Modern.az

Yeni Qarabağ Hərəkatına ehtiyac varmı? - EKSPERT RƏYİ

Yeni Qarabağ Hərəkatına ehtiyac varmı? - EKSPERT RƏYİ

11 Aprel 2012, 14:26

Eldar Namazov “hə” deyir, İqbal Ağazadə “yox

Dağlıq Qarabağ  Ermənistan tərəfindən işğal ediləndən bu günə kimi mövcud problem Azərbaycanın bir nömrəli məsələsi olaraq gündəmdə qalmaqdadır. Zaman-zaman münaqişənin həlli istiqamətində siyasi arenada danışıqlar aparılsa da, hələ də heç bir irəliləyiş nəzərə çarpmır. Xüsusən də ATƏT-in Minsk qrupu həmsədrlərinin qərəzli mövqeyi və laqeyidliyi Azərbaycan cəmiyyətində böyük narazılıqlara səbəb olur. Bəs belə durumda ölkəmizdə yeni bir ictimai-siyasi hərəkatın yaranmasına ehtiyac varmı?

Modern.az-ın əməkdaşı siyasətçilərdən mövzu ilə bağlı münasibət öyrənib.

“Yeni hərəkatın başlamasına  zaman lazımdır”

Politoloq Eldar Namazov ölkəmizdə Qarabağla bağlı yeni hərəkatın başlamasına ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, Qarabağ Azərbaycanın bir nömrəli məsələsi olduğu üçün yeni hərəkatın yaradılması vacib amillərdəndir.

“Qarabağ məsələsi həmişə Azərbaycan cəmiyyətinin diqqət mərkəzində olub. Dəfələrlə elə hallar olub ki, diplomatik danışıqların nəticəsi cəmiyyətdə böyük narazılıq doğurub. Vaxtı ilə belə təhlükəli məqam yetişəndə Azərbaycanın görkəmli ziyalıları prezident Heydər Əliyevə açıq məktub yazmışdılar. Həmin dövrdə ölkə rəhbəri ziyalıları qəbul edib danışıqlarda yaranan vəziyyəti onların diqqətinə çatdırdı. O zaman “Qarabağ xartiyası” adlı bir sənəd hazırlandı ki, ölkənin 600-dən çox ictimai-siyasi qurumları, partiyalar, gənclər təşkilatları bura qoşuldular. Bu mənada mən deyə bilmərəm ki, Azərbaycan cəmiyyəti Qarabağ məsələsinə laqeyd yanaşır”.

Politoloq hesab edir ki, Qarabağla bağlı yeni hərəkatın başlanması çox çətin və məsuliyəti işdir. Bunun üçün vaxt lazımdır.

“Yeni bir hərəkatın yaranmasına gəlincə, bu çox mürəkkəb məsələdir. Çünki, burada təşkilati məsələlər çox önəm daşıyır. Çoxsaylı ictimai-siyasi qurumları birləşdirən hərəkatın adətən təşkilatı məsələləri də çox vaxt aparır. Faktiki olaraq bu hərəkatın platforması, bünövrəsi bəllidir. Tərkibi isə bütün cəmiyyətdir. Elə bir hadisə ola bilər ki, bu hərəkat ən aktual məsələyə çevrilsin. Bu da danışıqların gedişatından aslıdır. Elə bir vəziyyət yarana bilər ki, bu məsələ günün tələbinə çevrilə bilər. Mən Qarabağla bağlı yeni ictimai hərəkatın yaranmasına ehtiyac duyuram. Hesab edirəm ki, Qarabağ məsələsi bizim üçün bir nömrəli məsələdir. Təbii ki, belə bir hərəkat olarsa, mən məmnuniyyətlə buna dəstək verərəm”-deyə E.Namazov qeyd edib.

“Qarabağın həlli ictimai hərəkatdan yox, düzgün siyasətdən keçir”

Millət vəkili  İqbal Ağazadə isə bu fikirlərlə razılaşmayaraq bildirib ki, hazırki durumda Azərbaycanda yeni Qarabağ hərəkatına, ictimai birliklərin yaradılmasına ehtiyac yoxdur. Deputatın fikrincə, Qarabağ məsələsinin həlli ictimai birliklərdən deyil, düzgün siyasətdən keçir.

“Hesab edirəm ki, bugünkü vəziyyətdə Azərbaycanda Qarabağla bağlı hər hansı ictimai birliyin yaradılmasına və ictimai hərəkata ehtiyac yoxdur. Bu gün Qarabağ məsələsi düşünülən qədər daxildə yaradılacaq ictimai birliklərin və ictimai rəyin basqısı ilə həll olunası məsələ deyil. Burda düzgün xarici siyasət, ölkələrlə münasibət əsas götürülməlidir. Odur ki, bu məsələdə ictimai birliklər heç nə həll etməyəcək. Yeni bir hərəkat problemin həllinə divident verməyəcək”-deyə İ.Ağazadə bildirib.


Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi