Modern.az

“Unudulmaz səslər” - “Cahargah”ın bənzərsiz ifaçısı Sabir Mirzəyev toyda necə aldadılıb...

“Unudulmaz səslər” - “Cahargah”ın bənzərsiz ifaçısı Sabir Mirzəyev toyda necə aldadılıb...

29 Fevral 2020, 10:53

Müsahibələrinin birində söyləyib ki, musiqi ilə doğulub, musiqi ilə də öləcək. Sanki ruhu  musiqi ilə yoğrulub.

 

Modern.az saytı “Unudulmaz səslər” layihəsinə davam edir. Bu dəfə bənzərsiz səs sahibi Sabir Mirzəyevin ömür yoluna nəzər salacağıq. O səs ki, onu yaşlı və orta nəsil daha yaxşı xatırlayır.

 

Azərbaycan musiqi mədəniyyətində özünəməxsus səsə malik olan Sabir Mirzəyev 1943-cü ildə Cəlilabad rayonunda anadan olub. 40 il Azərbaycan Dövlət Filarmoniyasında  işləyərək, incəsənətə layiqli töhvələrini verib. Onun ifa etdiyi "Qarabağın maralı", "Şuşanın dağları", "Nazlana-nazlana", "Gülə-gülə", "Aşiqəm" xalq mahnıları, "Cahargah" və "Rast" muğamları hazırda qızıl fondda saxlanılır.

Uzun sürən xəstəliyi ilə bağlı Təbrizdə müalicə alan tanınmış xanəndə 2011-ci il 68 yaşında vəfat edir.

Görkəmli xanəndənin sənət yoldaşlarının onunla bağlı xatirələrini təqdim edirik.
 

Xalq artisti, Şöhrət ordeni laureatı Niyaməddin Musayevin xatirələri:

 

“Yüksək səs diapazonuna malik insan idi. Mən onunla çox konsertlərdə olmuşam. Bütün muğamları gözəl ifa edirdi, amma “Cahargah” muğamı onun səsində bir başqa aləm idi. Onun səsi eşidənləri sanki sehrinə salır, şaqraq zəngulələri insanın ürək tellərini dəbərdirdi.

Xarakter baxımından çox şən insan idi, zarafat etməyi xoşlayırdı.Onun yanında olanda kimsə bikef olmazdı.

Kimisə bikef görəndə o dəqiqə elə söz deyirdi ki, istər-istəməz adamın kefi açılırdı. Deməli, o vaxtlar hələ mən tanınmırdım, məni özüylə konsertlərə aparırdı.

Bu, hardasa 1970-1974-cü illəri əhatə edir.Sonra tanınandan sonra mən artıq konsertlərə tək getməyə başladım. Bundan sonra çoxlu solo konsertlərim oldu. Yəni o vaxtlar mən antraj oxuyurdum. Sabir Mirzəyev, Süleyman Abdullayev və Teymur Mustafayev həmin vaxtlar daha çox populyar idi. Onlarla müqayisə edəndə mən hələ kölgədə qalırdım. Nə deyə bilərəm, bircə onu demək istəyirəm ki, çox möhtəşəm insan olub”.

 

Şaqrar zənguləsi onu digərlərindən çox fərqləndirirdi...

 

“Bax, bu özəllik onu çox fərqləndirirdi. Əsas bilirsiniz nədir? Musiqini ki, ürəklə oxumadın, o musiqi dinləyiciyə çatmır. Bax, Sabir Mirzəyev musiqi mədəniyyətimizdə ürəklə oxuyan tək-tük sənətkarlardan biri idi.

Vallah söz xatirinə demirəm, musiqidən anlayışı olanlar bilər ki, mən nə demək istəyirəm. O musiqiyə ki, ürəyini qoyub oxumadınsa, onda heç onu oxumasan daha yaxşı olar. Bir xüsusiyyətin söyləyim ki, siqareti çox çəkirdi. Hətta dəflərlə özünə də söyləyirdim ki, bəs, sən xanəndəsən, səs tellərinə ziyandır, niyə bu qədər çəkirsən. Deyirdi siqarətin ziyanı yoxdur. O səsi Allah verib, vəssalam, nə qədər siqaret çəksən də ziyanı olmaz. Əsas odur ki, səsim öz yerindədir”.

 

Xalq artisti Teymur Mustafayev Sabir Mirzəyevi peşəkar xanəndə kimi xatırlayır:

 

“Sabir Mirzəyev çox püxtələşmiş, peşəkar xananəndələrimizdən biridir. Elə onun atası Nüsrət Mirzəyev və qardaşı Habil Mirzəyev də müğənni olub.

Hazırda Sabirin qardaşı oğlu Nemət Mirzəyev də müğənniliklə məşğuldur. Nemət Mirzəyevi bala Sabir adlandırılar. Çünki onun səs tempiri və ifa tərzi Sabir Mirzəyevə çx oxşayır.  Hətta deyərdim ki, bu günkü gündə Sabirin ən böyük davamçısı elə Nemət Mirzəyevdir. Sabir Mirzəyev çox böyük sənətkar idi. Baxmayaraq ki, Cəlilabadın Bayaxanlı kəndində anadan olub, amma Bakıda məskunlaşaraq, burda da təhsil alıb. Çox savadlı idi. O Asəf  Zeynallı adına musiqi kollecində təhsil alıb”.

 

Sabirlə müəlimimiz eyni olub...

 

“Sabirin də, mənim də müəllimimiz Seyid Şuşinski olub. Eyni zamanda Sabirlə mən bir yerdə Azərbaycan Dövlət Filarmoniyasında birgə işləyirdik.Yəni bir yerdə çox günlərimiz keçib. İstər ölkə daxili olsun,istərsə də ölkə xaricində tez-tez qastrollara gedirdik. Yol yoldaşlığından deyə bilərəm ki, elə kaş hamı onun kimi olaydı. Yəni biz getdiyimiz yerə nə vaxt çatırdıq, xəbərimiz olmurdu. Bir sözlə, peyğəmbər kimi adam idi. Etiraf edirəm ki, onun sənəti məndən də yüksək idi. Çox tələbkar müəllim,eyni zamanda gözəl ailə başçısı idi. İki oğlu var, düzdür onlar atalarının yolunu davam etdirmirlər, başqa sahənin adamlarıdır. Amma muğam sənətinə çox böyük hörmət bəsləyirlər. Çox yumoristik adam idi. Həyat yoldaşı deyir ki, hər evə  gələndə ilk onun üz mimikalarına fikir verirdik. Çünki həmişə gülərüz olurdu, yəni biz onun kefsiz vəziyyətinə alışmamışdıq. Xanımı söyləyir ki, evdə olanda yumoristik söz deməsə, özümüz pis olurduq ki, görəsən nə baş verib. Bax ailədə necə idirsə, bizimlə də elə davranırdı. Dəhşət dostbaz insan idi. Hara gedirdisə, özünə dost qazanırdı. Həm də ünsiyyətə tez girirdi”.

 

Sənətə də eyni zamanda gəldik...

 

“Sabirlə mən sənətə 1956-ci ildən başladıq. Çoxlu toylarımız olurdu, o gün olmazdı ki, bizə toy təklifi gəlməsin. O vaxtkı toylar ,indikindən çox fərqli idi. İnanın ki, toyun axırına qədər oturub muğama qulaq asırdılar. Heç kim yorulmurdu, əksinə zövqlə dinləyirdilər. Elə olub ki, Sabir mikrafonsuz oxuyub. Hər adam mikrafonsuz oxuya bilmir. Təsəvvürünüzə gətirin ki,1000 nəfərlik bir məclisdir və sən də mikrafonsuz oxuyursan. O səsi dinləyiciyə çatdırmaq üçün gərək sənin yüksək diapazonun olsun. Sabir elə sənətkarlardan idi ki, toyu mikrafonsuz yola verirdi”.

 

Maraqlı toy təklifi gəldi...

 

“Yenə həmişəki kimi bizə toy təklif etdilər. İndi gəliblər bizimlə danışmağa ki, filan gün, filan saatda həmin rayona gələrsiniz. Toy sahibləri özlərini o qədər kasıb təqdim etdilər ki, inanın toya gedib çıxınca ürəyimiz paramparça olmuşdu. Nəhayət, toy günü gəlib çatdı, həmin məkana gəlib çıxdıq. Gördüklərimizdən heyrətə gəldik ki, bəs, bu danışıq hara, bu dəm-dəzgah hara.

Yalan olmasın 200 metr uzunluğunda bir mağar qurulub, mağarın da yanında böyük bir villa var. Villanın da yanında balaca bir daxma tikilib. Fikirləşdik ki, yəqin səhv ünvana gəlmişik. Sabir dedi ki,Teymur, gəl, qayıdaq bura deyil. Elə geri qayıdırıq ki, toy sahibini gördük. Bizi bir təmtəraqla qarşıladılar ki, özümüz də məəttəl qaldıq. Bir də gördüm Sabir gedib həmin o daxmanın yanında dayanıb. Bəyin atası dedi ki, Sabir müəllim toy burda deyil.

Dedi yox,elə deyil. Biz bu evin dəyərində danışmışıq, villanın yox. Amma baxıram ki, bizi aldatmısınız, mən elə burda da oxuyacam. Çox böyük xahişdən sonra, nəhayət razılaşdı, o toyu elə gözəl oxudu ki, hələ də səsi qulağımdadır”.

 

Xalq artisti, xanəndə Mənsum İbrahimov Sabir Mirzəyevi çox böyük sənətkar hesab edir:

 

“Sabir Mirzəyev klassik muğam ifaçılığının çox böyük nümayəndələrindən biri idi. Çox təəssüf ki, tez dünyasını dəyişdi. “Cahargah” muğamının möhürünü vuran sənətkarlarımızdan biri olmuşdu. Əsas odur ki, ürəyi vardı, öz dövrünün tanınmış xanəndələrindən hesab olunurdu.  Münasibətimiz çox yaxşı idi, gözəl ailə başçısı idi. Sabir Mirzəyev ömrünü sanki,muğama həsr etmişdi. Dünyasını dəyişənə qədər oxudu, o tək muğam ifaçısı olmayıb. Çox gözəl bəstəkar və xalq mahnılarını da ifa edirdi. Güclü səsə malik tələbələri vardı. Onun özəlliyi səsində idi. Özünəməxsus səsi vardı ki, min nəfərin içərisindən onun səsi seçilirdi. Toylarda da bir yerdə çox olmuşuq. O qədər gözəl oxuyurdu ki, toyda hamı ayaqüstə onu alqışlayırdı, şəxsən özüm bunun şahidi olmuşam. Əsas odur ki, çox sadə insan idi. Paxıllığı yox idi, heç kimin haqqında pis danışmırdı, bir sözlə, çox rahat adam idi”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir