Modern.az

YAP-ın prizması, sxemi, ampluası...

YAP-ın prizması, sxemi, ampluası...

Aktual

11 Aprel 2012, 17:51

Yaşadığım hər günüm Allaha şükr və dahi şairimiz Mirzə Ələkbər Sabirə rəhmət diləməklə keçir. Hətta hərdən düşünürəm ki, adi bir adamın bu qədər uzaqgörən olması ola bilsin Rəbbimizin bizlərə şifrəli xəbərdarlığıdır, sadəcə insan oğlu burnundan qabağı görmədiyindən bunlara əhəmiyyət vermir. Onun “biz düzələn zad deyilik” misrasını isə gündə az qala yüz dəfə dilimə gətirirəm.

“Siyasi partiyalar haqqında” qanun layihəsinin dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindəki əttökən müzakirələrindən sonra da qeyri – ixtiyari ölməz Sabirin bu misrasını xatırladım. Daha doğrusu, bu qənaətə gəldim ki, hətta hamı düzəlsə belə, bu YAP-çılar düzələn deyillər. Qısaca onu oxucularıma ərz edim ki, əgər bu qanun indiki formada qəbul olunsa, müxtəlif fırıldaq və hiyləylə dövlət büdcəsindən siyasi partiyalara ayrılacaq vəsaitlərin demək olar ki, elə hamısı hakim partiyaya çatacaq. Ona görə də müzakirələrdə çıxış edən YAP icra katibi Əli Əhmədovun qanun layihəsinə “mız” qoyması və “siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi sxemini partiyamızın prizması baxımından məqbul hesab etmirik” söyləməsi siz deyin, qanunla, bu qanunla tənzimlənəcək cəmiyyətlə məzələnmək deyil, bəs nədir? Buna baxmayaraq hələ Əli müəllim elə hesab edir ki, bu cür bölgü ədalətsizlikdir və partiyasının haqqının pozulmasıdır. Ancaq özü də bilir ki, büdcədən partiyaların maliyyələşməsinə ayrılacaq vəsaitin az qala 90 faizi formal rəhbəri olduğu hakim partiyaya çatacaq. Yerdə qalan qəpik – quruşsa parlamentdə təmsil olunan “cırtdan” partiyalara veriləcək. Elə isə görəsən, YAP icra katibi bu pulların özü demişkən, hansı sxemlə bölüşdürülməsini təklif edir ki, YAP- ın prizmasından baxanda ədalətli görünsün? Axı belə bir “ədalətli” bölgü heç dünya xalqlarının təmsillərində də təsvir olunmayıb. Hətta mən deyərdim ki, bir məhşur təmsildə təsvir olunduğu kimi, gözü çıxmış canavardan ibrət götürüb ovun 70 faizini şirin qabağına itələyən tülkü də belə bir sxemə rəva görməmişdi. Ona görə də Əli müəllimin bu cür yanaşmasına mən çığallıqdan başqa özgə ad tapa bilmirəm. Olsa – olsa YAP icra katibinin bu “sxem”ini və ya “prizma”sını “Molla Nəsirəddin” lətifələrindəki mollanın “sxem”iylə müqayisə etmək olar.
Günlərin bir günü molla çayın qırağında eşələnirmiş, baxıb görür ki, su aşağı bir neçə pendir motalı gəlir. Molla tez özünü suya vurur və çox böyük çətinliklə motallardan dördünü tuta bilir. Ancaq nə illah edirsə beşinci motalı titmağa əlində yer qalmır, çayın qırağındakı dayanmış bir nəfər əl atıb həmin motalı tutur. Molla tələmtələsik motalları çayın qırağına qoyub həmin adama tərəf qaça- qaça qışqırır ki, bacıoğlu, motala şərikik ha.
Bax indi Əli Əhmədovun büdcədən daha çox para qoparmaq üçün səsləndirdiyi narazılıq 4 motaldan gözü doymayan mollanın iddiasından heç nəylə fərqlənmir. Axı adama deyərlər ki, rəhmətliyin oğlu, partiyanız pul korluğu çəkir ki, belə əl – ayağa düşmüsən? Onsuz da partiyanıza qeyri – rəsmi ödəmələr büdcədən ayrılacaq vəsaitdən bəlkə də yüz dəfə artıqdır. Mən hələ onu demirəm ki, partiya üzvü olmayan insanlardan da zorla, demək olar ki, qışqırda – qışqırda üzvlük haqları alınır. Şəxsən mənə bir neçə rayonun təhsil işçilərindən dəfələrlə müraciət olunub ki, YAP üzvü olmaya – olmaya onlardan üzvlük haqqı tutulur, özü də bunu  heç nədən çəkinmədən “vedomost”larda qeydlər aparmaqla həyata keçirirlər.

 Xülasə, sözümün canı odur ki, gərək Əli müəllim bu cür ucuzluğa getməyə, görün Siyavuş Novruzov bu cür danışsaydı, heç reaksiya verərdimmi? Qətiyyən, çünki hər kəsin öz sxemi, öz prizması olduğu kimi, öz ampluası da var, onu nə illər dəyişəndi, nə göstəriş, nə giley – güzar...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür