Modern.az

Soyqırımı törədənlərin siyahısında Sarkisyan, Koçaryan və Ohanyanın adı yoxdur - PARADOKS

Soyqırımı törədənlərin siyahısında Sarkisyan, Koçaryan və Ohanyanın adı yoxdur - PARADOKS

Qarabağ

25 Fevral 2020, 14:03

Sabah Xocalı soyqırımının 28-ci ildönümüdür. Xalqımıza yaşadılan bu müsibətə dünyanın səssiz qalmaması, onun beynəlxalq səviyyədə tanınması üçün müxtəlif işlər gürülür.

Bəs, bu istiqamətdə hüquqi müstəvidə aparılan işlər yetərlidirmi? Xocalı faciəsinin beynəlxalq hüquq çərçivəsində qəbul olunması üçün hansı yollar var?

  

28 nəfərin soyqrımı törətdiyini sübut edən materiallar mövcuddur

 

Mövzu ilə bağlı Modern.az-a danışan Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının dossenti, hüquq üzrə fəlsəfə doktoru Rahim Məmmədov Xocalı soyqırımının tanınması üçün kifayət qədər hüquqi addımın atıldığını deyir:

 

“Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması, bu cinayəti törətmiş şəxslərin milli məhkəmlər, yaxud da beynəlxalq cinayət tribunalları tərəfindən məsuliyyətə cəlb olunub, cəzalandırılması məsələsi dövlətimizin qarşısında duran ciddi məsələlərdən biridir.

Ümumiyyətlə, Xocalı soyqırımı haqqında kifayət qədər məlumatlar, sübutlar var. 2008-ci ildə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda xüsusi istintaq qrupu təsis olunub və bu qrupda soyqırımında təqsirli bilinən 28 nəfərin bu cinayətdə iştirakını sübut edən materiallar mövcuddur.

Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması sadə bir məsələ deyil. Soyqırımı həmişə dövlətlərin, regionda maraqlı olan qüvvələrin siyasi marağında olub.

Bəzi tədqiqatçı alimlər qeyd edirlər ki, soyqırımı dövlətlərin maraqları bitənə qədər davam edəcək.

Gələcəkdə hansı xalqların, milli-etnik qrupların hədəf obyekti olması sığortalanmayıb. Cinayət əməlinin beynəlxalq səviyyədə tanınması üçün Azərbaycanda kifayət qədər hüquqi addımlar atılıb.

Müəyyən hüquqi islahatlar nəticəsində bəzi məsələlərin hüquqi cəhətdən çözülməsinə nail olmuşuq. Təbii ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103, 104-cü maddələrində soyqırımı cinayətinə görə cəza nəzərdə tutulur.

1996-cı ildə Azərbaycan “Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması” haqqında Konvensiyaya qoşulub.

Bu konvensiyaya qoşulduqdan sonra 2000-ci ildə qüvvəyə minən Cinayət Məcəlləsində gördük ki, soyqırımı cinayətinə görə məsuliyyət nəzərdə tutulur”.

  

Soyqırımı törədənlərin Azərbaycan tərəfindən mühakiməsi mümkün deyil

 

Rahim Məmmədov onu da bildirib ki, bəzi hüquqi sənədlər təqsirli şəxslərin məsuliyyətə cəlb olunmasını tələb etsə də, onların bizim tərəfdən cəzalandırılması faktiki olaraq mümkün deyil:

“Bizim Cinayət Məcəlləsində soyqırımı ilə bağlı bir problem var. O da Cinayət Məcəlləsinin 12.3-cü maddəsi ilə bağlıdır. Əfsuslar olsun ki, bu maddə universal cinayət yuridiksiyasının təsis sırasına aid edilməyib.

Universal cinayət yuridiksiyası nəinki ərazisində cinayət  baş vermiş dövlət tərəfindən, mümkün olmadıqda, problem yarandıqda digər dövlətlər tərəfindən də həmin cinayəti törətmiş şəxslərin mühakimə olunub, cəzalandırılması imkanını nəzərdə tutur.

2006-cı ildə Azərbaycanda cinayət hüquq normalarının ağırlaşdırıcı hallarda geriyə tətbiqi ilə bağlı Konstitusiya qanunu qəbul olunub. Doğrudan da bu belə cinayətlərlə mübarizə üçün təkmil hüquqi əsaslardan biridir. Bu Konstitusiya qanunu cinayəti törətmiş şəxslərin müddətin keçib-keçməməsindən asılı olmayaraq, mühakimə olunub, cəzalandırılmasına imkan verir. Məsələ budur ki, bu əməlləri törətmiş şəxsləri mühakimə edə bilərikmi, onları cinayət məsuliyyətinə cəlb edib, cəzalandırmaq mümkündürmü?

 

Siyahıda Sarkisyan, Koçaryan və Ohanyanın adlarına rast gəlmirik

 

Təbii ki, 1996-cı il soyqırımı konvensiyası və bizim Cinayət Məcəlləsinin müvafiq maddələri, Konstitusiya qanunu buna imkan verir. Deyək ki, bu şəxslərə cinayət işi qaldırılıb, istintaq gedib, kifayət qədər materiallar var. Lakin onların bizim tərəfdən məsuliyyətə cəlb olunub, cəzalandırılması üçün faktiki mümkünsüzlük məsələsi var. Mühakimə etmək istədiyimiz şəxsləri bizə verə bilərlərmi?

Vermək fikirləri varmı? Yaxud da təqsirləndirilən şəxslərin siyahısında Sarkisyanın, Robert Koçaryanın, Seyran Ohanyanın və digər yüksək vəzifəli şəxslərin adı varmı? Əfsuslar olsun ki, o adlara biz həmin siyahıda rast gəlməmişik.

Xocalı soyqırımı baş verdikdən sonra hətta Prezident və yuxarı vəzifələr səviyyəsində də bu cinayəti törətdiklərini etiraf etdilər. Bu əməli Azərbaycan xalqının gözü qorxutmaq üçün etdiklərini deyirlər”.

 

 

Xocalı soyqrımının parlamentlərdə müzakirəsi hüquqi qiymət deyil

 

Rahim Məmmədov Xocalı soyqırımına parlamentlər səviyyəsində reaksiyanın hüquqi qiymət demək olmadığını da vurğulayıb:

“Xocalı soyqırımının cinayətkarlarının milli məhkəmələr tərəfindən mühakiməsi mümkün olmazsa, BMT-nin Beynəlxalq Məhkəməsinin məsləhətli rəyinə, yaxud müasir praktikaya istinad edərək, konkret bir hal üçün Beynəlxalq Cinayət Tribunalının yaradılması yolu ilə təqsirli şəxsləri cinayət məsuliyyətinə cəlb edib, cəzalandırmaq olar.

Burada problem ondan ibarətdir ki, beynəlxalq səviyyədə böyük güclər var. Ümumiyyətlə, böyük güclər buna imkan verəcəkmi, yaxud universal yuridiksiyanın işlək mexanizmə çevrilməsi üçün nələr etməliyik?

Hesab edirəm ki, bu sahədə mühüm addımlardan biri də bu məsələni beynəlxalq əməkdaşlıq müstəvisində daha da inkişaf etdirməkdən ibarətdir.

Təbii ki, bu gün parlamentlər səviyyəsində məsələyə siyasi hüquqi yanaşmalar sərgilənir, qiymət verilir. 1994-cü ildə azərbaycanlıların soyqırımı ilə bağlı qəbul olunmuş fərman var, eyni zamanda müəyyən addımlar atılır, “Xocalıya ədalət” kampaniyası həyata keçirilir.

Bəzi dövlətlərin parlamentləri bu əməli soyqırımı, yaxud da qətliam kimi qiymətləndirirlər. Ancaq bu məsələlər hüquqi anlam kəsb etmir. Hüquqi məna o zaman təzahür edə bilər ki, məhkəmə qərar çıxarsın.

  

Gec-tez bu cinayəti törətməkdə təqsirli bilinənlərin başı üzərində Domokl qılıncı asılacaq

 

Məsələn, 1997-ci ildə Ruanda Beynəlxalq Cinayət Tribunalı tarixdə ilk dəfə olaraq soyqırımı ilə bağlı qərar çıxarıb. Jan Pol Akayesu ilə bağlı işdə həmin şəxs soyqırımı cinayətində təqsirləndirildi. Məhkəmə sübut etdi ki, tutsi tayfalarının kütləvi surətdə soyqırıma məruz qalmasında birbaşa təşkilatçı o, olub.

Bununla da ilk dəfə tarixə soyqırımı ilə bağlı qərar daxil oldu. Hətta həmin məhkəmənin qərarınada qadınların soyqırımı niyyəti ilə kütləvi zorlanma hallarını məhkəmə soyqırımı kimi qiymətləndirdi.

 

Bu məhkəmənin qərarı bizim məhkəmələr üçün də, yaxud da təsis olunsa, Beynəlxalq Tribunal üçün də bir hüquqi əsas verə bilər ki, bu niyyət adı altında qadınların kütləvi surətdə zorlanması da soyqırımı kimi qiymətləndirilsin.

Srebrenitsa hadisələri zamanı 8332 nəfərdən çox kişinin başı kəsilib. Bunun məqsədi nə idi? O idi ki, o xalqın kökü kəsilsin, qadınlar dul qalsın, məcbur olub, serbə ərə getsin. Beləliklə də, onların kökü itirilsin.

Beynəlxalq cinayətlər içərisində ən təhlükəli cinayət soyqırımıdır. Ona görə ki, burada bir insan qrupu yaşamaq hüququndan məhrum edilir.

Soyqırımı ilə mübarizə bütün dövlətlərin ümdə vəzifəsi olmalıdır. Əminəm ki, gec-tez bu cinayəti törətməkdə təqsirli bilinən şəxslərin başı üzərində “Soyqırımı tərədənlər” adlı Domokl qılıncı asılacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?