Modern.az

100 yaşlı AzərTac yeni binaya köçəcək  

100 yaşlı AzərTac yeni binaya köçəcək  

28 Fevral 2020, 13:56

 

Xalq Cümhuriyyətinin yadigarı olan AZƏRTAC-ın 100 yaşı tamam olur. Azərbaycanın ilk xəbər qaynağı olan agentlik əlamətdar yubileyini yaxın aylarda yeni ofisində qeyd edəcək.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısının nəticəsi olaraq AZƏRTAC üçün müasir memarlıq üslubunda inşa edilən binanın tikintisi başa çatıb. Dövlətimizin başçısının tapşırığına əsasən yeni binada ən müasir informasiya-kommunikasiya  texnologiyaları quraşdırılacaq, dünya standartlarına uyğun iş şəraiti yaradılacaq.

 

Azərbaycanın ilk milli informasiya yayımçısı olan AZƏRTAC 100 ildə çətin, lakin şərəfli yol keçib, hər bir tarixi mərhələdə üzərinə düşən missiyanı peşəkarlıqla yerinə yetirib. 1920-ci il martın 1-də fəaliyyətə başlayan agentliyə bir əsrlik tariximizin salnaməsini yazmaq şərəfi nəsib olub.

 

AZƏRTAC-ın inkişafı və dövlət informasiya agentliyi kimi formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Agentlik hazırda səkkiz dildə fasiləsiz informasiya yayır, mötəbər xəbər qaynağı kimi qəbul olunur. Xarici ölkələrdə və bölgələrdə geniş müxbir şəbəkəsinə malikdir.

 

AZƏRTAC bu gün dünya informasiya məkanında layiqli yer tutur, beynəlxalq və regional media qurumlarında fəal təmsil olunur. Bu istiqamətdə səmərəli fəaliyyətin nəticəsi olaraq 2016-cı ildə Prezident İlham Əliyevin himayəsi, birinci xanım Mehriban Əliyevanın dəstəyi, Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakı Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına ev sahibliyi edib. 2016-2019-cu illərdə hər iki quruma sədrlik edən AZƏRTAC Azərbaycanın adını dünya mətbuat tarixinə yazdırıb.

 

Agentliyin fəaliyyətinin bəzi məqamlarını diqqətə çatdırırıq:

 

AZƏRTAC 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşıq müqaviləsi imzalayıb, 150-dək agentliklə informasiya mübadiləsi aparır.

2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) sədrlik edib.

Hər gün 8 dildə 700-ə yaxın informasiya, video və foto xəbər hazırlayaraq öz kanalları ilə yayır.    

Agentliyin beş veb-resursu və iki veb-servisi (interaktiv xəritə), üç mobil tətbiqi, fotosaytı və zəif görənlər üçün resursu fəaliyyət göstərir.

Otuzdan çox sosial şəbəkə və messenger profili var.

2019-cu ildə mobil cihazlar vasitəsilə informasiya resurslarına müraciət 50 faiz, videolara baxış 75 faiz artıb.

“YouTube” kanallarında videoxəbərlərə baxışların 83 faizi mobil cihazların payına düşür.

Ölkə üzrə ilk ixtisaslaşmış videoxəbər studiyası 2010-cu ildə AZƏRTAC-da tətbiq olunmağa başlayıb. Agentlik hazırda beş dildə (Azərbaycan, ingilis, rus, fransız və alman) video yayır.

İnfoqrafika, slaydşou, videoqrafika, “360” videolar hazırlanır.

Agentliyin veb-resurslarında, sosial şəbəkələrdəki səhifələrində və üzvü olduğu beynəlxalq media təşkilatlarının portallarındakı xəbər, foto və videolarına baxışların sayı 73 faiz artıb.

Xarici ölkələrdə 21 müxbir məntəqəsi fəaliyyət göstərir.

Ötən il AZƏRTAC-ın üzv olduğu beynəlxalq və regional media qurumlarının, tərəfdaşlıq etdiyi milli informasiya agentliklərinin saytlarında 15 minə yaxın xəbəri, videosu və fotosu yayılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq