Modern.az

“FES-in qərarının manatın məzənnəsinə birbaşa təsiri yoxdur” - Natiq Cəfərli

“FES-in qərarının manatın məzənnəsinə birbaşa təsiri yoxdur” - Natiq Cəfərli

İqtisadiyyat

4 Mart 2020, 14:46

ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) koronavirusun yayılması fonunda faiz dərəcəsini gözlənilmədən 1,5-1,75%-dən 1-1,25%-ə endirilməsilə bağlı qərar qəbul edib.

 

İqtisadçı Natiq Cəfərli Modern.az-a açıqlamasında bildirib ki, əslində FES-in 0,25 faiz dərəcəsində dəyişikliyə gedəcəyi müzakirə edilirdi:

 

“Bazarlar və birjalar məhz buna hazırlaşırdı. Amma koronavirusun gətirdiyi iqtisadi aktivliyin zəifləməsi effekti Federal Ehtiyat Sistemini daha radikal addımlar atmağa vadar etdi. Çünki dünya iqtisadiyyatında ciddi zəifləmə baş verir. Çindən başlayan və bir çox ölkələrə yayılan koronavirus dünya iqtisadiyyatında axsamalara gtirib çıxarıb. Dünya iqtisadiyyatının aktivliyi son 1 ayda 0,4 faiz aşağı düşüb. Ona görə də FES-in atdığı bu addım bazarlara əlavə stimul, likvidlik vermək, kredit faizlərini aşağı çəkmək, iqtisadi aktivliyi artırmaq üçün atılmış addımdır. Qərar dünyada dollar indeksinin ucuzlaşması ilə müşahidə olunur. Çünki Amerika ixracatçı ölkə olduğu üçün bu ölkənin iqtisadiyyatına əlavə stimul verir və ixracatı artıran amilə çevrilir. Bu baxımdan FES-in atdığı addımın dünya iqtisadiyyatına təsirləri olacaq”.

 

Azərbaycana gəldikdə, ekspert deyib ki, bizdə Mərkəzi Bankın özünün də elan etdiyi kimi, məzənnə inzibati qaydada tənzimləndir:

 

“Artıq 2 ildir ki, manatın məzənnəsi sabitdir. Ona görə də FES-in qərarının bizə birbaşa təsirləri yoxdur. Manatın məzənnəsi bazar qaydaları ilə müəyyən edilmədiyinə, “üzən məzənnə” rejimi tarixə qovuşduğuna görə, Mərkəzi Bankın da etiraf etdiyi kimi Azərbaycanda “üzən məzənnə” rejimi olmayıb. Ona görə də FES-in qərarının birbaşa yox, dolayı təsirləri gözlənilir. Bizim əsas satdığımız məhsul neftdir ki, o da dollarla satılır. Dünyada dolların ucuzlaşması, eyni zamanda neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına o qədər də müsbət təsir etmir. Çünki ixracatımızın 90 faizi neft, neft məhsulları və təbii qaz olduğundan və bunlar da dollarla satıldığından əldə etdiyimiz dolların alıcılıq qabiliyyəti, məzənnəsi düşür”.

 

 

İqtisadçı növbəti iclasda FES-in hansı qərar verəcəyilə bağlı proqnozlarını da səsləndirib:

“Mən FES rəhbərinin çıxışını diqqətlə dinlədim. Bu fikilərdən belə aydın oldu ki, onlar dünya bazarlarını yaxından izləyəcəklər. Əgər koronavirusla bağlı vəziyyət pandemiya halı alacaqsa və getdikcə daha çox ölkəyə yayılacaqsa, iqtisadiyyatda daha da zəifləmələr müşahidə ediləcəksə, ən azı uçot dərəcisini 0,25 faizlik endirmə ehtimalı var. Amma növbəti iclas 45 gün sonra olacaq. Düşünürəm ki, həmin iclasda daha çox gözləmə mövqeyi tuatacaqlar və ondan 90 gün sonra baş tutacaq iclasda növbəti faiz endiriminin şahidi ola bilərik”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir