Modern.az

Baxın, gənclər sosial şəbəkələrdə tanış olub evlənməyə necə yanaşırlar - SORĞU

Baxın, gənclər sosial şəbəkələrdə tanış olub evlənməyə necə yanaşırlar - SORĞU

16 Aprel 2012, 11:42

Bu gün gənclərin böyük əksəriyyəti sosial şəbəkələrdən istifadə edir. Hətta sosial şəbəkələrdən istifadə elə bir həddə çatıb ki, bəziləri onun xəstəsinə çevrilib və həyatını onlarsız təsəvvür etmək istəmir. Facebook, Twitter, Odnoklassniki.ru, Vkontakte.ru və digər sosial şəbəkələrdə saatlarla oturan gənclər çoxalıb. İndi bu şəbəkələr vasitəsilə tanış olub ailə quran gənclər də var. Azərbaycanda xeyli belə ailə göstərmək olar. Bəs gənclər sosial şəbəkələr vasitəsilə ailə qurmağa necə baxırlar?

Modern.az saytının əməkdaşı bu sualla gənclərə müraciət edib.

Gənc jurnalist Elkin Xəlilov:

- İnternet həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Nə qədər ondan qaçmaq istəsək də, hazırda bu mükün deyil. İnternet bir çox işlərimizi asanlaşdırdığı kimi, həyatımızda da bəzi dəyişikliklərin yaranmasına səbəb olub. Bir gənc olaraq internetdə tanış olub evlənən cütlüklərə çox yaxşı baxıram. Bu normal bir haldır. Çünki internet insanların kompleksiz olmasına çox kömək edir. Bunun üçün də insanlar kompleksiz ailə həyatı qururlar. Amma bəziləri də var ki, sırf internetdə özlərini gizlədə bilirlər. Yəni istər xarici görkəmində olsun, istərsə də danışıqlarında. Buna görə də bəzi insanlar interet evliliyinə yaxşı yanaşmırlar. Sosial şəbəkədə tanış olub ailə həyatı qurmaq normal bir haldır. Bunu pis qarşılamaq heç də düzgün deyil.

Azərbaycan İctimai-Siyasi Universitetinin tələbəsi Günel Manafova:

- Bu normal haldır. Burada mənfi qarşılanacaq heç bir hərəkət görmürəm. İnsanlar bir-biri ilə tanış olur və ailə həyatı qurur. Bəzi adamlar bunu çox mənfi qarşılayır. Amma bu onların  savadsızlığı və acizliyindən irəli gəlir. Artıq 21-ci əsrdi və belə hallar normal qarşılanmalıdır.

Təfəkkür Universitetinin tələbəsi Azər Dəmirli:

- Bu məsələyə münasibətim birmənalı olaraq pisdi. İnternet artıq ailəmizə də daxil olub. Ailə düşüncəmdə ən müqəddsə bir varlıqdır. Sosial şəbəkə ailə qurmaq üçün süni bir vasitədir. İnsanların internet qarşısında ailə həyatı qurması bizə yaraşmır. Bunu qəbul etmək olmaz.

Dövlət İqtisad Universitetinin tələbəsi Aysel Qəniyeva:

- Bunun bizim cəmiyyətdə normal qarşılanmayan tərəfləri olsa da, sosial şəbəkədə tanışlığa normal baxıram. Ən azından oğlanla qızın həyatdakı ilk görüşündən fərqlənir. Burada aylarla danışıb bir-birini görmədən xarakterinə bələd olmaq və əks tərəfi tanımaq olur. Sosial şəbəkədə tanış olmaqda qəbahət heç nə yoxdu. Çox olub sosial şəbəkələrdə tanış olub ailə həyatı quranlar.

Tələbə Daşqın Əliyev:

- Bunu çox normal qarşılayıram. Yəni küçədə, metroda, məktəbdə, universitetdə olan tanışlıqdan heç bir fərqi yoxdu. Əsas olan tanışlıqdı. Əgər gənclər bir-birini sevirsə, burada mənfi bir şey yoxdu. Yaşlı nəsil buna normal baxmasa da, bu hallar var. Bu halların olmasına bir gənc kimi əla baxıram. Bunu inkar etməyin bir adı var ki, o da sadəcə geridəqalmışlıqdı. Biraz diqqətli olsaq,  görəcəyik ki, burada heç bir anormallıq yoxdu. Əgər sosial şəbəkədə tanış olan iki gənc normal ailə qura bilirsə, buna mane olmağın nə mənası var?

Xəzər Universitetinin tələbəsi Ellada Nəzərli:

- Buna normal baxsam da, bu hal bizim cəmiyyət üçün deyil. Gənclər bir-birlərini başa düşüb sevir, lakin bunu ailələrinə deyə bilmirlər. Orta nəsil buna normal baxmır. Hər şey səmimiyyətdən doğur. Əgər həqiqətəndə bir-birilərini başa düşürlərsə niyə də olmasın?

ADBTİA-nın tələbəsi Səid Gəncəli:

-Ümumiyyətlə hal hazırki dövrdə demək olarki çox sahədə inkişaf sürətlə gedir. İnsanların daha rahat, əlverişli, məqsədəuyğun istifadə edə biləcəyi yeniliklər ixtira edilir. Bu günümüzdə sosial şəbəkənin rolu əvəzsizdir. Düzdür özünə məxsus mənfi cəhətləri də var, lakin baxır kim necə və  hansı dərəcədə istifadə edir. Burada müxtəlif fikirli, məqsədli insanlar var. Lakin ciddi tanışlıq, sağlam münasibət, sevgi axtaranlar da az deyil. Bu cür insanların əksəriyyəti real həyatda istədiyini ala bilməyən, özünə qapalı, çəkinən insanlardı. Onlarda müasir dövrün yaratdığı asan, geniş imkandan istifadə edir. İndiki vaxtda sosial şəbəkədə tanış olub ailə həyatı quranlara pis baxmıram. Yəni misal çəkdiyim insanlardı əksəriyyəti, çarəsiz, tənha, özünə qapalı olanlardır. Onların burda öz istəklərinə qovuşması, ailə sevinci, xoşbəxtlik tapması pis hal deyil. Bu cür ünsiyyət, tanışlıq saytları dünya miqyasında öz sözün deyib. İnsanı tanımaq üçün müəyyən qədər açıq və əlverişlidi.

Tələbə Vəzuhə Vəliyeva:

- Bu çox pis bir haldır. Bizim ölkədə nadir hallarda olar belə ailə qurmaq. Sosial şəbəkədə tanış olub ailə həyatı qurmaq bizim ölkə üçün deyil. Mən bunu yaxşı qarşılamıram.

Psixologiya və Konsultasiya Mərkəzində Art terapiya və Qrafologiya (yazılarda insan xarakterinin müəyyən edilməsi) üzrə təlimlər və fərdi konsultasiyalar mütəxəssisi

Elnarə Baxışlı sosial şəbəkələrdə tanış olub ailə həyatı qurmağa belə yanaşır:

“Texnikanın və ünsiyyət vasitələrinin inkişafı nəticəsində insanlar arasında münasibətlərin yeni forması yaranır. Əvvəl telefon yeni çıxanda insanlar onun vasitəsilə bir-biri ilə tanış olurdu. Bunun müqabilində də ailə həyatıda qurulurdu.  Eyni zamanda indi də Facebook və digər sosial şəbəkələr vasitəsilə insanlar arasında müəyyən əlaqələr yaranır, münasibət düzəlir və ailə həyatı qurulur. Bu sadəcə olaraq vasitədi. İnsan ünsiyyət vasitəsi olaraq hər zaman  dilindən, nitqindən istifadə edib və zaman inkişaf etdikcə bu ünsiyyət vasitələri daha çox fərqlənib. Daha çox vizuallaşmağa və audiolaşmağa başlayıb. Telefon vasitəsi audiol ünsiyyət idi. Yəni insanlar bir-birinin üzünü görmədən ünsiyyət qururdular, bir-birilərin tanıyırdılar, birinin səsi digərinə xoş gəlirdi, sonra görüş təyin edirdilər və münasibət davam edirdisə, bu ailə həyatının qurulması ilə bitirdi. İndi bu formanın dəyişməsi o demək deyil ki, burda nə isə normativlər pozulur. Hər bir halda insan hansısa yollarla əks tərəfini, həyatının gözlədiyi bir insanı müəyyən ünsiyyət qurub axtarmağa cəhd edəcək”.

Psixoloq sosial şəbəkələrin boşanmaya səbəb olmadığını bildirir:

“Nikahın nəticələrindən sonra boşanmaların olub-olmaması məsəsləsinə Facebook və hansısa internet vasitələrinin heç bir təsiri yoxdu. Hazırda boşanmaların yaranmasının səbəbi Facebook və digər şəbəkələr deyil. Bu vasitə ilə onlar tanış olur, bir-birini tanıyırlar. Ancaq ailənin sonradan qurulması və dağılması məsələsi tərəf müqabillərinin gözləntiləri ilə bağlıdır”.

Qeyd edək ki, bu il Amerikada yekunlaşdırılan bir araşdırmaya görə, boşanma məhkəmələrində ən əhəmiyyətli dəlillərdən biri kimi Facebook göstərilir. Daha dəqiq desək, məhkəmədə tərəflər bir-birini Facebook-a yüklədiyi şəkillər və bu şəkillərə yazılan rəylərə görə ittiham edirlər. ABŞ Ailə Vəkilləri Akademiyasının apardığı bu araşdırmaya görə, sosial şəbəkələrə görə ailələrin 66%-nin Facebook, 15%-nin MySpace, 5%-nin isə Twitter mesajları səbəbindən dağıldığı məlum olub. Amerikalı vəkillərin 81%-i son beş ildə məhkəmələrdə əsas dəlillərin sosial şəbəkələrdəki rəsm və mesajlar olduğunu bildirib.
Həmçinin vəkillər bildiriblər ki, müvəkkillərə ilk növbədə Facebook hesablarını bağlamağı məsləhət görürlər. Bizə cəlbedici və üstün cəmiyyət kimi görünən Amerikada belə, sosial şəbəkələr bu cür problemlər yaradır.

Anar Kəlbiyev

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır