı danışıqlarda icmaların iştirakı nəzərdə tutularsa, hər iki  icmanın görüşdə iştirakı nəzərdən keçirilə bilər. Dağlıq Qarabağın erməni icmasının üçüncü tərəf kimi, yəni yalnız onların danışıqlarda iştirakından söhbət gedə bilməz. Çünki bunu ATƏT-in Minsk Qrupunun həmsədrləri özləri müəyyənləşdirirlər. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov sonuncu dəfə Bakıya gələndə də özü bunu bəyan elədi. Ermənilərin üçüncü tərəf kimi Dağlıq Qarabağ ermənilərini danışıqlara qatmasından söhbət belə gedə bilməz.

 

- Növbəti sualımız Dağlıq Qarabağdakı demoqrafik vəziyyətlə bağlıdır. Dağlıq Qarabağdakı qondarma rejim əhalisinin sayının 150 mini keçdiyini bildirir. Hər dəfə danışıqlar prosesində gələcəkdə referendum olsa, Dağlıq Qarabağda ermənilərin say üstünlüyünü vurğulayırlar. Siz Dağlıq Qarabağın azərbaycanlı icması ilə erməni icmasının real nisbətini necə qiymətləndirirsiniz? Bizim icma üzvlərinin sayı nə qədərdir?
 

Elə ilk olaraq öz icmamızdan danışaraq deyim ki, azərbaycanlı icma üzvlərinin sayı 80 mindən çoxdur. O ki, qaldı erməni icmasının irəli sürdüyü rəqəmlərə, orada şübhəli məqamlar var. Çünki, ümumi Ermənistanın demoqrafik vəziyyətinə, əhalinin azalması ilə bağlı faktlara, rəqəmlərə nəzər salsaq onda nə cür ola bilər ki, o vaxtı Dağlıq Qarabağda mövcud olmuş 140 minlik əhali birdən-birə o qədər artsın.

Biz əminik ki, necə ki, Ermənistanın əhalisinin sayında son illər böyük azalma var, eləcə də iki qat azalma Dağlıq Qarabağda da var. Çünki hansı ağıllı insan müharibə şəraitində olan torpaqda məskunlaşar.

Məsələn, bir iş adamı heç vaxt Dağlıq Qarabağda, atəşkəsin pozulduğu yerdə biznes qurmaz. Orada yalnız ermənilər qanunsuz olaraq Yaxın Şərqdən gətirdikləri insanları məskunlaşdırırlar. Bununla da inanmıram ki, say çox olsun. Dəqiq statistikanı demək  mümkün deyil. Nə ermənilər onu açıqlayarlar, nə də beynəlxalq təşkilatlar ora gedib dəqiq sayı deyərlər. Amma deyim ki, bizim icmamız  sayca onlardan az deyil. Hardasa erməni icması ilə azərbaycanlı icması arasında say hesabı 50/50-dir. Orda heç 100 min insanın olmasına mən inanmıram.

 

 

- Ermənilərlə azərbaycanlıların birgə yaşayışını necə təsvir edirsiniz? Adətən deyirlər ki, müharibədən sonra bu məsələ problem yaradır. Yəni tərəflərin bir şəhərdə, bir küçədə yaşaması mümkün olmur. Siz necə, bunu mümkün hesab edirsinizmi?

- Mən bunu istisna etmirəm. Məsələn, Xankəndidə 16-17 minə yaxın azərbaycanlı yaşayırdı, Şuşada əhalinin 99 faizi azərbaycanlı idi. Yəni biz demirik ki, gedək Xankəndindən erməniləri qovaq, ancaq azərbaycanlılar məskunlaşsın. Əvvəldə də olduğu kimi qonşu kimi yaşaya bilərik. Hər halda biz o torpaqlara qayıtdıqdan, erməni işğalçıları o torpaqlardan çıxdıqdan sonra yerli ermənilərlə normal münasibətlər qurub, yola gedə bilərik. Yetər ki, Ermənistanın işğalçı qüvvələri ordan çıxsınlar. Mümkün olmayan bir şey yoxdur. Sovet, Çar Rusiya dövründə Azərbaycan ermənilərə qucaq açıb, onlara mehriban münasibət göstərib. Düzdür, onlar bundan istifadə etsələr də, biz Azərbaycanın bütövlüyü çərçivəsində yenidən birgə yaşaya bilərik.

 

- Növbəti sualımız Qarabağın azərbaycanlı icmasının regionla bağlı tarixi əlamətdar hadisələri qeyd etməsi ilə bağlı olacaq. Məsələn, 1920-ci ilin martında Dağlıq Qarabağda baş verən erməni üsyanını Azərbaycan Xalq Cümhuriyyəti, general Xosrov Paşa bəy Sultanov yatıraraq Şuşanı da azad etmişdi. Belə tarixi günlərlə bağlı konkret təqvim və planlar varmı?

- Bizim illik fəaliyyət planımız var. Orda bütün bu tarixi, mühüm hadisələrin ildönümünü qeyd etmək məsələləri dayanır. Amma təbii ki, mən özüm də bu cür tarixi hadisələri pessimist ruhda deyil, çağdaş dünyamızın çağırışlarına uyğun qeyd edilməsinin tərəfdarıyam.

Məsələn, qarşıdan böyük faciə, Xocalı Soyqırımı gəlir. Biz burada tədbirləri keçirəndə də elə keçirməliyik ki, beynəlxalq təşkilatların, beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib istəyimizə nail olaq. Ona görə bu tədbirləri keçirəndə elə plan qurmaq lazımdır ki, keçən illərdəkim kimi şablon olmasın.

Məsələn, ”Xocalıya Ədalət” kampaniyası çərçivəsində filmlər çəkilir, yeni yanaşma metodlarından istifadə edərək xaricilərin iştirakı ilə tədbirlər, bəddi-elmi konfranslar təşkil edilir. Yəni biz Xocalı Soyqırımını görüb, ağlamalı yox, əksinə vətənpərvərlik ruhumuzu qaldırıb döyüşməyə hazır olmalıyıq. Yoxsa ki, bədbin notlar üzərində köklənmək olmaz. Şəhidlərimizin ruhu qarşısında baş əyib, nikbinliklə döyüşə hazır olmalıyıq. İnformasiya savaşı, lazım gələrsə ordumuzun savaşı olmalıdır.

 

Son bir ayda icma aktiv olaraq görüşlər həyata keçirir. Maraqlıdır, icmanın qarşıda hansı planları var? Daha hansı görüşlər gözlənilir?

- Qarşıda planlar çoxdur, beynəlxalq səfərlər var. Yerli diplomatik nümayəndələrlə daha intensiv işləmək niyyətimiz var. Eyni zamanda biz bu günlərdə videomüraciət kampaniyası başlatmışıq ki, burada müxtəlif yaş kateqoriyalarından olan insanlar dünya ictimaiyətinə müraciət edir. Bu kampaniyanı davam etdirməyi düşünürük. Dediyimiz kimi, sakit dayanmaq yoxdur, işğal altında olan torpaqlarımıza qayıdana kimi tədbirlərimiz, kampaniyalarımızı davam etdiriləcək.

 

- Növbəti sual sırf sizin fəaliyyətinizlə bağlı olacaq. Necə oldu ki, diplomatik fəaliyyətdən icma rəhbərliyinə gəldiniz?

- Diplomatik fəaliyyətdə olarkən də mən icmanın tədbirlərinə gəlib, ümumi işlərdə yaxından iştirak edirdim. Elə oldu ki, mən icma üzvlərindən də bura gəlməyimlə bağlı fikirlər eşitdim. Tədbirlərdə çox iştirak edəndən sonra, artıq növbəti qurultay keçirilməmişdən qabaq insanlar mənim sədr kimi namizədliyimi irəli sürmək üçün hərəkətə keçdilər. Mən də dedim ki, seçkili orqan olduğuna görə də burda iştirak edim. Çünki diplomatik xidmət də bilavasitə dövlət qurumudur, seçkili qurultay vasitəsilə icmaya xidmət etmək isə daha şərəflidir. Amma diplomatik xidmət fəaliyyəti də mənə çox şey öyrətdi. İndiki işlərimdə diplomatik fəaliyyətimin də öz töhvəsi var.

 

- Tural müəllim, bildiyimiz qədərilə əslən Şuşadansınız. Bəy, xan yetişdirən Qarabağ torpağında bu zümrələrə mənsub qohumunuz ya belə deyək, əcdadınız var? O vaxtlardan qalan xatirələriniz barədə danışmanızı istərdik.

Əslən Şuşadanam, bəli. Amma Xankəndidə dünyaya gəlmişəm. Ana tərəfdən babalarım Qarabağ Xanlığının əsasının qoyulduğu yerə qədər gedib çıxırlar. Çünki anamın atası bəy nəslindən olub. Hətta onun babası da çar Rusiyası dövründə onun həmişə xüsusi bəy geyimində olub. O mənada həm də onlar varlı, köklü bəylərdən olub. Ata tərəfdə isə anam qədər dərin köklər yoxdur, amma ata tərəfdən də Qarabağlıyam.

Sizə bir məsələni də deyim. Atam Xankəndi Pedoqoji Universitetində oxuyan illərdə Qriqori adlı bir erməni tanışı var idi. Yadımdadır ki, o azərbaycanlılardan o qədər xoş münasibət görürdü ki, həmişə danışanda deyirdi ki, Xankəndidə yaşayan azərbaycanlılar çox sadəlövh, səmimidir. Amma ermənilər çoxbilmişdir.  Atam danışır ki, Qriqori kimi adamlar azərbaycanlıların deportasiya edilməsinə çox məyus olmuşdu. İndi onun kimi adamlar erməni icmasının içərisindən çıxıb danışsa, bəlkə onda o icma bir az silkələnib, özünə gələr.

Çünki hazırda o icmada olanların çoxu diaspora bağlı olan, radikal insanlardır. O vaxtlar Dağlıq Qarabağın erməni icması içərisində Azərbaycanı sevənlər çox idi. Elələri var idi ki, gəlib deyirdi ki, Allah milliyətçi erməniləri məhv eləsin. Amma indi hansısa Los-Ancalesdən olan tör-töküntülər, fransızlar gəlib orada camaatın başını aldadırlar. Səmimi deyim ki, ermənilərə qarşı nifrətim yoxdur, amma sabah müharibə başlasa, mən əlimə silah alıb erməni əsgərini məhv edəcəm. Ancaq erməni qadınlarına, uşaqlarına əl qaldırmaram. Türklər heç vaxt qurşaqdan aşağı vurmaz.

 

- Son olaraq, boya-başa çatdığınız Şuşa şəhəri haqqında sualımız var. Sizcə, Azərbaycan əzəli torpağımız olan Şuşanın işğalı ilə nə itirdi?

- Təbii ki, erməni tərəfinin yaranmış xaosdan istifadə edərək Şuşanı işğal etməsi bizim üçün böyük bir zərbə oldu. Amma bir qədər tarixə qayıtsaq görərik ki, bu sadəcə müvəqqəti bir haldır. Çünki 1905-ci ildə ermənilər hücum edib Şuşanı yandırmışdılar, 1918- ci il Mart qırğınları olanda Şuşa da zərbə almışdı. Yəni biz Şuşaya dönəcəyik.

Mümkün deyil ki, Şuşa bizdən tamamilə qopsun. Gərək bütün dünya azərbaycanlılarını öldürəsən ki, Şuşanı geri qaytarmaq ideyası tamamilə ölsün. Sonuncu azərbaycanlı qalanadək işğal altında olan torpaqlarımızın azad olunması əzmi yaşayacaq.

 

Vüqar İSMAYILOV

Əzizə ZEYNAL

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Balakəndə civə alverçiləri saxlanıldı - FOTO 7 Aprel 2020, 10:03 Araz Əlizadə:Hacı Əbdül haqqında danışmağa xatirəm yoxdur 7 Aprel 2020, 09:40 Cəbhədə gərginlik artıb - düşmən atəşkəsi 23 dəfə pozdu   7 Aprel 2020, 09:35 114 yaşlı "Molla Nəsrəddin"... 7 Aprel 2020, 09:33 ATƏT Dağlıq Qarabağda keçirilən “seçkiləri” tanımadığını konkret ifadə edib - Səməd Seyidov 7 Aprel 2020, 09:30 Bu ölkədə bir gündə 30 min nəfər yoluxdu 7 Aprel 2020, 09:24 Gəncədə  itkin düşən şəxs axtarılır. 7 Aprel 2020, 09:18 Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! XALQA SEVGİ NÜMUNƏSİ   7 Aprel 2020, 09:12 Banklarda bu günə olan valyuta məzənnələri 7 Aprel 2020, 09:06 190 manatlıq ödəmə kimlərə veriləcək? - Nazirlik AÇIQLADI 7 Aprel 2020, 09:00 Çində ilk dəfə koronavirusdan ölüm qeydə alınmadı 7 Aprel 2020, 08:42 Əfv sərəncamının icrasına başlanılıb 7 Aprel 2020, 08:30 Təhsil nazirinin müşaviri teledərslərdən yazdı: "Azərbaycan  öz zəngin təcrübəsini bölüşə bilər" 7 Aprel 2020, 01:03 Türkiyədə yaşayan azərbaycanlı alim vəfat etdi 7 Aprel 2020, 00:52 İsraildə bayram müddətində karantin elan edildi 7 Aprel 2020, 00:46 Daha bir ölkədə koronavirus aşkarlandı - 4 nəfər yoluxdu 7 Aprel 2020, 00:34 Ağdaban faciəsindən 28 il ötür 7 Aprel 2020, 00:16 Komitə sədri əhaliyə müraciət etdi: Hər şeydən vacib ailədaxili mühiti sahmana salmaqdır 7 Aprel 2020, 00:07 ARB-yə yeni direktor TƏYİN OLUNDU 6 Aprel 2020, 23:51 Koronavirusa yoluxan Baş nazir reanimasiyaya yerləşdirildi 6 Aprel 2020, 23:42 İstanbulda iki pandemiya xəstəxanası tikiləcək 6 Aprel 2020, 23:30 “Barselona”nın sabıq məşqçisi öldü 6 Aprel 2020, 23:16 Fransada koronavirusdan bir gündə 800 nəfər öldü 6 Aprel 2020, 22:58 Bakıda yolu keçən qadını avtomobil vurdu 6 Aprel 2020, 22:43 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi 6 Aprel 2020, 22:30 Koronavirus: mif və reallıqlar 6 Aprel 2020, 22:19 Aprelin 8-dən 7 bank faisziz krediti verəcək 6 Aprel 2020, 22:06 ABŞ-da  COVID-19-dan 10 335 nəfər öldü 6 Aprel 2020, 21:43 Neftçalada ata və oğlunun suda batma səbəbi bilindi - YENİLƏNİB 6 Aprel 2020, 21:27 Türkiyədə koronavirus qurbanlarının sayı 649-a çatdı 6 Aprel 2020, 21:15 Rusiya Ümumdünya Səhiyyə Təşkilatına 1 milyon dollar ayırdı 6 Aprel 2020, 20:57 “Prezidentimizin siyasətində millətimizin sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı hər şeydən üstündür” - Musa Qasımlı 6 Aprel 2020, 20:44 Deputat Kamal Cəfərov CANLI YAYIMda sualları cavablandırır 6 Aprel 2020, 20:28 Nazirlik pandemiyadan zərər çəkən sahibkarlarla bağlı atılacaq addımları AÇIQLADI 6 Aprel 2020, 20:22 “Bu humanist addımdan əfv olunanlar nəticə çıxaracaqlar” - Deputat 6 Aprel 2020, 20:21