Modern.az

Azərbaycanda devalvasiya gözlənilmir, inflyasiya isə cüzi olacaq - EKSPERT

Azərbaycanda devalvasiya gözlənilmir, inflyasiya isə cüzi olacaq - EKSPERT

İqtisadiyyat

3 Mart 2020, 15:38

“Qlobal iqtisadi artım bu il 2,9 faiz proqnozlaşdırıldığı halda, koronovirusun təsiri ilə bu göstərici 2 dəfəyə qədər azalaraq 1,5 faiz olacaq”.

 

Modern.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

İcraçı direktor koronavirusun psixoloji və iqtisadi təsirləri dünyada artıq pandemiya həddinə çatdığını da vurğulayıb:

“Koronavirusun özü də olmasa, onun psixoloji və iqtisadi təsirləri dünyada artıq pandemiya həddinə çatıb. Əsas zərbə virusun mənbəyi hesab olunan Çinə dəyib. Bu ölkədə ÜDM artımı ötən il 6,1 faiz  olduğu halda, 2020-ci ilin birinci rübündə 5 faizdən də aşağı qeydə alınacaq. Lakin ikinci rübdə tempin artacağı da gözlənilir. “Morgan Stanley” şirkətinin proqnozlarına görə virusun qarşısının alınması çevikliyindən aslı olaraq Çində ÜDM-in artımı bütünlükdə  2020-ci il üçün müvafiq olaraq 5,6 – 5,9 faiz intervalında dəyişəcək”.

 

Epidemiyanın Azərbaycan iqtisadiyyatına da təsirindən danışan V.Qasımlı ciddi inflyasiyanın olmayacağını qeyd edib:

“Neftin qiymətinin hər barelə görə   1 ABŞ dolları dəyişməsi cari əməliyyatlar hesabımıza illik təxminən 250 milyon ABŞ dolları təsir edir. Azərbaycan neftin hətta hər barel üçün 30 dollardan da aşağı həddinə immunitet qazanıb. Özü də 2015-ci ildə neft qiymətləri üç dəfədən çox azalıb. Hazırda belə kəskin azalma mümkün görünmür. Üstəlik hökümət, biznes və əhali neftin qiymət oynamalarına qarşı institutsional və psixoloji baxımdan daha hazırlıqlıdır. İndiki halda deyim ki, biz hətta neftin 40-45 dollar qiymətində də cari hesablar balansının tarazlığını qoruya bilərik. Bu da həm ciddi inflyasiya təhdidi, həm də manatın məzənnəsi yəni devalvasiya ilə bağlı narahatlığın olmadığını göstərir. Bu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 1,8 milyard manat, xərcləri isə 1,4 milyard manat təşkil edib. Gördüyünüz kimi büdcədə ilk ayda nəinki kəsir, hətta 400 milyon manatdan çox profisit yaranıb. Bu ilin yanvar-fevral aylarında vergi və gömrük orqanlarının operativ məlumatları da onu göstərir ki, proqnozdan artıq vəsait büdcəyə mədaxil edilir. Nəzərə almaq lazımdır ki, bu ilin ilk iki ayında neft qiymətləri ortalama hər barel üçün 60 dolların üstündə olub. Bu hesaba həm Mərkəzi Bankın, həm də SOFAZ-ın ehtiyatları artıb. Təkcə bu ilin yanvar-fevral aylarında Mərkəzi Bankın rezervləri 243 milyon manat çoxalıb. Beləliklə, bu il ərzində proqnozdan əlavə yaranmış ehtiyatlar bundan sonra neftin qiymətinin proqnozdan aşağı olacağı bir neçə ay ərzində itkiləri kompensasiya edə bilər”. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır