Modern.az

Məhkəmə işlərinin 10-dan ən az 6-sı problemli kreditlərlə bağlıdır

Məhkəmə işlərinin 10-dan ən az 6-sı problemli kreditlərlə bağlıdır

İqtisadiyyat

25 Fevral 2020, 10:05
“Hazırda ölkədə ümumi məhkəmə işlərinin 10-dan ən az 6-sı problemli kreditlərlə bağlıdır”.
 
 

Bunu Modern.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib.

 

O, qeyd edib ki, artıq insanlar vəziyyətlə barışıblar:

 

“Yenə də kredit borcunu qaytara bilməyən vətəndaşları icra məmurları “terror”a məruz qoyur. Deyirlər ki, “nəyin bahasına olursa olsun, get pulu tap gətir”. Vətəndaş pulu tapa bilməyəndə isə icra məmurları məhkəməyə təqdimat verirlər ki, həmin vətəndaş inzibati qaydada bir ay müddətinədək həbs olunsun. Həbs müddəti isə adətən 10-15 gün olur.

Bu kimi qanunsuz hallar var və təəssüf ki, hələ də davam edir. Vətəndaş borcunu verə bilmirsə, bu işə xitam verilməli və borc silinməlidir. Hələ 2016-cı ildə 3 belə halla bağlı Avropa Məhkəməsinə müraciət etmişəm.

Sadəcə, Avropa Məhkəməsində işlərə gec baxılır. Şəxsən mənim üçün ümid yeri Avropa Məhəməsidir. Avropa Məhkəməsi bu həbsləri qanunsuz hesab etdikdən sonra Azərbaycanda bu biabırçılığa son qoyulacaq”.

 

“İmkanı var, amma kredit borcunu vermir”

 

Hüquqşünas qeyd edib ki, məhkəmə müstəvilərinə çıxarılan borcların həcmi əsasən min manatdan yuxarıdır:

“Təəssüf ki, bəzən nəninki borclunu, hətta zamini də həbs edirlər. Məhkəmə sistemi, hüquq mühafizə orqanları belə mövqe nümayiş etdirir. Konstitusiya Məhkəməsinin 2012-ci il qərarına görə barəsində məhkəmə qərarı olanı o halda məsuliyyətə cəlb etmək olar ki, imkanı var, amma borcunu vermir.

Bunu isə sübut etmək lazımdır. Təəssüf ki, buna riayət edən yoxdur”.

 

Aliment ödəməyən ata və kredit borcu...

 

Ekspert deyib ki, icra məmurları problemli kreditlər məsələsini daha həvəslə icra edirlər:

 

“Bəzən aliment ödəməyən atalar olur. Əslində onlar da həbs edilməməlidir. Yəni bu adamın imkanı yoxdur. Bu zaman dövlət öz dəstəyini verməlidir. Yəni ata aliment ödəyə bilmirsə, uşaq ölməlidir? Amma maraqlısı nədir, krediti ödəməyənlərə qarşı daha sərt cəza tədbirləri görürlər, nəninki aliment ödəməyən. Halbuki aliment bir uşağın təminatı üçündür. Bir çox hallarda banka borcu olanı axtarırlar, amma aliment ödəməyən kişini axtarmırlar. Belə çıxır ki, icra məmurları sifarişçidən asılı olaraq, bu işə münasibət göstərirlər”.

 

“Ayağınızı yorğanınıza görə uzadın”

 

Hüquqşünas krediti ödəyə bilməyənlərlə bağlı insanlarımız ayağını yorğanına görə uzatmır deyib:

 

“Mən həmişə deyirəm ki, çalışın borc götürməyin. Amma insan psixologiyası belədir ki, ya reklamlarda, ya ətrafındakılarda görür və “qonşudan qalma dala” prinsipilə hərəkət edərək, özünü çətin vəziyyətə salır.

Artıq cənab Prezident də dəfələrlə deyib ki, banklar özü də istehlak kreditlərinə meyllidir. Bank da araşdırma aparmalı, sosial vəziyyəti, imkanı aşağı olana yüksək məbləğdə kredit verməməlidir. Bizdə insanların çoxu fikirləşir ki, “götürüm, necə olsa verərəm”.

Ötən il Prezident problemli kreditlərlə bağlı göstəriş verdi. Bundan daha çox faydalanan da elə banklar oldu. Ölkə başçısnın son çıxışından da bəlli oldu ki, yenə problem olsa, dövlət bu işə qarışmayacaq. Gözlənilir ki, bundan sonra müflislik haqqında qanuna dəyişiklik olunacaq ki, vətəndaş da borcunu verə bilməyəndə özünü məhkəmə qaydasında müflis elan etsin. Bununla da borc silinəcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü