Modern.az

Mirmahmud Mirəlioğlu: “Bizim Müsavat Partiyasına heç vaxt ehtiyacımız yoxdur”-MÜSAHİBƏ

Mirmahmud Mirəlioğlu: “Bizim Müsavat Partiyasına heç vaxt ehtiyacımız yoxdur”-MÜSAHİBƏ

14 Aprel 2012, 16:28

“Hakimiyyətin bölgüsü belədir: göydən üç alma düşdü, biri mənim, biri özümün, biri də nağıl danışanın"

Modern.az Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu ilə müsanibəni təqdim edir.

- Mirmahmud bəy, hazırki dönəmdə müxalifət partiyaları arasında olan əlaqələri necə qiymətləndirirsiniz?

- Əlaqələr necə varsa, elə qiymətləndirirəm. Bu gün müxalifətdaxili əməkdaşlıq istənilən səviyyədə deyil. Bunu hər kəs bilir. Əlbəttə, mənim üçün hazırki durum qaneedici dərəcədə deyil.

-Siz İctimai Palatanın mitinqlərinə qoşulmayacağınızı bəyan etdiniz. Nə üçün bu mitinqlərə qoşulmursunuz? Bunun əsas səbəbi nədir?

- Hesab edirəm ki, mətbuatın bu məsələyə bu cür yanaşması doğru deyil. Təsəvvür edin, siz bir rəhbərlikdə varsınız. Sizin yanınızda olan insan gedib hardansa sizə müraciət edir. Necə qarşılayarsınız onu? Bundan artıq heç nə demək istəmirəm.

- Mirmahmud bəy, bir zamanlar sizin Liberal Partiyası ilə yeni siyasi birlik yaradacağınız gündəmdə idi. Lakin liberallar sizinlə əlaqələrin kəsildiyini rəsmən bəyan etdi. Bu haqda nə deyə bilərsiniz?

- Bununla bağlı kifayət qədər açıqlama verilib. Burada da məsələ belədir ki, Liberal Partiyası və onun rəhbəri yeni yaradılacaq təşkilatda iştirak edən partiyaya Vətəndan və İnkişaf Partiyasına (VİP) və KXCP-yə veto verilməsini təklif edirdi. Bu da hərəkat üçün uğurlu variant deyildi. Bununla da məsələ bitdi. Onlar nə istəyirlər desinlər. Onsuz da məsələ bitdi. Həmin birliyə  yeni gələn partiyalardan fərqli olaraq əvvəl qoşulanların veto hüququ olurdu. Bizə də bunu doğru saymadıq. Başqa kim nə deyir-desin. Əsas səbəb budur.

- Yaxın gələcəkdə bu əlaqələr yenidən bərpa oluna bilərmi?

- Yaxın gələcək bizdən aslı olan məsələ deyil. Gələcək zaman özünün şərtlərini diqtə edəcək. Onda da nə etmək lazımdırsa, o da ediləcək.

-Bir zamanlar Müsavat Partiyası ilə münasibətləriniz çox yaxın idi. Nədənsə son proseslərdə münasibətlərin əvvəki kimi yaxın olmadığı görünür. Nə üçün aranız dəydi?

- Hər halda bunu məndən yox, adını çəkdiyiniz partiyadan soruşsanız, daha yaxşı olar. Hesab edirəm ki, bu məsələdə önəmli mövqe əsas səbəbkardadır. Onlar açıqlasınlar, desinlər ki, niyə belə oldu. Çünki, biz onları müdafiə edirdik. Onların müdafiəsinə bizim ehtitacımız yoxdur. Soruşun onlardan ki,  birdən-birə niyə belə oldu.

- “Siyasi partiyalar haqqında” qanun layihəsinə münasibətiniz necədir?

- Bu qanun layihəsi ilə bir neçə ay öncədən tanışıq. Hesab edirik ki, heç bir dəyişiklik olmadan təqdim olunur. Uğursuz bir layihədir. Burada heç kəsin fikirləri nəzərə alınmayıb. Bu bir partiyanın boyuna biçilmiş bir qanundur. Bu da uzun müddət fəaliyyət göstərə bilməz. Görürsünüz nə qədər bəyənməsələr də, 1992-ci ildə qəbul olunan qanunla 20 il işlədilər. İndiki layihə sırf Yeni Azərbaycan Partiyası üçün nəzərdə tutulan bir layihədir. Venetsiya komissiyasının təklifləri nəzərə alınmayıb bu layihədə. Azərbaycanın daxilində olan siyasi partiyaların mövqeyini nəzərə alınmayan layihəni bizim tərəfimizdən qəbul etmək doğru deyil. Yəqin ki, deputatlar bu qanunu qəbul edəcəklər. Bu Azərbaycana, çağdaş duruma layiq olmayan bir qanun layihəsidir.

- Partiyaların maliyyələşşdirilməsi məsələsi daha çox diqqət çəkən məqamlardandır. Sizin bu məsələyə münasibətiniz necədir?

- Partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi bir nömrəli məsələdir. Bu mütləq olmalıdır. Ölkədə fəaliyyət göstərən siyasi partiyalar dövlət bödcəsindən maliyyələşməlidir. Amma bu layihədəki kimi yox. Bu da məşhur nağıldakı bir sonluğa oxşayır. Necə ki sonluqda deyilir ki, göydən üç alma düşdü, biri mənim, biri özümün, biri də nağıl danışanın. Yəni bizdə də bölgü belə aparılır.

- Yeni layihədə partiyaların qeydiyyatında bir limit təyin olunub. Sizin partiya necə, 5 min üzv toplayıb qeydiyyatdan keçə biləcəkmi?

- Bundan kimsə narahat olmasın. Mən düşünürəm ki, burda narahatçlığa əsas yoxdur. Biz 2007-ci ilin yanvar ayında qeydə alınmışıq. O zaman tələb olunan limitdən bir neçə dəfə artıq imza təqdim eləmişdik. Bu limit o partiyalar üçün narahatçılıq yarada bilər ki, onların sosial bazaları zəifdir. Bizim isə belə problemimiz yoxdur. Hər yerdə bu kimi məsələlər sadələşdirilməyə getdiyi dövrdə bizdə bu daha da qəlizləşdirilir. Mən hesab edirəm ki, müxalifət partiyaları bu və ya digər məsələlərlə bağlı bir araya gəlib müzakirələr aparacaqlar.

-Yaxın gələcəkdə siz necə, mitinq etmək barədə düşünürsünüzmü?

- Bizim birliyin qərarı var. Bu istiqamətdə işlərimiz gedir. Mitinq xatirinə mitinq yox, əslində kütləvi aksiya keçirilməməlidir. Aksiya sırf partiyaların aksiyası olmamalıdır. Kütləviliyi təmin eləmək lazımdır. Birinci sualınıza cavab olaraq deyim ki, nə dərəcə doğrudur ki, keçən dəfə də Hacıbala Abutalıbov həmin ərazini vermişdi. Amma getmədilər. Gör nə qədər adam həbs olundu. Bu adamların ailəsi var, uşağı var, yazıq deyil onlara? Nə oldu bunun üstündən bir il keçən kimi həmin yerə getdilər? Bunun məsuliyyətini daşıyan varmı? Mitinq xatirinə mitinq yox, kütləvi aksiya keçirmək lazımdır ki, nəticəsi də olsun.

Anar RÜSTƏMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır