Modern.az

Azərbaycanda yeni doğulan buzova görə 100 manat verilir – MÜSAHİBƏ

Azərbaycanda yeni doğulan buzova görə 100 manat verilir – MÜSAHİBƏ

İqtisadiyyat

27 Fevral 2020, 10:06

Donuzların sayı azalıb

 

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev Azərbaycandakı iri və xırdabuynuzlu mal-qaranın sayı, cins tərkibi, məhsuldarlığı və s. ilə bağlı Modern.az-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

 

- Mahir müəllim, Dövlət Proqramına əsasən Azərbaycanda heyvandarlıq sahəsinin inkişafı üçün xaricdən cins mal-qaranın idxalı həyata keçirilir. Bunlar əsasən hansı ölkədən gətirilir və hansı cinslərdir?

- Bəli, son illər ərzində ölkədə bu sahənin inkişafı üçün xaricdən iri və xırdabuynuzlu heyvanlar gətirilir ki, onların böyük hissəsi cins mal-qaradır. Bunlar əsasən südlük istiqamətli holştinfrizlər, ətlik-südlük istiqamətində olan simmental, şvis və ətlik istiqamətində olan aberedin-anqusdur. Azərbaycanda son illər ərzində bu cinslər çox geniş yayılıb.

Bu il üçün də bir neçə min baş heyvan gətirilməsi nəzərdə tutulub. Bunların əksər hissəsi Bolqarıstan, Hollandiya, Almaniya, Avstriya, Türkiyədən idxal olunur. Dövət proqramına əsasən, 2019-cu ildən 2023-cü ilə qədər respublikaya 51 min baş iribuynuzlu heyvan gətirilməsi nəzərdə tutulub. Biz tədricən Azərbaycandakı mal-qaranın cins strukturunun tamamilə dəyişdirilməsi istiqamətində işlər aparacağıq.

 

- Hər halda yüksək məhsuldar heyvanların qiyməti də yerlilərdən yüksəkdir. Onların alınması üçün fermerlərə hansı güzəştlər tətbiq edilir?

- İndiyədək gətirilən cins mal-qaranın əksəriyyəti fermer təsərrüfatlarına paylanılıb. Bunlar yüksək məhsuldar heyvanlardır. Fermer təsərrüfatlarına dövlət tərəfindən 60 faizə qədər subsidiyanın ayrılması nəzərdə tutulub. Yəni heyvanın ümumi dəyərinin 60 faizini dövlət ödəyir, qalanı isə güzəştli şərtlərlə fermer tərəfindən ödənilir.

 

- İdxal edilən mal-qaranın yüksək məhsuldar olduğunu  bildirirsiniz. Yəni bu cinslərdə hər şey mükəmməldirmi, hər hansı xəstəlik, uyğunlaşmada problemlər yaşanmır?

- Təbii ki, qüsurlar var. İndiki halda bizim məqsədimiz o qüsurları yerində, Azərbaycana gətirmədən müəyyən etməkdir. Nazirlik bu heyvanların ölkəyə gətirilməsinə nəzarət mexanizmini təkmilləşdirir. Bir neçə aydır ki, Heyvandarlığın təşkili və monitorinqi şöbəsi tərəfindən damazlıq heyvanların idxal olunması qaydaları hazırlanır.

Qaydalar tam hazır olduqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək. Sadəcə bir nüansı qeyd edim ki, idxal zamanı heyvanlar mütəxəssislər tərəfindən seçilməlidir. Hazırda embrion transferinin həyata keçirilməsi üçün laboratoriyanın təşkili istiqamətində işlər aparılır ki,gələcəkdə biz ixrac edən respublikaya çevirilək. Bununla da Azərbaycan cins mal-qara gətirilməsilə yox, cins mal-qaranın satışı ilə məşğul olan ölkələr sırasına qoşulsun. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən strateji hədəflər hazırlanıb. Hər bir İnstitutun özünün mandatına uyğun yeni cinslərin yaradılması, yeni mələzlərin Azərbaycan şəraitinə uyğunlaşdırılması, istiqamətində elmi-tədqiqat işləri aparılır.

 

- Bunun üçün hansısa cins üzərində tədqiqatlar aparılırmı?

- Bizim institutun özünə 3 növ cinsdən ibarət iribuynuzlu mal-qara gətirilib ki, bunlar da holştinfriz, şvis və aberdin-anqusdur. 17 baş holştinfriz, 6 baş aberdin-anqus, 6 baş da şvis cinsindən olmaqla ümumi şəkildə 34 baş heyvan idxal olunub. Onların üzərində elmi-tədqiqat işləri aparılır, Azərbaycan şəraitinə uyğunlaşması və məhsuldarlığını öyrənirik. Hər bir heyvanın özünün xüsusi fizioloji xüsusiyyətlərinə əsasən idxal olunan heyvanlar xüsusi nömrə vasitəsilə seçilir. Bununla da dünyada istehsal olunan damazlıq heyvanların reyestrinə daxil olaraq hansı heyvanın hansı təsərrüfatdan alındığını, ulu valideynlərini, şəcərəsini tapmaq mümkündür. Həmçinin heyvanın məhsuldarlığı, hansı xəstəliklər keçirməsi ehtimalını dəqiq izləmək mümkündür.

 

- Dediniz ki, indiyədək Azərbaycana 35 min başa qədər cins heyvan idxal olunub. Maraqlıdır, ölkəyə gətirildikdən sonra cins heyvanların sayının artırılmasına nail olunubmu?

- Bilirsiniz, respublikada həm dövlət, həm də əhali tərəfindən heyvandarlıq sahəsinə çox böyük maraq göstərilir. Dövlət tərəfindən subsidiyaların verilməsi, cins mal-qaranın süni mayalanma yolu ilə alınması istiqamətində aparılan işlərin hamısı inkişafa müsbət təsir göstərir. Hər yeni süni mayalanmadan doğulan buzova görə 100 manat subsidiyanın verilməsi heyvandarlıq sahəsinin inkişafına müsbət təsir edir. Dəqiq say deyə bilmərəm, amma kifayət qədər artım var.

Hazırda respublikada cəmi 2 milyon 700 min başa yaxın iribuynuzlu mal-qara cinsləri var. Naxır strukturuna görə mal-qaranın sayı 1 milyon 200 minə yaxınlaşır. Burada isə əsasən kəndli-fermer təsərrüfatlarında istifadə olunan heyvan cinslərinin bir hissəsi yerli cinslərə mənsub olan cinslərdir ki, bunlar da xəstəliklərə dözümlü, az məhsuldar heyvanlardır. Amma nəzərə alaq ki, əhalinin böyük hissəsi yüksək məhsuldar heyvan cinslərinə önəm verir. 100 baş yerli cins heyvan saxlayan fermer yüksək məhsuldar heyvanın 50-sini saxlasa kifayət edir. Çünki 100 başdan aldığı məhsulu 50 baş heyvandan alır. Bu isə onu göstərir ki, respublikada 2016-cı ildə 2 milyon 708 min baş iribuynuzlu mal-qara naxırı vardısa, 2019-cu ildə bu göstərici 2 milyon 658,8 min baş olub. Bu da məhsuldarlığın artırılmasına, baş sayının azalmasına səbəb olub.

 

- Süd və süd məhsullarının istehsalı sahəsində vəziyyət necədir?

- Bu sahədə də artım var. Deməli, süd istehsalı 2016-cı ildə 2 milyon 9 min ton idisə, 2018-ci ildə 2 milyon 80 min tona çatdırılıb. Mal-qaranın baş sayının azalmasına baxmayaraq, yüksək məhsuldar heyvanların idxalı nəticəsində ölkədə süd istehsalı artıb.

 

- Amma hələ də südə görə idxaldan asılılığımız qalır...

- Daxili tələbatın tam ödənilməsi üçün respublikada 3 milyon ton süd istehsal olunmalıdır. Hədəfimiz respublikada daha çox iribuynuzlu mal-qaranın saxlanması deyil, daha çox məhsuldar olmasıdır.

İnəklərin naxır sturkturu 1 milyon 194 min baş, camışların baş sayı isə 176,2 mindir. İnək naxırından alınan süd cəmi 2 milyon 80,6 min tondur. Bu isə tələbatı tam ödəmir. Ona görə də biz daha məhsuldar heyvan cinsləri saxlamalıyıq. Əgər 1 milyon 194 min baş inəkdən 2 milyon 80,6 min ton süd alırıqsa, biz həmin sayı saxlamaqla 9 milyon ton süd əldə etmək imkanına malik olacağıq. Ən azı 6 milyon ton süd istehsal edən naxır yaratsaq, onun 3 milyon tonu daxili tələbatın ödənilməsinə yönəldilməklə, qalanını ixrac edə bilərik. Əsas məsələ xaricdən asılılığı tamamilə azaldırıq və özümüz ixrac edən dövlətə çeviririk.

 

- Maraqlıdır, yerli inəklərlə idxal edilən inəklərin fərqləri nədir? Biz niyə xaricdən mal-qara alışına üstünlük verməliyik? Bəs onların arasında tələf olanlar varmı? Varsa buna səbəb nədir, fermerin həmin heyvana düzgün qulluq etməməsi, yoxsa bizim iqlimə uyğunlaşa bilməməsidir?

 

- Düzdür, yerli cinslər xəstəliyə daha dözümlüdürlər, onlar bizim ən böyük sərvətimiz, genofondumuz, endemik cinslərdir. Biz onları qoruyub saxlamalıyıq. Ancaq biz yerli heyvanlardan gün ərzində 3-5 litr süd alırıqsa, onu otlaq şəraitində otarırıqsa, otlaqların sahəsinin azlamasını nəzərə alsaq, heyvanları primitiv formada inkişaf etdirməyə qadir deyilik.

Biz heyvandarlığı, otlaq sahələrini qoruyub saxlamaq üçün qapalı sistemə keçməliyik. Bu gün respublikaya xarici mal-qara idxal olunmaqla və bu institutun nəzdində embrion köçürmə mərkəzi yaratmaqla, biz ən azı 5 ilə bütün respublikada strukturu dəyişmək imkanına malik ola bilərik.

Burada yerli cinslər üzərində elmi-tədqiqat işləri aparılır. Onların məhsuldarlığını artırılmaqla, yerli şəraitə uyğunlaşdırlmaqla yeni cinslərin aparılması istiqamətində işlər görülür. Cənab Prezdentin tapşırıqlarına əsaslanaraq onu deyə bilərəm ki, bu gün kənd təsərrüfatının inkişafı elmi əsaslarla aparılmaldır. Elmə söykənməyən işdə yüksək nəticə əldə etmək mümkün deyil.

 

- Dediniz yerli cinslər gün ərzində 3-5 litr süd verir. Bəs, idxal olunan cinslərdə necədir, məhsuldarlıq, ümumiyyətlə fərqlə bağlı dəyərləndirməniz maraqlıdır?

- Yerli mal-qaranın cins tərkibinə nəzərə salaq. Qonur-Qafqaz cinsini ən yüksək yemləmə ilə təchiz etsək, gün ərzində ən çox 10 litrə qədər süd ala bilərik. Hollandiyadan gətirilən holştinfriz cinsinin məhsuldarlığına gəldikdə, buna Avropada “süd maşını, “süd kombinatı” deyilir. Yüksək yemləmə-bəsləmə şəratini təmin etdikdən sonra ondan gün ərzində 40 litrədək süd əldə etmək mümkündür.

 

- Bu gün Azərbaycanda o göstəricini əldə etmək mümkündürmü? Yəni Hollandiyadan gətirilən həmin inəklər gün ərzində 40 litr süd verirmi, bunun üçün yemləmə-bəsləmə şəraitilə təmin edilirlərmi?

- Xeyr, bu gün Azərbaycanda o göstəricini almaq mümkün deyil. Ən çox məhsuldarlıq İsmayıllı rayonundakı “AZA” təsərrüfatında bu cinsdən olan heyvanların gün ərzində süd istehsalı 33-34 litrdir.

 

- Bəs, çəki olaraq fərqləri necədir?

- Düyələrin çəkisi 450-500 kiloqrama qədərdir. Saxlanılmasından, bəslənməsindən asılı olaraq, 700 kiloqrama qədər çatır. Erkəklərdə isə 800-900 kiloqrama qədər çəki yığmaq imkanı var. Yerli cinslər isə 150-160 kiloqramdan 200 kiloqrama qədər çəki yığmaq imkanın malikdir.

 

- Maraqlıdır, hazırda həmin cins mal-qaradan ət istehsalında istifadə edilirmi, yaxud istifadəsi nəzərdə tutulubmu?

- Hazırda respublikada iribuynuzlu ətlik istiqamətli maldarlıq komplekslərinin yaradılması üçün işlər görülür. Burada əsas məqsəd iribuynuzlu mal-qaranın yüksək keyfiyyətə malik xüsusiyyətlərinin üzə çıxarılmasıdır. Baxaq, görək Azərbaycandakı yerli cinslərdən o nəticəni ala bilərikmi? Biz institutut olaraq bu araşdırmaları aparırıq. Gətirilən ətlik holştinfriz, şvis, aberdin-anqusları müxtəlif heyvan cinslərinin toxumu ilə mayalamışıq. Alınan nəticə qısa müddət sonra media vasitəsilə ictimaiyyətə təqdim olunacaq. Bu nəticələr üçün ən azı 1-2 il gözləmək lazımdır.

Ümumilikdə, biz heyvan bazarına nəzər salsaq, görərik ki, bu gün əhalinin və fermerlərin yetişdirdikləri heyvanlar cins mal-qaradan alınan nəsildir. Aberdin-anqusla müxtəlif növ heyvanların çarpazlaşdırılmasından alınan mələzlər respublikanın heyvan bazarında üstünlük təşkil edir. Bunların bir qismindən ət istehsalı üçün istifadə olunur. Şəxsən bir neçə təsərrüfatlarda olmuşam. Orada ətlik istiqamətlərdə yerli cinslərlə bir neçə idxal olunan cinslərin çarpazlaşması istənilən nəticəni vermir. Çünki gözlənilən çəkini ala bilmirik, məhsuldarlığın artırılması zəif gedir. Ona görə də bu cinslər üzərində uzunmüddətli tədqiqat işləri aparılmalıdır ki, istənilən nəticəni ala bilək.

 

- Zaman-zaman Azərbaycandakı donuzların sayının açıqlanması geniş müzakirələrə səbəb olur. Statistika göstərir ki, getdikcə baş sayı azalmaqdadır. Maraqlıdır, sayı artırmaq üçün Azərbaycana xaricdən donzuların gətirilməsi nəzərdə tutulubmu? Ümumiyyətlə ehtiyac varmı buna?

- Bilirsiniz, ümumiyyətlə bizim milli mentalittimizə uyğun olaraq donzuçuluq sahəsinə maraq azdır. Respublikada 2004-cü ildə donuzların sayı 20,4 min baş idi, 2014-cü ildə bu göstərici 6,7 min, 2019-cu ildə isə 5,5 min başa düşüb. Rəqəmlərdən də görünür ki, əhalinin donuzçuluğa marağı, donuz ətinə tələbatı olduqca aşağıdır. Donuzların bəslənməsi, yetişdirilməsi əsasən qeyri-millətlərin yaşadığı bölgələrdə inkişaf edir. Əsasən rusların məskunlaşdığı İsmayıllının İvanovka kəndində böyük donuzçuluq təsərrüfatları var.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı