Modern.az

“Qarabağ” məktəbinin müəllimi: Ümumavropa Qarabağ mitinqi milli birliyimizin nümunəsi idi

“Qarabağ” məktəbinin müəllimi: Ümumavropa Qarabağ mitinqi milli birliyimizin nümunəsi idi

10 Mart 2020, 16:55

Polşada 3 ildir ki, yaşayan azərbaycanlı Fizzə Haqverdizadə qısa müddətdə yerli cəmiyyətə inteqrasiya etməyi bacarıb. Modern.az xəbər verir ki, həmvətənimiz Polşadakı iki ali məktəbdə - Vistula Universiteti, eyni zamanda Varşava Maliyyə və Menecment Universitetində ingilis dilini tədris edir. Bununla yanaşı, diaspor fəaliyyətində aktiv iştirak edən Fizzə xanım Varşavadakı “Qarabağ” məktəbinin müəllimidir, balaca soydaşlarımıza Azərbaycanı daha yaxından tanıdır, dilimizi, tariximizi, mədəniyyətimizi, dəyərlərimizi onlara aşılayır...

 

 

-Fizzə xanım, özünüz haqqında məlumat verərdiniz...

-Bakı şəhərində anadan olmuşam. Təhsilim barədə uzun-uzun danışa bilərəm, çünki həyatımın böyük bir hissəsini təşkil edir. İngilis dili filologiyası üzrə bakalavr və birinci magistr dərəcəmi Azərbaycanda tamamladım sonra isə Varşava Dövlət Universitetində ikinci magistratura təhsilimi aldım. İkinci magistr ixtisasım isə Beynəlxalq Biznesin İdarəedilməsidir. Qeyd edim ki, Varşava Dövlət Universitetinin sırf bu fakültəsi Avropa üzrə reytinqlərdə ikinci sıradadır. İş təcrübəmin böyük hissəsini ingilis dili müəllimliyi peşəsi tutur ki, hazırda da bu sahədə işləyirəm - Varşavada iki özəl universitetdə dərs deyirəm.

 

 

- Polşa köçməyiniz təhsilinizlə bağlı olub?

- Düzü, mən öz təhsilimi ABŞ-da davam etdirmək istəyirdim və artıq doktorantura üçün müraciət edib, qəbul almışdım, amma ailə həyatı qurmağımla əlaqədar Polşanı seçdim və bura gəldim, 2017-ci ildən Varşavada yaşayıram.

 

 

- Polşaya adaptasiya prosesiniz neçə keçdi?

- Düzünü desəm, mənim üçün adaptasiya mərhələsi elə də çətin olmadı. Hətta bura gəldikdən bir ay sonra hazırda işlədiyim universitetdən iş təklifi aldım. Mənə elə gəlir ki, qısa müddət ərzində iş təklifi almağım və öz ixtisasım üzrə işləməyə başlamağım adaptasiya dövrünü maksimum dərəcədə qısaltdı. Düzdür, həm təhsil almaq, həm də işləmək çətin idi, amma mən artıq bu çətin qrafikə Bakıdan öyrənmişdim. Bakıda da təhsil aldığım müddətdə öncə Fizika-Riyaziyyat təmayüllü liseydə sonra isə Bakı Slavyan Universitetində işləmişəm.

 

 

-Diaspor fəaliyyətinə necə başladınız?

- Diaspor işinə gəldiyim gündən başlamışam deyə bilərəm. Yanvarın 15-də Polşaya gəldim, həmin ərəfədə həyat yoldaşım – Varşava Azərbaycanlıları Birliyinin rəhbəri Rəsul Məmmədov 20 Yanvar hadisələri ilə əlaqədar tədbirlərə hazırlaşırdı və polyak ictimaiyyətinə tariximizi ən düzgün, effektiv şəkildə necə çatdıra biləcəyini planlayırdı. Beləliklə, diaspor işinə ilk dəfə 20 Yanvar həqiqətlərini polyak ictimaiyyətinə çatdırmaqla başladım. Bundan sonra müxtəlif tədbirlər keçirdik, Novruz bayramında milli rəqslərimizi hazırladıq və təqdim etdik, turizm sərgisi təşkil etdik və s. və i.

 

 

- Belə bir fikirn var ki, diaspor işi könül işidir, siz necə düşünürsüz?

- Diaspor işi əlbəttə ki, könül işidir. Vətənin tarixi həqiqətlərini, milli-mədəni dəyərlərini könül vermədən təbliğ etmək sadəcə olaraq qeyri-mümkündür. Qanlı və şanlı tarixini, milli-mədəni dəyərlərini, Qarabağ həqiqətlərini maddiyyat güdərək necə etmək mümkündür? Hər kəs bu işdə könüllü olmalıdır ki, vətənimizi təbliğ edək. Vətənə zərbə vurmağa heç kim, heç vaxt haqq qazandıra bilməz və bu bağışlanılmaz bir şeydir.

Təəssüf ki, diaspor işini rəsmi dövlət işi kimi görən və daim müəyyən məsələlərin təşkili üçün dövlətdən dəstək gözləyən müəyyən insanlar da var. Halbuki, qeyd etdiyimiz kimi, diaspor işi könül işidir. Sən, mən, o birləşib Azərbaycan diasporunu formalaşdırırıq və hər kəs öz bacarığı çərçivəsində tarixi həqiqətlərimizi, milli-mədəni dəyərlərimizi dünyaya çatdırır. Bunu anlamayan bəzi insanlarımız tədbirlərə qoşulmur və ya heç bir iş görmür, iş görənləri isə tənqid edir. Tənqid daim olmalıdır, amma dediyim kimi diaspor işi könül işidir, gərəkdir ki, hər bir azərbaycanlı bu məsələdə bir olsun, dəstək olsun.

 

 

-Siz həm də “Qarabağ” həftəsonu məktəbinin müəllimisiz. Buradakı azərbaycanlı uşaqlarla bağlı fikirlərinizi bilmək istərdik. Onların böyüyüb xalqımızın və dövlətimizin maraqlarını yaşadıqları ölkədə müdafiə edə bilməsi üçün indidən nələri aşılamaq lazımdır?

- Uşaqlar ağ səhifədir, indidən bu səhifəyə nə yazsan, onu biləcək və həqiqət sanacaq. Biz maksimum dərəcədə çalışmalıyıq ki, uşaqlarımız bəddüşüncəli insanların təsirinə düşməsin. Əlimizdən gələni etməliyik ki, övladlarımız tariximizi, dəyərlərimizi, həqiqətlərimizi bilsin və bunları gələcəkdə vətəndaşı olduqları, yaşadıqları ölkələrdə təbliğ etsinlər.

 

 

- Polşadakı Azərbaycan diasporunun fəaliyyətini necə dəyərləndirərdiniz?

 

- Deyə bilərəm ki, gündən-günə inkişaf var, xüsusi ilə son illər ərzində silsilə tədbirlər keçirilir. Mən xüsusi olaraq bizim təşkilatın – Varşava Azərbaycanlıları Birliyinin də təmsil olunduğu Koordinasiya Şurasının əhəmiyyətini qeyd etmək istərdim. Belə bir Şuranın yaradılması təşkilatların birliyini möhkəmləndirdi, onlar artıq birlikdə hərəkət edir, birgə tədbirlər keçirir və tək güc olaraq düşmənə zərbə endirilir.

 

 

- Son illər Polşada azərbaycanlıların sayının sürətlə artması da bu prosesə öz təsirini göstərə bilərmi?

- Təbii ki, ən əsası milli birliyimizin olmasıdır. Milli birliyimiz olarsa şübhəsiz ki, qarşımızda heç kim dayana bilməz və öz həqiqətlərimizi dünya ictimaiyyətinə çatdıra bilərik. Polşadakı azərbaycanlılar arasında ciddi fikir ayrılığı yoxdur və milli mənafeyimizin qorunmasında birgə addımlayır, bir-birinə dəstək olurlar. Məsələn, bu yaxınlarda Berlin şəhərində baş tutmuş Ümumavropa Qarabağ Mitinqinə Polşadan kifayət qədər azərbaycanlı qoşuldu. Mən deyərdim ki, bu mitinq son illər aparılan siyasətin nəticəsi olaraq millii birliyimizin bariz nümunəsi idi.

 

 

- Diasporumuzun fəaliyyətini gücləndirmək, ölkəmizi Polşada tanıtmaq üçün hansı işləri görmək lazımdır?

 

- Az öncə də qeyd etdiyim kimi ən əsası milli birlikdir. Əgər hər bir azərbaycanlı vətənimizi təbliğ etmək yolunda bacardığını etsə, ən azından oxuduğu universitetdə, işlədiyi müəssisədə çevrəsindəkilərə Azərbaycan haqqında danışsa bu özü böyük bir işdir. Məhz Polşa barədə danışsaq, polyak xalqı Azərbaycan və onun tarixi haqqında artıq kifayət qədər məlumatlıdır, amma bu o demək deyil ki, biz işi dayandırmalıyıq. Çünki bədnam qonşularımız bir saniyə belə dayanmır və əks-təbliğat aparır. Onlar daim tanıdıqları polyaklara öz yalanlarını doğru kimi danışır, polyakların düşüncəsində şübhələr yaratmağa çalışsa da bu hal üstünlük təşkil etmir. Belə ki, bir çox polyak ölkəmizin həqiqətlərini yaxşı bilir, hətta bəzi dostlarımız könüllü şəkildə bizimlə bərabər Azərbaycanı təbliğ edirlər. Bu dostları bir neçə dəfə Azərbaycana da dəvət etmişik, qonaqpərvərliyimizdən, paytaxtımızın gözəlliyindən, insanların səmimiliyindən çox məmnun qalıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir