Modern.az

Əmanətlərin tam sığortalanması müddəti uzadıldı - “Kompensasiya məbləği 100 minə qaldırılmalıdır”

Əmanətlərin tam sığortalanması müddəti uzadıldı - “Kompensasiya məbləği 100 minə qaldırılmalıdır”

İqtisadiyyat

6 Mart 2020, 17:24

Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası əmanətçilərin və kreditorların mənafelərinin daha etibarlı qorunması üçün “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun tətbiqini əlavə 9 ay müddətinə uzadılması barədə qərar qəbul edib.

 

Bu barədə Modern.az-a danışan iqtisadçı Samir Əliyev bildirib ki, hökumətin əmanətlərin tam sığortalamaq niyyəti ilə bağlı Mərkəzi Bankın açıqlaması gec olsa da, doğru addımdır:

 

“Yaxşı olardı ki, bu qərar ilin əvvəlindən veriləydi və əhali arasında panika yaşanmazdı. Bu ərəfədə kimlərsə əmanətlərini geri çəkməzdi. Eşitdiyimə görə, “Amrahbank”ın bir neçə əmanətçisi bu ərəfədə narahat olduğu üçün əmanətini geri çəkib. Amma statistikanı araşdırmamışam.

Ümumiyyətlə, Qanunun qüvvədə olması müddəti daha az müddətə - dekabra kimi uzadılacaq. Bu onu göstərir ki, hökumətin Qanunu uzatmaq niyyəti olmayıb və bu addım koronavirusun yaratdığı yeni situasiya ilə bağlıdır. Hazırda bu addımı dəstəkləsəm də, gələcəkdə sığorta mexanizminin təkmilləşdirilməsinə ehtiyac olduğu qənaətindəyəm. Həmçinin yeni parlament fəaliyyətə başladıqdan sonra hansısa dəyişikliklər edəcəyi gözlənilir”.

 

Ekspert qeyd edib ki, əmanətlərin tam sığortalanması əmanət bazarında təmərküzləşməni şərtləndirir:

 

“2017-2019-cu illərdə depozit bazarında 5 bankın bazar payı 69,6%-dən 71,2%-ə yüksəlib. Ona görə də kompensasiya məbləğinin 100 min manata qədər artırılması əsas dəyişiklikdən biri ola bilər”.

 

Xatırladaq ki, “Əmanətlərin tam sığortalanması haqqında” qanun 2016-cı il martın 4-dən qüvvəyə minmiş və müddət 2019-cu ildə yenidən 1 il uzadılmışdı.

  

Qeyd edək ki, yeni seçilmiş Milli Məclis fəaliyyətə başlayandan sonra Qanun layihəsi müvafiq qaydada qanunvericilik təşəbbüsü hüququna malik orqan tərəfindən parlamentin müzakirəsinə təqdim ediləcək.

 

Belə ki, cəlb olunduğu tarixə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan Fondun iştirakçı bankları tərəfindən tam sığortalanması müddətinin 04 mart 2020-ci il tarixindən 04 dekabr 2020-ci il tarixinədək uzadılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!