Modern.az

“Onun əleyhinə danışanlar tövbə etməlidirlər” - Rəsulzadənin dəfnindən  “reportaj”

“Onun əleyhinə danışanlar tövbə etməlidirlər” - Rəsulzadənin dəfnindən  “reportaj”

6 Mart 2020, 14:26

Bu gün böyük dövlət xadimi, Azərbaycan Cümhuriyyətinin yaradıcılarından olan Məhəmməd Əmin Rəsulzadənin vəfatından 65 il ötür. (06.03.1955)

 

Modern.az AzEdu.az-a istinadən bu münasibətlə Rəsulzadədən, daha doğrusu, onun bu dünyadakı son günündən hazırladığı yazını təqdim edir:

 

Rəsulzadə son nəfəsinədək Azərbaycan adlanan bir ailənin uğrunda vuruşdu. Özü ilə bərabər, ailəsini də bu mücadiləyə qurban etdi. 1955-ci ilin martında son nəfəsində üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan!” deyərək dünyasını dəyişəndə ailəsindən yalnız kiçik övladı Azər qalmışdı….

 

Həmin o mart gücəsində son nəfəsində oğlu Rəsulun günahsız yerə güllələnməsi xəbərini alarkən sarsılması, həyat yoldaşı Ümbülbanu xanımın, qızı Xalidənin, oğlu Azərin, analığı Maral ananın sürgün olunması xəbərini, Maral ananın, ömür-gün yoldaşı, əmisi qızı Ümbülbanu xanımın ölüm xəbərlərini eşidərkən, üç ildən sonra böyük qızı Lətifənin körpə uşağı Evşənlə birlikdə soyuqdan donub ölmələri xəbərini öyrənərkən yaşadığı dəhşətləri yenidən göz önünə gətirdi. Amma yenə də canını və ömrünü fəda etdiyi böyük Ailə- Azırbaycan gəlib gözlərinin qarşısında dayandı və 3 dəfə ard-arda o kəlməni söylədi. 

 

Daha sonra isə xırıltı…

 

Ankara radiosu 1955-ci ilin martın 7-də saat 22:45-də M. Ə. Rəsulzadənin vəfatı xəbərini bütün dünyaya yaydı. Martın 8-də Ankaranın Hacı Bayram camisində M.Ə. Rəsulzadənin dostları onun tabutu başında fəxri qarovulda dayandılar.

 

Dəfndə ilk sözü Əbdülvahab Yurdsevər söylədi: “Əziz qardaşlarım! Bu gün son yarım əsrlik türk tarixinin ən böyük, ən nurlu simalarından birini torpağa təslim edirik. Məhəmməd Əmin Rəsulzadə əlli ildən çox siyasi, ictimai, elmi, ədəbi çalışmaları, türklük və Azərbaycan istiqlalı uğrundakı qəhrəmanca savaşları ilə bu yüksək ünvana və şanlı mərtəbəyə çatmışdır. Emin bəy türk ulusunun qurtuluş yolunu təşkilatlandıran, parlaq bir istiqbala doğru götürənlərdən biridir. Onun adı şanlı bir mübarizə simvoludur. Onun həyatı sönməz bir məşəldir. Onun yolu istiqbal və zəfər yoludur”.

 

Daha sonra isə Əhməd Cəfəroğlu çıxış edib: “Vücudunu bir gün göz yaşları içində Anadolunun əziz torpaqlarına əmanət etdiyimiz böyük ustad Məhəmməd Əmin Rəsulzadə milli hürriyyət və istiqlal uğrunda əlli ildən bəri şanla və şərəflə apardığı çətin mübarizə yoluna gənc yaşlarında Bakıdan başlayaraq Tehranda və İstanbulda eyni şövq və həyəcanla davam etmiş, hadisələrin seyrinə təkrar Azərbaycana dönmüş, orada yandırdığı müqəddəs qurtuluş məşəlini 1917-ci ildə Moskvada toplanan türk və müsəlman nümayəndələrinin tarixi qurultayına qədər götürmüş, orada inam ilə qəlbləri tutuşdurmuş, dönüşündə Azərbaycanın rus zülmündən qurtuluşunda və istiqlalını elan edilişində baş rol oynamış, bolşevik istilasından sonra yenə yurdunu tərkə məcbur qalaraq Avropa məmləkətlərinə çıxmış... Nə şərəfli bir həyat!”.

 

Mirzə Bala Məmmədzadənin çıxışından: “Milliyyətçi, istiqlalçı, demokrat və inqilabçı Rəsulzadə “İnsanlara hürriyyət, millətlərə istiqlal!” ,– deyə dünyaya göz açdı və yenə “İnsanlara hürriyyət, millətlərə istiqlal!”,– deyə həyata göz yumdu. O, prinsipə sədaqətin, məfkurəyə bağlılığın və bu yolda fədakarlıq, əzm və səbatın da timsalı idi. Çünki o, tam mənası ilə fəzilət sahibi, kamil bir insan idi”.

 

Professor Zəki Vəlidi Toğanın çıxışından: “Əgər bu mühit əzizləri seçən bir mühit olsaydı, mən mərhum Emin bəyin əziz olaraq seçilməsinə rəy verərdim. Bu günə qədər onun əleyhinə olanlar tövbə etməlidirlər. Yoxsa Allah günahlarını bağışlamaz! Emin bəyi öldükdən sonra da yaşatmaq üçün azərbaycanlılar onun yolunu davam etdirməlidirlər!”.

 

Son söz üçün

 

Rəsulzadənin Ankaranın Əsri qəbristanlığındakı məzarı belə uzun illər kimlər üçünsə təhlükəli oldu. Amma Rəsulzadə irsinin araşdırıcısı Nəsiman Yaqublunun danışdığı bir əhvalat bu məzarın belə, nə qədər Azərbaycan fədaisi olmasına əyani sübutdur:

 

“Ankaradan çıxan günü Əsri məzarıstanlığına - Məhəmməd Əmin Rəsulzadənin məzarı ilə vidalaşmağa getdim. Məzarın yanında dolanarkən qəfildən bir qoca yaxınlaşdı mənə. Sorğusuz, sualsız sözə başladı.

 

- Kecən il bu vaxtlar (yəni 1990-cı ilin yanvar ayı ) məzarıstanlığa gəlmişdim. Elə bu qəbrin yanından birdən inilti səsi eşitdim. Yaxınlaşıb bir az da diqqətlə qulaq asdım. Yanılmamışdım, səs bu qəbirdən gəlirdi. Ağrılı, şikayətli bir inilti səsi idi. Mən xoflanıb bu qəbirdən uzaqlaşdım. Bir müddət özümə gələ bilmədim. Əhvalatı kimə danışdımsa, inanmadılar. Dedilər, səni qara basıb. Amma məni qətiyyən qara basmırdı. O qəbirdən inilti səsi gəlirdi:

 

Qəribə heyrət icində qocadan soruşdum:

 

- Siz kecən il yanvarın neçəsində olmuşdunuz burada?

 

Qoca dedi:

 

- Ayın ya on doqquzu idi, ya da iyirmisi. Çünki mən belə vaxt gəlib yaxın adamımın qəbrini ziyarət edirəm. Amma indiki kimi o səs yadımdadır. Qəbirdən ağrılı, şikayətli bir inilti səsi eşidilirdi.

 

Qoca bu sozləri deyib çıxıb getdi. Mən isə acı bir həqiqətin ağrısına bürünərək Ankaranın Əsri məzarıstanlığında, onun qəbri yanında donub qalmışdım. Və dərdli-dərdli düşünürdüm: Demək, ayın 20-si günü o qanlı yanvarda xalqımızın günahsız qanı axıdılanda qəbirdə rahatlıq tapmamısan. İgid oğullarımız düşmən gulləsinə nahaqdan hədəf tutulanda dozə bilməyib soyuq məzarda inildəmisən. Qeyrətli cavanlarımız al qan içində çırpınanda, analar ağı deyib fəryad qoparanda dayana bilməmisən, ağlayıb şikayətlənmisən”.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi