Modern.az

Tərtərli jurnalistlər: “Tərtər yaddan çıxmış, unudulmuş rayondur”

Tərtərli jurnalistlər: “Tərtər yaddan çıxmış, unudulmuş rayondur”

14 Aprel 2012, 12:45


Modern.az saytının “Doğulduğu bölgələr jurnalistlərin gözü ilə” adlı layihəsi davam edir. Bu dəfə Tərtərdən olan jurnalistlər rayonun sosial-iqtisadi vəziyyətini, əhalinin yaşayış tərzini, təhsil və səhiyyə sistemini necə qiymətləndirdikləri barədə fikirlərini bizimlə bölüşüblər.

“Məktəblərdə müəllimlərdən pul yığılır”

“Yeni Musavat” qəzetinin əməkdaşı Kənan Rövşənoğlu Tərtər rayonunun sosial-iqtisadi vəziyyətinin o qədər də yaxşı olmadığını deyir. Onun sözlərinə görə rayonda xeyli sayda qaçqın və məcburi köçkün yerləşdirilib.
“Eyni zamanda ərazilərinin bir hissəsi atəş altında olduğu üçün istifadə oluna bilmir. Bu isə sovet dövründən onsuz da kasıb olan rayonda sosial vəziyyətin daha da ağır olmasına gətirib”.

Həmkarımızın sözlərinə görə, rayonda mövcud müəssisələrin əksəriyyətinin işləmir  və ya qismən çalışır. Məhz bu səbəbdən sakinlərin çox hissəsi Rusiyaya, MDB ölkələrinə və ya Bakıya köçüb.  

Ancaq K.Rövşənoğlu son dövrlər rayonun sosial iqtisadi vəziyyətində müəyyən qədər canlanma olduğunu bildirir.

“Əhali əsasən əkinçilik və maldarlıqla məşğul olur. Bildiyiniz kimi, hər iki sahə Azərbaycanda çox zəifləyib. Əhali müəyyən qədər əkinçiliklə məşğul olsa da, sakinlərin çoxu torpaqlarını əkib becərə bilmir”.

Müsahibimiz Tərtərdə ən ciddi problemin su çatışmazlığı olduğunu deyir. Onun sözlərinə görə, sovet dövründə əksər kəndlərdə içməli su ya pulla alınır, ya da maşınla gətizdirilirdi.

“İndi isə vəziyyət daha pisdir və əkin üçün lazımı su tapılmır. Bildiyim qədər son zamanlar bir sıra kəndlərdə artezian quyuları qazılır. Amma kəndlərin çoxu hələ də içməli suyu pulla alır, ya da əllə daşıyır.

Bundan başqa, mavi yanacaq rayonun əsas kəndlərinə çəkilməyib. İşıq isə bizim kənddə hələ də fasilələrlə verilir”.

Təhsil və səhiyyəyə gəlincə, həmsöhbətimiz bu barədə detallı danışmağa gərək duymur. “Bunun üçün illik qəbul siyahısına baxmaq kifayətdir. Bu gün rayon Təhsil Şöbəsi bütün məktəblərdə müəllimlərdən hər ay pul yığır”.

Sonda Kənan Rövşənoğlu rayonun icra başçısı və deputatın fəaliyyətini qiymətləndirib.

“İcra başçısı yeni təyin olunub. Əvəllər icra başçıları iclas keçirib camaatı dinləyirdilər. Amma indiki haqqında bilgim yoxdur. Deputata gəlincə isə bizdə camaat deputatı seçkidən-seçkiyə görür. Tərtər yaddan çıxmış, unudulmuş rayondur”.

“Tərtərin kommunal sahədə problemi çoxdur”

“Kaspi” qəzetinin əməkdaşı Elgün Mənsimov hazırda Tərtərdə yaşamasa da, uşaqlığı və məktəb illəri orada keçib. Jurnalist bu yaxınlarda bir neçə günlüyə rayona gedərkən Tərtətin xeyli dəyişdiyinin şahidi olduğunu deyir.

“Yeni avtovağzal kompleksi, yolların təmiri və işıqlandırılması, süd zavodu və s. rayonun inkişafının göstəriciləridir. Amma, çox təəssüf ki, bu inkişaf rayon mərkəzindən kəndlərə doğru irəlilədikcə yox olur. Kənd yolları bərbaddır. 3-4 il əvvəl gördüyüm kəndlərin heç nəyi dəyişməyib. Məsələn, mənim doğulduğum Dəmirçilər kəndində nə qaz, nə də rabitə xətti var. Eləcə də ətraf kəndlərdə bu, müşahidə edilir”.

Müsahibimizin sözlərinə görə rayonda mövcud problemlərdən biri qocaların pensiya pullarını bankomatdan götürə bilməmələridir. Onun sözlərinə görə ahıl yaşda olanlar pensiya pullarını götürmək üçün rayon mərkəzinə üz tutmalı olurlar.

“Ümumilikdə isə Tərtər əhalisinin yaşayış tərzi əvvəlki illərlə müqayisədə xeyli düzəlib. Qeyd etdiyim kimi, bir neçə yeni iş yeri açılıb, bundan əlavə fərdi təsərrüfat sahiblərinə müəyyən kompensasiyalar verilib”.

E.Mənsimovun sözlərinə görə, əhalinin əsas dolanışıq mənbəyi əkinçilikdir, ikinci yerdə isə maldarlıq dayanır. “Kənd yerlərinin 100 faizlik gəliri demək olar ki, kənd təsərrüfatından gəlir. Əkin sahələrində əsasən otlaqlar-yonca, taxıl zəmiləri, qarğıdalı, pambıq, soya və s. əkilir”.

Jurnalist rayonun kommunal sahədə çatışmazlıqlarının çox olduğunu deyir. Bu sahədə yeganə müsbət qiymətləndiriləsi cəhət bütün rayon ərazisinin hamısının, yəni yaşayış olan yerlərin elektrik enerjisi ilə təmin olunmasıdır.

“Digər məsələlər - qaz, su, zibil daşınması və rabitə rayon mərkəzindən fərqli olaraq kəndlərdə problem olaraq qalır. Düzdür, bəzi şəhərə yaxın kəndlərdə bu problemlər həllini tapsa da, bir çox uzaq kəndlərdə elə deyil. Bir məqamı da deyim ki, rayonda elektrik enerjisinə çox yaxşı qənaət edilir. Bunu adi fərdi evlərdə də müşahidə etmək olar. Çünki gecə kəndə gəzməyə çıxarkən heç yerdə lazımsız lampa yandığını görmürsən”.

Təhsilin keyfiyyətinə gəldikdə isə jurnalist vəziyyətin elə də ürəkaçan olmadığını deyir. “Düzdür, rayonun hər il xeyli sayda universitetə girən məzunları olur. Amma yüksək balla girənlər çox azdır.
Bu o demək deyil ki, orada oxumaq istəyənlər azdır, xeyr, sadəcə olaraq peşəkar müəllimlər yoxdur. Müəllimlər savadlı olsa da, hazırlıq metodunu bilmirlər. Elə dədə-baba üsulu ilə hazırlayırlar. Bu da hazırkı TQDK tələblərinə cavab vermir. Ona görə də oxumaq istəyənlər 300-400 balı çox az hallarda keçirlər”.

Elgün Mənsimov Tərtərin yeni təyin olunmuş icra başçısının fəaliyyəti haqqında məlumatının az olduğunu qeyd edib. Amma o köhnə icra başçısının işlərindən ağız dolusu danışıb.

“Tərtərin əvvəlki icra başçısı Vidadi İsayev idi. Bu yaxınlarda onu Bərdə rayonuna təyin etdilər. Bunu deməkdə məqsədim onun fəaliyyətini müsbət qiymətləndirməyimdir.
Güman edirəm ki, yeni icra başçımız Ceyhun Cəfərov Vidadi müəllimin yarımçıq qoyduğu işləri uğurla davam etdirəcək. Rayonun bir gənc təmsilçisi kimi ondan gənclərə xüsusi diqqət və qayğı göstərməsini tələb edirəm. Çünki bu özlüyündə rayonun gələcək inkişafı deməkdir”.

Deputatların fəaliyyəti isə jurnalisti qane etməyib. “Açığını deyim onların yadda qalan əməllərini eşitməmişəm”.

“Tərtərdə təhsilin keyfiyyəti ürəkaçan deyil”

“Həftə-içi” qəzetinin əməkdaşı Təbriz Vəfalı deyir ki, müstəqilliyin ilkin dövrlərində - iqtisadi və siyasi gərginlik və elan olunmamış Qarabağ müharibəsi zamanı rayonda işsizliyin və yoxsulluğun səviyyəsi artmaqda idi.

“Çünki bir sıra müəssisələr öz fəaliyyətini maliyyə çatışmazlığı üzündən dondurmaq məcburiyyətində qalmışdılar. Üstəlik, sahibkarlığın inkişafı üçün normal şəraitin yaradılmaması, geniş imkanlara və bazarlara malik olmaması, yeni iş yerlərinin açılmaması və digər neqativ səbəblər ucbatından Tərtər rayonundan Bakı və Gəncə şəhərlərinə, ölkəmizin hüdudlarından kənara gedənlər çox oldu. Ancaq sonrakı illərdə ölkədə iqtisadi və siyasi sabitliyin yaranması ilə Tərtər rayonunda da həyat canlanmağa başladı”.

T.Vəfalı qeyd edib ki, son illərdə bir sıra yeni istehsal müəssisələrinin yaradılması, yeni iş yerlərinin açılması Tərtər rayonunun sosial-iqtisadi qüdrətini artırır. O hesab edir ki, inkişaf olan yerdə problemlərin mövcudluğu da normal qarşılanmalıdır.

“Bu baxımdan da Tərtər rayonunda uğurlarla yanaşı, problemlər də kifayət qədərdir. Məsələn, işsizliyin səviyyəsinin və yoxsulluğun həddinin azaldılmasında, yerli sahibkarların öz potensiallarından tamamilə istifadə edə bilmələrində, kənd təsərrüfatı məhsulları istehsalçılarının öz məhsullarını Bakı və region bazarlarına çıxarmalarında və başqa sahələrdə problemlər hələ də özünü büruzə verir. Tərtərin döyüş mövqeyində yerləşməsi, içməli su təminatında böyük rol oynayan Sərsəng Su Anbarının hələ də ermənilərin nəzarəti altında olması, bu rayonda məcburi köçkünlərin sayının çox olması və digər səbəblər inkişafı əngəlləyir. Ancaq ümidvaram ki, dövlət başçısı İlham Əliyevin səyləri və düşünülmüş siyasəti nəticəsində sadaladığımız problemlər zaman-zaman çözüləcək”.

Tərtərin aqrar rayon olduğunu deyən jurnalist bildirib ki, yerli əhalinin əsas dolanışıq mənbəyi kənd təsərrüfatı və heyvandarlıqdır.

Müsahibimiz rayonda qaz, işıq, su ilə bağlı problemlərin də mövcud olduğunu qeyd edib. O hesab edir ki, keçmiş SSRİ tarixə gömüldükdən sonra Azərbaycanın digər bölgələrində olduğu kimi Tərtər rayonunda da maliyyə çatışmazlığı üzündən bir sıra kommunal xidmətləri fəaliyyətində sönüklük yaranıb.

“Ümidvaram ki, «Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı»nın icrası və digər dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi nəticəsində qeyd etdiyimiz problemlər də öz həllini tapacaq”.

Təhsilə gəlincə, həmkarımız keçmiş SSRİ dövrü ilə müqayisədə rayonda onun səviyyəsinin bir o qədər ürəkaçan olmadığını bildirib.

“Müsbət nəticələr və uğurlar olsa da, ümumi baxış və ümumi statistik göstərici tərtərli kimi məni qane etmir. Bunun üçün kompleks tədbirlər həyata keçirilməlidir ki, həm müəllimlərdə, həm də şagirdlərdə həvəsləndirici və stimullaşdırıcı meyarlar yaransın.
Əgər maddi vəziyyəti normal deyilsə, aldığı əməkhaqqı ailəsini dolandırmağa yetmirsə, təhsil işçisində təhsilə, tədrisə, təlim-tərbiyə işlərinə marağı heç zaman yüksək olmayacaq və belə müəllimlər özlərində məsuliyyət hiss etməyəcəklər. Ona görə də bu məsələyə dövlət səviyyəsində baxılmalı və problemlər öz həllini tapmalıdır”.  

Təbriz Vəfalı rayonun səhiyyə sistemində də müəyyən problemlərin olduğunu qeyd edib.

“Amma Tərtər səhiyyəsindəki problemlərin çözüləcəyinə və əhaliyə tibbi xidmətin səviyyəsinin yüksələcəyinə əminəm”.

Jurnalist Tərtər rayonu İcra Hakimiyyətinin işindən razılıq edib. Deyib ki, təkcə icra başçısı deyil, icra aparatının məsul işçiləri də qəbul günlərində vətəndaşları qəbul edirlər.

“Bundan əlavə Tərtər Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciət, ərizə və şikayət məktublarına da baxılır. Bu proses hər il analoji olaraq davamlanır. Ancaq bununla belə qəbula gələn vətəndaşların problemlərinin həlli istiqamətində hansı addımların atılması barədə konkret fikir deyə bilmərəm”.

Deputatın fəaliyyətinə gəlincə isə T.Vəfalı onun fəaliyyətini mənfi qiymətlərndirib: “Adətən Milli Məclisə seçkilər ərəfəsində deputatlığa namizədliyini irəli sürmüş şəxslər seçicilərin səslərini qazanmaq üçün çoxsaylı vədlər verirlər. Ancaq millət vəkili seçildikdən sonra həmin vədlərin əksəriyyəti, yaxud hamısı elə vəd olaraq qalır, deputat rayon əhalisinin etimadını qazana bilmir”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi