Modern.az

Xəstəlik gələcəksə, spirtlə dolu qabın içinə girsən də xeyri olmayacaq - Sənətçilər

Xəstəlik gələcəksə, spirtlə dolu qabın içinə girsən də xeyri olmayacaq - Sənətçilər

Mədəni̇yyət

26 Fevral 2020, 10:41

Çində aşkarlanmış koronavirus dalğası qonşu İranda 12 nəfərin həyatına son qoydu. Bu isə ölkəmizdə ciddi narahatlıqla qarşılandı.

 

Ölkənin tanınmış incəsənət xadimləri koronavirusdan necə qorunurlar?

Bu sualla Modern.az bir neçə məşhurla əlaqə saxlayıb.

 

Xalq artisti, görkəmli tarzən Ramiz Quliyev saytımıza bildirib ki, maskadan istifadə etmir, elə bir şey yoxdur ki, insan səhhətindən əziz olsun. “Hər kəs oturduğu ictimai yerlərdə, insanlarla adi söhbətlərində belə, diqqətli olsalar daha yaxşıdır. Təbii ki, bunlar əldən başlayıb, üzdə qurtarır.

Hətta eşitdiyimə görə elələri var ki, nəinki əlini yuyur, heç aylarla  hamamdan istifadə etmirlər. Əslində elə insanları təsəvvür etmirəm, amma çox təssüf ki, belələri var. Dəhşətlisi budur ki, günlərlə əlini yumayanlar da var. Mənə elə gəlir ki, bunun hamısı tənbəllikdən irəli gəlir. Viruslar getikcə çoxalır, virusun da ən böyük düşməni gigiyenik qaydalara əməl etməməkdir. Əslində ölkəmizdə çox gözəl şərait qurulub, təssüf ki, elə yerlər var ki, elə ordan qaçmaq lazımdır. Bax, elə yerlərdə hər şey ola bilər, nəinki epidemiyalar, elə koronavirusun özü də ola bilər”.

 

Əməkdar artist, “Bülbüllər” qrupunun yaradıcısı Aybəniz Haşımova da tibbi maskalardan istifadə etmədiyini söyləyib:

“Bilirsiniz ki, mən daha çox uşaqlarla çalışıram və bu üzdən də həmişə öz ehtiyatımı tuturam. O gün olmaz ki, mənim çantamda spirt olmasın. İnanırsınız ki, həm özümün , həm də  uşaqların əllərini spirtləyirəm. Bu koronavirusa görə deyil, ümumiyyətlə mən viruslardır, xəstəliklərdir, bunlara qarşı çalışıram ki, həmişə tədbirli olum.

Vay o gündən ki, uşaqlardan biri qrip ola, bütün sinifi dizinfeksiya edirəm. Düşünürəm ki, bu daimi olmalıdır, tək virusla bağlı olmamalıdır. İnsanlar öz sağlamlıqlarını qorumaq üçün özləri özlərinin həkimi olmalıdır. Hesab edirəm ki, ilk variantlardan biri də spirtdir. Həmişə əl, burun və ağız nahiyələrini spirtləməlidirlər ki, infeksiya, viruslar onlardan yan keçsin. Mənə elə gəlir ki, insanlar bu kimi şeyləri yerinə yetirsələr virusları rahat dəf edə biləcəklər”.

 

Əməkdar artist, aktrisa Mehriban Xanlarova koronavirusdan qorunmadığını deyib:

“Əgər o xəstəlik gəlib məni tutacaqsa, istəyirsən 10 dənə maska tax, istəyirsən, spirtlə dolu qabın içinə gir, yenə də xeyiri yoxdur. Allah göstərməsin, alnımıza yazılıbsa, olacaq. Dünən mən bəlkə də yalan olmasın 10 aptekə girdim, bir maska tapa bilmədim. Əslində elə-belə yoxlamaq üçün girdim, ehtiyacdan girmədim.

Dünən 10 qəpiyə aldığımız maskalar bu gün 50 qəpiyə satılır. Mən belə başa düşürəm ki, maskalarla spirt satılmırdı, bu koronavirus bunlar üçün bir bəhanə oldu. Mən daha çox portağal, kivi yeyirəm ki, vitamin C bol olsun . Onunla da çıxıb getsin. Ancaq daimi spirtdən istifadəni də yaddan çıxartmıram. Yəni məhz koronavirusa görə deyil ha, həmişə çantamda spirt gəzdirirəm”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir