Modern.az

Gənclərin inkişafı naminə

Gənclərin inkişafı naminə

2 Aprel 2012, 11:17

(Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Azərbaycanda yaradıcı gənclərin formalaşması” mövzusunda yazılıb)

Gənclər idarə olunmamalıdır

Gənclik insanın problemlərlə rastlaşdığı və bunların həlli sayəsində inkişaf etdiyi bir dövrdür. Mən deyərdim ki, gənclik illəri insanın bütün həyati taleyini həll edir. Bu dövrdə onun necə hərəkət etməsi, necə düşünməsi, düşüncələrini formalaşdırmaq üçün ona gərək olan informasiyaların asan əldə etmək imkanı, əqidəsinin bütünləşməsi üçün ona təqdim olunan alternativ düşüncə tərzləri böyük önəm daşıyır. GƏNCLƏR İDARƏ OLUNMAMALIDIR. Bizə özümüzü idarə etmək üçün şərait yaradılmalıdır. Biz özümüzü idarə etməklə “mən”imizi üzə çıxara bilərik. Gənclərin formalaşması üçün istər yaradıcı sahədə, istər adminstativ sahədə onlara liderlik imkanı verilməlidir. Qurumlarda, cəmiyyətdə gənclər önə çəkilməlidir. Liderliyi orta və ya yaşlı nəsil səlahiyyət kimi qiymətləndirsə də, bu heç də belə deyil. Səlahiyyətlər insanlara verilən vəzifə məsuliyyətini öhdələrinə götürüb, onları həll etmək üçün yaradılan imkanlardır. Məsuliyyət yoxdursa, səlahiyyət də yoxdur. Ümumölkə mütəmadi inkişaf istəyirsə, keçmiş uğurları ilə kifayətlənməməlidir. Bugünkü inkişafı isə gənclər daha yaxşı bilir. Konservativ metodlar qismən uğurlu olsa da, rəqabətdə uduzur. Metodlar konservativ olduğu kimi, onları tətbiq edənlərin əksəriyyəti də konservativ düşüncəlidir. Yeniliyə tolerant deyillər. Pensiya sistemində əsaslı dəyişiklik edib, müavinətlərin məbləğini artırmaqla əhalinin sosial durumunu yaxşılaşdırmalı, yaşlı nəsl təmtəraqla “kreslo”dan durub öz yerini gənclərə verməlidir. İnkişaf etmək, formalaşmaq üçün təcrübə keçməlisən. Təcrübə...

Yaradıcı gənc...jurnalist...təcrübə!

Yaradıcı işlə məşğul olan jurnalist tələbələrin təcrübə keçməsindən danışım. Reallıqlarla. Bu təcrübə dövrü düzgün sistemləşdirilməyib. Həm bunun yay tətilində olması, həm də gedişatdakı detallar. Mediaya azacıq aidiyyatı olan hər bir insan bilir ki, yayda bir çox qurumlar fəaliiyətini müvəqqəti dayandırır. Və informasiya qıtlığı yaranır. Belə bir zamanda isə təcrübədən mənimsəniləsi çox az bilgi qalır. Əgər təcrübə keçsən...

Təcrübə dövrü dərs vaxtına keçirilməlidir ki,praktikantlara nəzarət etmək, onlarla ünsiyyətdə olub istiqamət vermək asanlaşsın. Bunu 1-ci və 2-ci növbə dərs sistemlərində təcrübə ilə yerini dəyişməklə həyata keçirmək olar. Yəni, birinci növbə tədris olunan tələbələr dərsdən sonra-ikinci növbə, həmçünin ikinci növbənin tələbələri də bunun əksinə təcrübə keçsinlər.

Universitetlərin təcrübə sistemi isə “xahiş”lə həyata keçirilir. Tələbənin praktika keçməli olduğu quruma heç bir  məbləğ ödənilmir. Təbii ki, bunun əvəzində həmin qurum tələbəni “yola verir”. İlk gün tanışlıqdan sonra “sizin bura gəlməyinizə ehtiyac yoxdu, xasiyyətnaməni biz verəcəyik, heç bir problem olmayacaq” sözləri ilə praktikantları yola salırlar. Bu mədəni versiyadı. Amma bizi təcrübə keçmək üçün ATV telekanalına göndərsələr də, 5 gün sonra ordan qovulduq və universitet rəhbərliyi onlara heç bir söz deyə bilmədi. Çünki, rəsmi müqavilə yox idi.

Bəs niyə tələbənin təcrübə keçməsi üçün həmin qurumlarla müqavilə bağlanmır? Niyə onlara pul ödənmir? Niyə gənclər məhv edilir? Yenə qayıtdıq səlahiyyət-məsuliyyət məsələsinə. Məncə, bu “niyə”lərin bir obyektiv səbəbi də var: 2012-ci ildə dövlət büdcəsindən ayrılan vəsaitlərə nəzər yetirsək görərik ki, Təhsil və elm sahəsinə 214.1 milyon manat, Nəqliyyat sektoruna 2.766 milyard manat, Su təminatı və irriqasiya 1.757 milyard manat pul ayrılıb. Rəqəmlər özü hər şeyi deyir, şərhə ehtiyac yoxdur. Yaradıcı gənclərin formalaşması üçün təhsilə ayrılan pulun miqdarı artırılmalı, pulun xərclənməsinə nəzarət gücləndirilməli, təhsilin keyfiyyət səviyyəsi yüksəldirilməlidir. Reallıqları müşahidə edəndə və Təhsil naziri Misir Mərdanovun açıqlamalarına da nəzər yetirəndə görürük ki, Azərbaycanda müəllimlərin əmək haqqları hələ də qənaətbəxş deyil. Belə olanda, müəllim sosial və maddi problemlərini həll etmək üçün digər işlərlə məşğul olmağa məcbur olur. Bu da onun enerjisini,biliyini tam olaraq şagirdlərə sərf etməsinə mane olur.

Xammal var, amma istehsal etmək problemdir

Digər yaradıcı gənclərimiz olan yazar və şairlər. Azərbaycan Yazıçılar Birliyi mümkün qədər gəncləri öz ətrafında birləşdirməyə çalışır. Gənclərin bu sahədə peşəkarlaşması üçün nələrsə edilir. Gənclər yazır. Xammal var, amma istehsal etmək problemdir. Maddi durum imkan vermir. Bunu biraz araşdırdım, bir səbəb budur: Azərbaycanda kitab çapına qoyulan Əlavə Dəyər Vergisi 18% təşkil edir. Moldova, Tacikistan və Gürcüstanda kitabın dəyərinə qoyulan vergi dərəcəsi 0%-dir. Niderlandda 6%, , Tacikistan və Gürcüstanda kitabın dəyərinə qoyulan vergi dərəcəsi 0%-dir. Niderlandda 6%, Macarıstan, Litva, İspaniya, İtaliya, Almaniyada - 4%, Böyük Britaniya, İrlandiya, Norveç, Kiprdə 0%-dir. Saytlarda axtarış edib bu mövzunu mümkün qədər detallarıyla maraqlandım. Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli bildirib ki, Azərbaycanda kitaba qoyulan ƏDV-nin belə yüksək olmasının səbəbi ölkəyə gətirilən kağızla bağlıdır. İdxal olunan kağıza gömrükdə yüksək vergi tətbiq olunur, bu da kağızın satışında və kitabın ərsəyə gəlməsində özünü büruzə verir. Gürcüstanda kitab üzərində heç bir vergi yoxdur. Ümumiyyətlə, qonşu ölkəyə kitabla bağlı nə material daxil olursa, rüsumlardan və vergilərdən azaddır. Həmçinin ölkədə kitabın satışı, istehsalı vergilərdən azaddır. Bununla yanaşı, bizdə kitab satışı xidmətləri nəşriyyatlardan ayrıdır. Həmçinin, onlar da vergi ödəyicisidir. Beləliklə, nəşriyyatlar kitabın istehsal dəyərinin üzərinə 18% ƏDV əlavə edib, satış xidmətlərinə verir, onlar da öz növbəsində 18% ƏDV üzərinə gələrək kitabı satışa çıxarırlar. Bura onların qazancını da əlavə etsək, kitaba qoyulan qiymət onun ilkin istehsal dəyərinin təxminən yarısına bərabər olur. Bu tip maddi problemlər Azərbaycanda yaradıcı gənclərin formalaşmasına maneə olur. Təklif edirəm ki, ölkəyə kitabla bağlı idxal olunan materialların gömrük və vergi dəyəri azaldılsın, mümkünsə ləğv olunsun. Bu prinsip təkcə bədii sahə deyil, həm də Azərbaycanda formalaşmaqda olan texniki sahədə çalışan gənclərin təmin olunması üçün zəruri olan materialların idxalında keçərli olsun.

İnternet gənclər üçün stimuldur

Mən konkret 2 mözvunu qismən təhlil edib, maneələri və təkliflərimi açıqladım.  Ölkədə son illərə nəzər saldıqda internetin ümumölkə ərazisində yayılması, sürət və keyfiyyətinin artırılması istiqamətində çoxlu işlər görülür. Amma bunlar müasir dünya ilə müqayisədə çox azdır. Azərbaycanda internetin vahid şəbəkə - Delta Telekomdan idarə olunması həm monopoliya, həm də istifadə zamanı tıxac yaradır. Paytaxtda hətta, 2MB/s sürət paketini test edərkən 1MB/s-ə yaxın göstərici əldə etmək olur. Alternativlər həmişə inkişafa istiqamətlənir və tempi artırır. Azərbaycanda internetin ölkəyə yayılması hələ əhalinin ondan səmərəli istifadə etməsi demək deyil. Bunun üçün televiziyalarda sosial reklam çarxları yayımlanmalı, insanların faydalı istifadə etməsi üçün maarifləndirmək lazımdır. Bu gün internet bütün dünyanı özündə birləşdirir. İnternetə çıxış əldə etmək bütün dünyanı mənimsəməkdir. Bütün dünyanı – zərərləri və xeyirləri ilə birlikdə. Və bu yeni bilgilər əldə etmək deməkdir. Yaradıcı gənclərin formalaşması üçün internet stimuldur. Bir neçə dəqiqə ərzində istənilən mövzuda xeyli material əldə etmək imkanıdır. İnsanların internetə çıxışı maksimum rahat və sərfəli olmalıdır. Azərbaycanda bir neçə dəfə internetdən istifadə üçün qiymətlər endirilsə də, bu sahədə yenə də işlər görülməli, qiymət aşağı salınmalı, keyfiyyət artırılmalı, alternativlər yaradılmalıdır. Iqtisadiyyatda alternativ rəqabətə əsaslanır, rəqabət isə inkişafa.

Azərbaycanda bütün gənclərin formalaşması üçün onların maariflənməsi və sosial tərbiyəni mənimsəməsi gərəkdir. Bu isə ailədən başlayaraq, orta məktəb, ali məktəb, iş və s. insanın mühitindən asılıdır. Cəmiyyəti qadınlar – daha doğrusu Analar formalaşdırır. Çünki, cəmiyyəti – fərdləri onlar böyüdür, tərbiyə edir, maarifləndirir, formalaşdırır. Hər şey onlardan asılıdır...

Murad Əhməd
Bakı Dövlət Universiteti,
Jurnalistika fakültəsi

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı