Modern.az

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media

6 Yanvar 2010, 09:55

st1:*{behavior:url(#ieooui) }

«Media əhvalatları» rubrikasını davam etdiririk. Oxucularımızın maraqla izlədiyi rubrikamızın budəfəki qonaqları jurnalist həmkarlarımız Qabil Zimistanoğlu, Etibar Seyidağa, Zülfiyyə Quliyeva və Azər Nuriyevdır.

 

Qabil Zimistanoğlu, müstəqil jurnalist

 

«Şahvələd bəy 250 qram narkotikanı istəyir!»

 

- «Günaydın»  qəzetində təzə işə başlamışdım. Şahvələd Çobanoğlu qəzetin baş redaktoru, Xədicə İsmayılova isə onun 1-ci müavini idi. Bir gün Şahvələd bəy məni qonşu otağa göndərdi ki, Xədicəyə deyim, 250 qram narkotikanı versin. Mən də mat-məəttəl Xədicə xanımın yanına gedib dedim ki, Şahvələd bəy 250 qram narkotikanı istəyir. Xədicə də tutuldu və qayıtdı ki, «bu nə deməkdi, bəyəm burda narkotika saxlayırsız?». Bir az-səs-küy oldu. Sonra məlum oldu ki, Şahvələd bəy «250 qram narkotika tutulub» başlıqlı yazını istəyirmiş ki, informasiya kimi qəzetin xəbər səhifəsinə yerləşdirsin. 

 

“Bu oğlan jurnalistdi, yoxsa aşıq?”

 

- Bir gün müsahibə götürmək üçün tanınmış şair, aşıq Zəlimxan Yaquba zəng etdim. Zəlimxan müəllim heç kimə müsahibə vermədiyini bildirdi. Onda mən də «şair, mənimki elə-belə müsahibə deyil, sazdı, sözdü, şeiriyyatdı» dedim. Bunu deyəndə Zəlimxan müəllim yumşalaraq, «ayə onda mənim adamımışsan ki» deyib razılıq verdi.  O, məni Milli Məclisin qarşısından maşını ilə götürüb evlərinə apardı. Müsahibə zamanı söhbət saz havalarından düşdü. Mən də saz havalarını yaxşı bildiyimi dedim. Bu dəm Zəlimxan müəllim sazını götürüb oxumağa başladı. O, qurtaranda mən də «şair bir sazı mənə də verin» dedim. Zəlimxan müəllim də təəccüblə sazı mənə uzatdı. Bu dəfə deyişmə başladı, mən dedim, Zəlimxan müəllim dedi, o dedi, mən dedim… Bir də gördük Zəlimxan Yaqubun xanımı ilə qızı qapını aaralayıb heyrətlə bizə baxırlar. Çünki bayaq evə girəndə şair məni jurnalist kimi təqdim etmişdi. Biz deyişməni qurtaranda Zəlimxan bəyin xanımı gülə-gülə soruşdu: «Ay Zəlimxan, bu oğlan jurnalistdi, yoxsa aşıq?». Şair tövrünü pozmadan «hansı yaxşıdır, ondandır» dedi. 

 

“Şahvələd Çobanoğlu ilə məni dəyişik saldılar”  

 

- «Gündəlik Azərbaycan» qəzetində işlədiyim vaxtlar idi. O vaxt İsmayıllı rayonunda veteranlardan biri rayonun icra hakimiyyətinin başçısının maşınını yandırmışdı. Mən də bu məsələni araşdırmaq üçün rayona ezam olunmuşdum. İsmayıllıda veteranlar ədəb-ərkanla məni qarşıladılar. Amma elə bildilər ki, Şahvələd Çobanoğluyam. Onu da qeyd edim ki, biz bir-birimizə oxşadığımızdan çox vaxt elə bilirlər ki, qardaşıq.  Heç mən də üstünü vurmadım. Orada olduğum müddətdə məni Şahvələd Çobanoğlu kimi qonaqlıqlara apardılar. Amma məni Bakıya yola salanda vicdanım qəbul etmədi və Şahvələd Çobanoğlu olmadığımı dedim. Onlar inanmadılar, axırda vəsiqəni göstərəndə inandılar. Şahvələd Çobanoğlu kimi qarşılansam da, Qabil Zimistanoğlu kimi yola salındım. 

 

Etibar Seyidağa, «Yeni Müsavat» qəzetinin müxbiri

 

Dəlixanadan qaçan jurnalist 

- «Günldəlik Azərbaycan» qəzetində işləyirdim. Gecə xəbər gəldi ki, metronun «28 May» stansiyasının yaxınlığında yerləşən Ruhi Əsəb Dispanserində yanğın baş verib. Mən də həmin gün növbətçi idim. Hadisə yerindən reportaj hazırlamaq üçün taksiyə oturdum və sürücüyə ““28 may»dakı dəlixanaya sür» dedim. Sürücü çevrilib mənə mat-mat baxdı və yenidən «hara gediriiik?»- deyə soruşdu. Mən də zarafatla cavab verdim:

- Səhər dəlixanadan qaçmışam, indi qayıdıram.

- Niyə qayıdırsan?

Başa düşdüm ki, sürücü hər şeyi ciddiyə alıb. Mən də hadisənin gedişini pozmadım.

- Dəlixanada yanğın baş verib, gedim görüm dostlarımın başına nə gəlib.

Sürücü kövrək səslə:

- Vallah, dəlisənsə də halal olsun sənə, bu dəqiqə ağıllı adamlar arasında dostlarına sadiq olanlar çox azdır.

Kişi avtomobili idarə etsə də, bir gözü məndə idi ki, birdən ona nəs edərəm. İki dəqiqə yol getmişdik ki, sürücü nə fikirləşdisə, maşını saxlayıb «qardaş, mənim təcili işim var, indi yadıma düşdü. Sən burda düş başqa taksi ilə get» dedi. Vəziyyətin «rusca» olduğunu görüb, kişiyə dəli deyil, jurnalist olduğumu açıqlamalı oldum. Əks təqdirdə, yanvarın ortasında, qışın oğlan çağında gecənin bir aləmi düşüb başqa taksi axtarmalı olacaqdım.       

 

«İqbal bəy, «priçoska»nızı kimə düzəltdirirsiniz?»

 

- Zülfiyyə Sakitqızının «Yeni Müsavat»da jurnalistikaya başladığı ilk vaxtlar idi. Planlaşdırmada Zülfiyyəyə mövzu verildi ki, tanınmış partiya liderlərinə, siyasətçilərə zəng edib, sual versin ki, «priçoska»larını konkret bir bərbərə düzəltdirirlər, yoxsa, onlar üçün fərqi yoxdur. Zülfiyyə də planlaşdırmadan sonra işə başladı. Müsahiblərinin səslərini diktafona yazdırdığından biz də eşidirdik. Bir də gördüm İqbal Ağazadəyə zəng edib sual verir ki, «İqbal bəy, «priçoska»nızı kimə düzəltdirirsiniz?». İqbal bəy də elə bildi ki, Zülfiyyə onunla zarafat edir. Soruşdu ki, «siz məni yaxından görmüsüz, yaxud şəklimə baxmısız?». Zülfiyyə də jurnalistikaya təzə başladığından siyasətçiləri o qədər də tanımırdı. Dedi ki, «şəklinizi görmüşəm, amma yadımda qalmamısız». İqbal Ağazadə də cavabında xanım həmkarımıza “mənim başımda saç var ki, “priçoska” da düzəldirim?” dedi.  

 

Zülfiyyə Quliyeva, «Mərkəz» qəzetinin əməkdaşı

 

“«Mərkəz»də mənə necə xoşgəldin elədilər…»

 

- Jurnalistikaya təzə gələn vaxtlarım idi. «Mərkəz» qəzetində kriminaldan yazırdım. Bir gün redaksiyanın telefonuna zəng gəldi, dəstəyi mənə uzatdılar ki “Binəqədi rayon Polis İdarəsindən səni soruşurlar”. Xəttin o başındakı şəxs özünü polis rəisi kimi təqdim edib qəzetdə çıxan informasiyamın yanlış olduğunu bildirdi və buna görə məni idarəyə dəvət etdi. Mən də «Vallah bilməmişik, üzr istəyirik. Məlumatı Daxili İşlər Nazirliyindən almışıq. Yəqin səhv olub» və s. sözlərlə “rəisin” ürəyini yumşaltmaq istəyirdim. Amma “polis rəisi” dediyinin üstündə duraraq israrla məni idarəyə çağırırdı. Jurnalistikaya təzə gəldiyimdən qorxudan bilmirdim neyləyəm. Axırda əlacım kəsildi və idarəyə getməyə razılıq verdim. Təzə olduğumdan heç ağlıma da gəlmədi ki, əslində səhv məlumata görə məsuliyyət mənim deyil, Daxili İşlər Nazirliyinin üzərinə düşür.

Elə redaksiyadan çıxmağa hazırlaşırdım ki, gördüm uşaqların hamısı gülə-gülə mən oturan otağa gəldilər. Deməyəsən, «Mərkəz»in as müxbiri Firudin Qədiroğlu redaksiyaya təzə gələn müxbirlərin hamısına belə «xoşgəldin» edirmiş…

 

Ləğv olunan qurumdan yazı 

- Bir il fasilə verdikdən sonra yenidən jurnalistikaya qayıtmışdım. Dərmanlarla bağlı yazı hazırlayırdım. Qeyd edim ki, əvvəllər də təxminən bu yöndə yazı hazırlamış və Apteklər İdarəsinin yetkililərinin də fikirlərini öyrənmişdim. Bu dəfə də belə etmək istədim. Amma iş gününün sonunacan 5-6 dəfə bu quruma zəng etsəm də, telefonun dəstəyini götürən olmadı. Apteklər İdarəsindəki məsul şəxslərin qarasınca xeyli deyindim ki, bu boyda idarədən bircə nəfər də olsa dəstəyi götürüb «alo» demir. Axırda naəlac qalıb yazıda sözügedən idarəni «söküb-yığdım». Üstəlik, idarəni məsuliyyətsizlikdə ittiham etdim ki, telefona cavab verən yoxdur. Apteklər İdarəsinin məsuliyyətsizliyini özündə ehtiva edən cümləni yazımın yarımbaşlığına da çıxartdım və qürrə ilə redaktora verdim. Üstündən az keçməmiş redaktor məni çağırdı ki, bəs Apteklər İdarəsi 1 il əvvəl ləğv olunub. Deməyəsən, mən jurnalistikaya fasilə verəndə sözügedən idarə də ləğv olunubmuş.  

 

Azər Nuriyev, «Kaspi» qəzetinin müxbiri

 

«BBC», yoxsa bibisi?

 

- «Azadinform»da işləyirdim. O vaxt Azərbaycan Milli İstiqlal Prtiyasının təbliğat-təşviqat məsələləri üzrə sədr müavini olan Məhərrəm Zülfüqarlı ilə danışıb informasiya almalı idim. Partiyaya zəng edib Məhərrəm müəllimi istədim. Bildirdilər ki, «BBC»nin tədbirinə gedib. Mən də elə başa düşdüm ki, bibisi rəhmətə getdiyindən onun cənazə törəninə gedib. Ədəb-ərkanla, «Allah rəhmət eləsin, axır qəmi olsun!» deyəndə xəttin o başındakı qız gülməyə başladı. Mən də pərt oldum və fikirləşdim ki, qızın başı xarab olub, söhbət insan taleyindən getdiyi halda, gülür. Sonradan o xanım məsələni başa saldı ki, söhbət BBC radiosundan gedir. Məni də gülmək tutdu. Yaxşı ki, bunu vaxtında bildim. Yoxsa Məhərrəm müəllimə də zəng edib başsağlığı verəcəkdim.     

 

Hazırladı: Lalə MUSAQIZI

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir