Modern.az

Ramil Səfərovdan daha bir xəbər

Ramil Səfərovdan daha bir xəbər

13 Aprel 2012, 12:22

Aprelin 14-də Gənclərə Yardım Fondunda AzeBookNet şəbəkəsinin və  "Idea Youth Club"-ın  dəstəyi ilə Budapeşt məhkəməsinin qərarı nəticəsində ömürlük həbs cəzasına məhkum olan Azərbaycan ordusunun zabiti Ramil Səfərovun növbəti tərcümə kitabı - “Pal küçəsinin oğlanları” əsərinin təqdimatı keçiriləcək. Tanınmış macar yazıçısı Ferens Molnarın dünya şöhrətli bu əsəri R.Səfərovun macar dilindən ana dilimizə sayca ikinci tərcüməsidir.

Ötən il “Ozan” nəşriyyatında işıq üzü görən kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Asif Rütəmlidir. Kitabın nəşr edilməsində isə “Azərbaycan bayrağı” ordenli xeyriyyəçi – Şahid Həbibullanın xüsusi köməyi olub.

Kitabı ictimaiyyətə yenidən tanıtmaq üçün AzeBookNet şəbəkəsi və "Idea Youth Club"-ın təşəbbüsü ilə keçirilən bu təqdimatda “Pal küçəsinin oğlanları” əsərinin satışı da təşkil olunacaq. Satışdan əldə olunan bütün məbləğ Ramil Səfərovun hesabına yatırılacaq. Toplanan vəsait müəllifin növbəti tərcümə kitablarının çap edilməsinə sərf ediləcək. Yalnız tədbir günü kitabın qiyməti 5 azn-dir.

Əsərin əhəmiyyətini kitabın girişində vurğulayan Ramil Səfərov bildirib ki, gənc məktəblilərin vətənpərvər ruhda tərbiyə olunması baxımından bu tərcümə əvəzsizdir: “Bir çox müştərək dəyərlərə sahib çıxan macar və Azərbaycan xalqının bir-birini daha da yaxından tanıması istiqamətində atılan addımlara bu tərcümə kiçik bir töhfə olacaq”.
Müəllif kitabı Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun, “İgidliyə görə” medalı ilə təltif edilən Əhməd Abdullayevin, Fərid Əhmədovun, eləcə də Qarabağ savaşında həlak olan bütün şəhidlərin əziz xatirəsinə ithaf edib.

Xatırladaq ki, əsərin qəhrəmanları Pal küçəsinin dəstəsinin üzvləridir. Digər dəstə - qarmızıköynəklilər isə ümumilikdə mənfi obrazları təmsil edir. Uşaq ədəbiyyatının ən önəmli məqsədlərindən biri olan tərbiyə etmə funksiyası gənc Ferens Molnarın qələmində çox uğurlu alınıb. Yazıçı bu əsərdə dünyanın harasında yaşamağından asılı olmayaraq, bütün uşaqlara xas olan davranış qaydalarını bədii  cəhətdən mükəmməl biçimdə əks etdirə bilib.

Onu da əlavə edək ki, görkəmli macar yazıçısı F.Molnar Avropada sevilə-sevilə oxunan bir sıra məşhur əsərlərin müəllifidir. Müəllifə ən çox populyarlıq qazandıran isə onun məhz bu kitabı olub.

“Pal küçəsinin oğlanları” müxtəlif nəsillərdən olan macar oxucularının masaüstü kitabıdır. Qəhrəmanlıq və vətənpərvərlik hissləri ilə zəngin olan bu kitab bu günə qədər iyirmiyə dilə tərcümə edilib. Müxtəlif ölkələrdə dəfələrlə nəşr olunub. Əsərin ssenarisi əsasında dörd film çəkilib. Sonuncu dəfə Macarıstanla ABŞ-ın birlikdə çəkdiyi film isə XI "Oskar" mükafatına layiq görülüb.

2006-cı ildə Macarıstanda keçirilən sorğunun nəticəsində “Pal küçəsinin oğlanları” macar ədəbiyyatının 3 ən yaxşı romanından biri seçilir. 2007-ci ildə isə romanın nəşrinin 100 illik yubileyi münasibəti ilə Budapeştin mərkəzində əsərin qəhrəmanlarının heykəli qoyulur.

Qeyd edək ki, Azərbaycan ordusunun zabiti Ramil Səfərov macar ədəbiyyatını orijinaldan ana dilimizə tərcümə edən ilk müəllifdir.  Onun macar dilindən tərcümə etdiyi ilk kitabı isə tanınmış macar yazıçısı Maqda Sabonun (1917-2007) “Qapı” romanı olub. Səfərov kitabı 2009-cu ilin oktyabrında dünyasını dəyişmiş anası Nübar xanımın xatirəsinə ithaf edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu