Modern.az

“Azərbaycanın sərhədyanı rayonları İrandakı koronavirusa görə əziyyət çəkəcək”

“Azərbaycanın sərhədyanı rayonları İrandakı koronavirusa görə əziyyət çəkəcək”

Aktual

24 Fevral 2020, 15:59

İranda koronavirus nəticəsində 12 nəfərin öldüyü, 47 nəfərin bu virusa yoluxduğu rəsmən təsdiqlənib. İranla qonşu ölkə olduğumuzu nəzərə alsaq, virusun şiddətlənəcəyi təqdirdə sərhədlərin bağlanması reallığı qaçınılmazdır.

 

Maraqlıdır, İranla sərhədlərin bağlanması Azərbaycana hansı şəkildə öz təsirini göstərəcək?

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli İranla sərhədlərin bağlanmasının tibbi turizmə və ticari əlaqələrə ciddi şəkildə mənfi təsir edəcəyini bildirib:

 

“İranda koronovirusun yayılması və Azərbaycanla sərhəddin bağlanması məsələsi iki ölkə arasında ticari münasibətlərə, turizm səfərlərinə mənfi təsir göstərəcək. Azərbaycan əhalisinin rəsmi statistikaya görə ən çox getdiyi ölkə məhz İrandır. Keçən il ölkədən çıxan turistlərin 40 faizə yaxını İrana səfər edib. Bu sərhədyanı ticarətlə bağlıdır. Çünki İranla sərhəddə yaşayan regionların əhalisinin həm kiçik biznesi, yəni dolanışığı  həm də öz bazarlığının böyük bir hissəsi İran ərazisində həyata keçirilir. Eyni zamanda İrana getmə səbəblərindən biri də tibbi turizmin artmasıdır. Ölkədə cərrahi əməliyyatların və bəzi dərman preparatlarının baha olması azərbaycanlıların İrana üz tutmasına səbəb olur. Bu mənada virusun artması iki ölkə arasında ticari münasibətlərə, tibbi səfərlərə ciddi təsir edəcək. Ən çox da bu məsələdən Azərbaycanın sərhədyanı rayonları əziyyət çəkəcək. Çünki dediyim kimi illərdir qurulmuş bir infrastruktur, ticari əlaqələr var”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır